Əli Əhmədov: Müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir
Avqust 28
12:22
2019
"Son günlərdə mühacir müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meyl özünü aydın şəkildə göstərməyə başlayıb. Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb. Sözügedən müxalifətin siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaq, Azərbaycana qarşı birgə mübarizə aparmaq taktikası yeni deyil”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün "Facebook” səhifəsində paylaşıb.
Əli Əhmədov bildirib ki, təxminən 15 il bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənclər şöbəsinin sədri və Əli Kərimlinin ən yaxın çevrəsinə daxil olan Ruslan Bəşirlinin Azərbaycan hakimiyyətinə qarşı birgə fəaliyyət göstərmək məqsədilə Tiflisdə ermənilərlə danışıqlar aparması, maliyyə yardımı istəməsi barədə söhbətləri yəqin ki, çoxlarınin yadındadır. O zaman bu iyrənc plan ifşa edildi, AXCP-nin əsl anti-Azərbaycan mahiyyəti üzə çıxdı. İndi onlar anti-Azərbaycan kampaniyasında erməni faktorundan yenidən gen-bol istifadə etməyə başlayıblar. Xüsusilə də mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir.
Hətta onlar Ermənistanın "demokratik”, "tərəqqidə olan”, "Azərbaycandan daha üstün” ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər. Belə yalanlardan biri bundan ibarətdir ki, güya Ermənistan parlamentində müxalifətə 30 faizlik kvota verilib, Azərbaycanda isə bu təcrübə yoxdur. Beləliklə, onların yalanları sayəsində Ermənistanın güya daha demokratik imici "yaradılır”. Əvvəla, onlar ya başa düşmür, ya da başa düşmək istəmirlər ki, parlamentdə müxalifətə və ya digər siyasi partiyalara kvota verilməsi demokratiya anlayışı ilə qətiyyən bir araya sığmır. Çünki bu halda deputatların seçilməsindən deyil, kvotaya uyğun olaraq təyin olunmasından söhbət gedə bilər. İkincisi isə, mühacir müxalifətin Ermənistanı daha "demokratik” ölkə qismində göstərmək üçün bəh-bəhlə təriflədiyi "kvota” məsələsi tamamilə ağ yalan, uydurmadır. Ermənistan konstitusiyasına əsasən parlamentdə kvota praktikası tətbiq olunmur. Ümumiyyətlə, heç bir demokratik dövlətdə belə praktika yoxdur.
"Qeyd etmək istədiyim digər nümunə isə müxalifətə yuxarıda qeyd olunanlardan heç də az utanc gətirmir. Yenə də mühacir müxalifət internet TV-də Ermənistanın baş nazirinin daha "demokratik” obrazını yaratmaq məqsədilə Paşinyanın Dağlıq Qarabağa qeyri-qanuni səfəri zamanı keçmiş prezident Serj Sarkisyanın onu müşayiət etməsi milli birlik naminə atılan "möhtəşəm” jest kimi qiymətləndirilir. Lakin həmin jest sahibinin digər keçmiş prezident Koçaryanı həbsə atdırması barədə söhbət açılmır. Səbəbi isə çox sadədir: bu onların uydurduğu "demokratik, milli birliyi təmin olunmuş” Ermənistan obrazına, başqa sözlə desək, işğalçını tərifləmək taktikasına uyğun gəlmir.