SON XƏBƏR

Əli Həsənov: Tərtərdə məcbur köçkünlər üçün inşa edilən böyük qəsəbə yaxın aylarda istifadəyə veriləcək

Aprel 21
14:58 2017
Tərtərdə məcbur köçkünlər üçün inşa edilən böyük qəsəbə yaxın aylarda istifadəyə veriləcək.

Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qurumun cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib. /Trend/
 
Baş nazirin müavini bildirib ki, bu il məcburi köçkünlər üçün yeni binalar tikilir, qəsəbələr salınır: "Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən dövlətimizin başçısının da vurğuladığı kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcək".
 
Artıq cənab Prezidentin və Birinci vitse-prezidentin tapşırıqlarına əsasən bu istiqamətdə işlərə başlandığını, bunlarla bağlı hərtərəfli müzakirələr aparıldığını diqqətə çatdıran Ə.Həsənov deyib ki, ilkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınmış məhəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli binalar inşa olunur. Eyni zamanda Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir.
 
Baş nazirin müavini, xüsusilə cənab Prezidentin yanvarın 24-də imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncamını ölkəmizin həyatında tarixi hadisə kimi dəyərləndirib. Cocuq Mərcanlının bərpasını "Böyük Qayıdışın başlanğıcı" adlandıran Ə.Həsənov Nazirlər Kabinetinin son iclasındakı çıxışında cənab Prezidentin də bu tarixi hadisəyə xüsusi önəm verdiyini diqqətə çatdıraraq bildirib ki, hazırda kənddə aparılan bərpa işləri, dövlət başçısının müvafiq sərəncamına uyğun kəndə yol çəkilişi, həmçinin Şuşa məscidinə oxşar məscidin tikintisi və digər işlər cənab Prezidentin tapşırığı və nəzarəti altında həyata keçirilir: "Ən başlıcası isə dövlətimizin başçısının uğurlu ideoloji siyasətinin nəticəsidir ki, artıq bütün dünya Cocuq Mərcanlı kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan torpağı olması barədə tam məlumatlıdır ki, bunlar da olduqca mühüm önəm daşıyır".
 
Kollegiya iclasında, həmçinin Azərbaycan Prezidentinin 23 yanvar 2017-ci il tarixdə imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmanı və həmin fərmana dəyişikliklər edilməsi barədə dövlət başçısının 14 fevral 2017-ci il tarixli fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun həyata keçirilən və nəzərdə tutulan tədbirlər və digər məsələlər də müzakirə olunub.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook