SON XƏBƏR

Eldar Mahmudovla bankir qudası Beynəlxalq Bankın milyonlarını ofşorda saxlayır

May 26
10:10 2017
Cahangir Hacıyev və onun ailə üzvləri Beynəlxalq Banka dövlətə məxsus maliyyə təşkilatı kimi deyil, şəxsi pul kassaları kimi baxıb

Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudovla onun qudası, hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyevin fəaliyyəti ümumilikdə ölkənin bank sektorunun çöküş durumuna gətirib. ABB 3.3 milyard dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədilə mayın 11-də Nyu-York məhkəməsinə müraciət edib. Azərbaycandakı kapitalın 1/3-nə nəzarət edən ABB iflas etməyəcək qədər böyüyüb və elə 2015-ci ildə hökumətin banka nəzarəti ələ alması da bu faktı sərgiləmiş oldu.

Hazırda hökumət bankın 80%-nə nəzarət edir. ABB-nin 908 milyon dollarlıq ödənməmiş borcu var və Dublində yerləşən "Rubrika Finance Company Ltd.”yə 100 milyon dollarlıq borcun ödənişi gecikir. APA xəbər verir ki, Nyu-York məhkəməsi "Azərbaycan Beynəlxalq Bankı» ASC-nin (ABB) müraciəti əsasında onun aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib. Bankın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərara əsasən, xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar onların aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.

ABB borc bataqlığında çabaladığı bir vaxtda, ölkənin ən böyük bankını bu həddə gətirən qudaların ofşorlarda milyardlarla pulu "yatmaqda”dır. ABB-də baş verənlərlə bağlı mətbuata açıqlamalarından birində deputat Zahid Oruc konkret rəqəm də söyləmişdi.

Deputatın açıqlamasından sitat: "Beynəlxalq Bank və Milli Təhlükəsizlik Nazirliyi xətti ilə ən azı 10 milyard manatdan artıq pul kütləsinin dövriyyədən və ölkədən çıxarılmasını bütün təhlillərin mərkəzinə qoymadan real mənzərəyə obyektiv qiymət vermək mümkün deyil. Əksər hissəsinin ofşor zonalarda olduğuna heç bir şübhə yeri qalmayan oğurluq pullar bir nəfər şəxsin deyil, ən azı 2 hakimiyyət qurumunun dövlətə neçə böyük zərbə vura biləcəyini təsdiq edir”.

Deputatın açıqlamasından da aydın olur ki, ölkədən milyardlarla pul çıxarılıb və ofşorlarda gizlədilib.

C.Hacıyev həbs ediləndən sonra belə məlumatlar vardı ki, qudası E.Mahmudovun ölkədən çıxışına qoyulan qadağa götürülüb. Hüquq-mühafizə orqanlarının E.Mahmudova münasibətdə bu addımı atmasının kökündə onun xaricə gedərək ofşorlarda gizlədilən pulların geriyə - ölkəyə qaytaracağının dayandığı bildirilirdi. Ötən müddət isə göstərdi ki, E.Mahmudovun, onun qudasının büdcəyə pul qaytarmaq fikirləri yoxdur. Bu C.Hacıyevin həbsdən vəkili vasitəsi ilə ictimailəşdirdiyi çıxışlarından da açıq-aydın sezilir.

Hazırda ABB-nin çöküşü təkcə Azərbaycanda deyil, dünyanın ən müxtəlif maliyyə mərkəzlərində, Londonda da aktiv şəkildə müzakirə edilməkdədir. Beynəlxalq investorlar böyük həyəcanla bankın və onunla bərabər investisiyalarının da batmasını izləməkdədirlər. Onlarla bərabər Londonda prosesləri izləyən, ABB-yə həyat yoldaşı vasitəsilə birbaşa aidiyyəti olan Zamirə Hacıyeva da var. Ötən ilin bu günlərində məlum olmuşdu ki, Zamirə Hacıyevanın barəsində məhkəmə həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verib. Lakin Z.Hacıyeva qərardan əvvəl ölkədən gedə bilmişdi. Məhkəmə qərarından isə məlum olurdu ki, Z.Hacıyeva ABB-yə ərinin portmanatı kimi baxırmış və istədiyi vaxt istədiyi məbləğdə pulu bankdan çıxarıb xərcləyə bilirmiş.

Z.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 179.1.2 və 179.1.3 maddələri ilə ittiham bu gün qüvvəsindədir. Qərardan belə anlaşılır ki, Z.Hacıyeva əri Cahangir Hacıyevin ABB-ni talamasında iştirak edib. Məhkəmə qərarına əsasən, Cahangir Hacıyevin təşkilatçılığı və göstərişi ilə 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa qədər bankdan 10 ədəd plastik kart vasitəsilə milyonlarla manatı faizsiz kredit adı altında heç bir zəruri sənəd və girov təqdim etmədən çıxarıblar. C.Hacıyevin həyat yoldaşı göstərilən müddət ərzində həmin plastik kartlarla Azərbaycan ərazisində və bir çox xarici ölkələrdə olan bankomatlardan Beynəlxalq Bankdan cəmi 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə cəmi 18 milyon manat) çıxarıb. Bu pullar C.Hacıyevin yoldaşı və ailə üzvləri üçün təyyarə biletlərinin, qızıl-zinət əşyalarının alınmasına, təhsil haqlarının ödənilməsinə, Avropanın dəbdəbəli istirahət mərkəzlərində dincəlməyə, gözəllik salonlarında göstərilən xidmətlərə, restoranlara və digər şəxsi məqsədlərə xərclənib. Bu faktlar bir daha göstərir ki, Cahangi Hacıyev və onun ailə üzvləri Beynəlxalq Banka dövlətə məxsus maliyyə təşkilatı kimi deyil, şəxsi pul kassaları kimi baxıb. Bu, uzun illər davam edib və nəzarətsizlik son nəticədə öz sözünü deyib. ABB batır, C.Hacıyev həbsdə yatır. Ölkə isə böyük bir maliyyə krizinin astanasındadır.
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook