SON XƏBƏR

Əli Əhmədov: "Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğunu dünyanın hər bir yerində bilirlər"

May 14
13:35 2019
"Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı ciddi kampaniyanı aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər. Bu bəhanələrin sırasında dayananlardan biri idman yarışlarıdır". Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu, birinci dəfə deyil: "Azərbaycanda heç də siyasi kampaniya xarakteri daşımayan çox müxtəlif mötəbər tədbirlər keçirilən zaman ölkəyə qarşı fəaliyyət göstərən qüvvələr hərəkətə keçir və Azərbaycanın imicinin üzərinə kölgə salmağa çalışır. Bu, ölkəmizin dünyada artan nüfuzunun, onun yerinin və əhəmiyyətinin bilavasitə nəticəsidir".

O qeyd edib ki, Azərbaycanı sevməyən, ölkəyə qarşı kampaniya aparan qüvvələr ölkənin nüfuzunun artmasından narahatlıq hissi keçirir və çirkin əməllərindən qalmırlar: "Təbii ki, burada erməni lobbisinin çirkli fəaliyyətini qeyd etmək lazımdır. Əlbəttə ki, onlar Azərbaycanın yüksələn nüfuzu qarşısında vahiməyə düşür, bizə qarşı çirkin kampaniyanı gücləndirirlər. Onlara dəstək verənlər də var. Bu, Azərbaycanın uğuruna inkişafına müxtəlif tədbirlərin keçirilməsinə ev sahiblik etməsinə əngəl olmayacaq".

Ə.Əhmədov bildirib ki, ölkədə keçirilən tədbirlər yüksək səviyyədə təşkil olunduğu kimi bu ayın sonundakı idman tədbiri (mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının finalı nəzərdə tutulur) də yüksək səviyyədə baş tutacaq: "Azərbaycan sabit və təhlükəsiz ölkədir. Dünyanın hər bir yerində bunu bilirlər. Azərbaycana gələn qonaqlar da burada olmaqlarından həzz alacaqlar. İdman yarışında iştirak etməklə yanaşı, Bakının gözəlliklərindən həzz ala biləcəklər. Bu tədbirə çox sayda insanların gəlməsi ilə ölkəmizə qarşı kampaniya aparanlara böyük zərbə vurulacaq. Azərbaycan sabitliyi,əmin-amanlığı, inkişafı və təhlükəsizliyi ilə dünyada birmənalı şəkildə tanınır. Ölkəmizin keyfiyyətləri etiraf edilir və heç bir qarayaxma kampaniyası bu keyfiyyətləri azalda bilməyəcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook