SON XƏBƏR

Əli Həsənov İstanbulda zirvə toplantısında

Fevral 07
02:02 2019
Fevralın 6-da İstanbul şəhərində XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan hər il olduğu kimi, geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri daxildir.

Qlobal.Az AzərTac-a istinadən xəbər verir ki, toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər. Builki tədbir "Gələcək üçün məsuliyyət” devizi altında keçirilir.

İki gün davam edəcək toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular diqqət mərkəzindədir.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib.

Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb.

Zirvə toplantısının açılışında Əli Həsənov dövlət başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.

Məktubda bildirilir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin ənənəvi olaraq hər il təşkil etdiyi belə toplantılar Avrasiya regionunun dayanıqlı inkişafına, dövlətlər və xalqlar arasında dostluq və etimad mühitinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Avrasiyada qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, hər bir ölkənin təbii və iqtisadi potensialının, kommunikasiya imkanlarının xalqlarımızın mənafeyi naminə məqsədyönlü şəkildə istifadə olunması siyasətinə sadiqdir. Biz daim bölgənin inkişafı üçün daha əlverişli zəmin yaradan mütərəqqi ideyaları, nəhəng enerji və nəqliyyat layihələrini dəstəkləyir, bu istiqamətdə region dövlətləri, o cümlədən qardaş Türkiyə ilə birgə çalışırıq. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun, ötən il isə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi, eləcə də İzmirdə "STAR” neft emalı zavodunun açılması çoxşaxəli müştərək fəaliyyətimizin möhtəşəm nəticələrini əyani şəkildə nümayiş etdirir.

Qeyd edilir ki, Azərbaycan təhlükəsizlik, humanitar inkişaf, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə də bölgə dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatlarda yaxından əməkdaşlıq edir. Bununla belə, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları və işğalçılıq siyasətinə görə indiyədək həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi regionumuzun rifahı və əmin-amanlığına yönəlmiş səylərə çox ciddi təhdidlər törədir. Tamamilə aydındır ki, bu münaqişə beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilmədən bölgənin davamlı inkişafı və təhlükəsizliyinin təmin olunması mümkün deyil.

Zirvə toplantısı fevralın 7-də işini davam etdirəcək.
 
Qlobal.Az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook