SON XƏBƏR

Əli Əhmədov: Hədəfimiz odur ki, daha çox qadın sahibkarlığa cəlb olunsun

Noyabr 15
14:20 2018
Hədəfimiz ondan ibarətdir ki, qadınlarımız kiçik və orta sahibkarlıqla daha cəsarətlə, daha qətiyyətlə məşğul olsunlar, daha çox qadın sahibkarlıq sahəsinə cəlb olunsun. Bununla da Azərbaycan qadınları ölkə iqtisadiyyatına öz töhfəsini versinlər.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” ilə birgə Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr olunmuş "Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq!” adlı ilk konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadın fəallığı ictimai tərəqqinin ən vacib indikatorlarından biridir: "Harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var. Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir, ictimai rəydə iştirak edir. Azərbaycan qadınlarının məşğulluq səviyyəsi bir sıra sahələrdə yüksəkdir. Təhsil, səhiyyə sahəsində qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən üstündürlər. Biz bütün sahələrdə qadın və kişilərin bərabər təmsil olunmasını istəyirik və bunu təşviq edirik. Bu mənada qadınların sahibkarlıq sahəsində iştirakçılığının artması bizim həyata keçirdiyimiz siyasətlərdən biridir".

Əli Əhmədov qeyd edib ki, azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına qayğı göstərilməsi Azərbaycan dövlətinin diqqət etdiyi məsələlərdən biridir. Bu sahədə Azərbaycan Qadın Sahibkarlığı Assosiasiyası böyük işlər görüb, müəyyən nailiyyətlər əldə edə bilib: "Azərbaycan hökuməti kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət göstərir. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi işlər görür və lazımi vəsait ayrılır. Bundan sonra da Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq".

Əli Əhmədov əlavə edib ki, Azərbaycan qadınları əmək sferasının ən fəal iştirakçılarıdırlar.

Baş nazirin müavini hesab edir ki, qadınlar kiçik və orta sahibkarlığın inkişafına böyük töhfə verməklə Azərbaycanda məşğulluq səviyyəsini də yüksəltmiş olurlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook