SON XƏBƏR

Ələsgər Məmmədli: “Müğənni, ictimai xadim mediaya qarşı dözümlü olmalıdır”

Dekabr 02
15:06 2016
Son günlər mediaya qarşı zorakılıq halları artıb. Jurnalistlər iş başında hücuma məruz qalır, təhqir və təhqir olunurlar. Belə hadisələrdən biri Ağdamda yaşanıb. Qidadan zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən Rəşad Nəcəfov və yaxınları Azəri-Press İnformasiya Agentliyinin (APA) və APA TV-nin əməkdaşlarına hücum edərək televiziyaya məxsus "Panasonic-HD 3MOS” markalı videokameranın obyektivini sındırıb.  

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə keçirilən məhkəmə prosesi başlamazdan əvvəl təqsirləndirilən nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Elxan Süleymanov "Yeni Müsavat" qəzetinin əməkdaşının üstünə hücum çəkib. O, V. Zeynalovun ittiham aktına əsasən qəzetdə yazılan yazılara görə jurnalisti təhqir edərək, onu məhkəməyə verəcəyini deyib. 

Vəkil məhkəmə zalında, digər media nümayəndələrinin və prosesə gələnlərin qarşısında jurnalistə qarşı "şərəfsizsiniz", "alçaqsınız" ifadələrini işlədib. 

Müğənni Röya Ayxan da media nümayəndələrini təhqir edənlər sırasına qoşulub. Heydər Əliyev Sarayında baş tutan konsertinə media nümayəndələrinin bir qismini buraxmayan müğənninin bu addımı barədə musavat.com saytı maqazin jurnalistləri arasında sorğu keçirib, sorğuda səsləndirilən fikirlər isə sənətçinin xoşuna gəlməyib. 

Röya, "İnstaqram" səhifəsində Qafqazinfo.az saytının əməkdaşı Elvin Elxanı rəyinə görə təhqir edib və onu hədələyib. Lakin daha sonra Röya statuslarını silib. 

Bu siyahını daha da uzatmaq olar. Bəs, zorakılıq və təhqir ilə qarşılaşan media nümayəndələri necə davranmalıdır? Bu cür halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? 

Musavat.com məsələ ilə bağlı media ekspertlərinin öyrənib. Media üzrə hüquq eksperti Ələsgər Məmmədli bildirib ki, jurnalistlərə qarşı olan aqressiya illərdir ki, davam edir: "Elmar Hüseynov, Rafiq Tağı öldürüldü. Mediaya qarşı aqressiya təəssüf ki, uzun illərdir ki, var. Bunun da səbəbi baş verən cinayət və zorakılığa qarşı sonuna qədər mübarizə aparılmaması, təqsirkarların cəzalandırılmamasıdır. Normal statistikada cinayətkarlığın açılma faizi doxsandırsa, jurnalistlərə qarşı bu statistika 10%-i keçmir. Bu, acıqlı durumdur. Bu tendensiya tək vətəndaşların jurnalistlərə qarşı münasibətində deyil, ümumiyyətlə, cəmiyyəti idarə edən kateqoriya, məmurlar arasında da media nümayəndələrinə münasibət birmənalı deyil, onlar da jurnalistlərə qarşı dözümlü deyillər. Jurnalistlərə qarşı bu və digər aspektdə yaşanan cinayətlər araşdırılsa, dərhal tədbir görülsə, cəmiyyətdə tolerant yanaşma olar. Müğənni, ictimai xadim, cəmiyyətdə bu və digər formada tanınan birinin mediaya qarşı daha dözümlü olması, jurnalistlərə daha hörmətlə yanaşması zəruridir. Onlar tənqid hədəfi olmamaq üçün mediaya qarşı daha anlayışlı olmalıdırlar. Jurnalistlər daha çox maariflənməli və öz hüquqlarını bilməlidirlər. Onlar öz deyil, cəmiyyətin mənafeyi üçün informasiya topladıqlarını hər kəsə dərk etdirməlidirlər. Bəlkə də, o zaman bu təhdidlər azalar. Bəzən jurnalist  cinayət işinin sonuna qədər gedir, amma bir nəticə əldə etmir. Bu problem də var. Bəzən düşünürlər ki, bu jurnalistdirsə, onu döymək də, təhqir etmək də, kamerasını sındırmaq da olar. Jurnalistlərə tək sözüm odur ki, qarşılaşdıqları zorakılığın sonuna qədər getsinlər, hüquqi müstəvidə haqlarını tələb etsinlər”. 

Media eksperti Zeynal Məmmədli bildirib ki, dövlət qurumları ictimai önəmli məsələləri açıqlamadığı üçün jurnalistlər zorakılığa məruz qalır: "Bütün bunlar ondan qaynaqlanır ki, ictimai önəmli məsələlərin açıqlanması ilə bağlı dövlət qurumlarında xof, qorxu var. Onlar gizlətmək istədikləri, açıqlamaqdan çəkindiyi və ya heç bilmədikləri məsələlərin açıqlanmasına qarşıdırlar. Cəmiyyətdə mediaya və jurnalistə qarşı adekvat rəy formalaşdırılmır. "Media öz nümayəndəsinin zorakılığa məruz qalmasında günahkardırmı” sualına cavab olaraq demək istəyirəm ki, biz hər şeyə media, hər kəsə jurnalist deyə bilmərik. Bəlli qaydaları güdməyəndə "alaq otları” əmələ gəlir. Medianın içi də "alaq otları” ilə doludur. Burada günahkarın alaq otları olduğunu düşünsək, yanılmış olarıq. Medianı gözdən salmaq üçün "alaq otları”nın çıxmasına şərait yaradan ilk hökumətdir”. 

(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook