SON XƏBƏR

Eldar Əzizov DYP rəisinin tikintisini dayandırdı - Foto

Noyabr 15
00:44 2018
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əvəzi Eldar Əzizov (BŞİH) Bakıda daha bir qanunsuz tikintinin dayandırılması haqda göstəriş verib.

Qlobal.az xəbər verir ki, ətrafda yaşayan sakinlərin "AzPolitika.info”ya verdiyi məlumata görə, Bakının T.Şərifli küçəsində iki yaşayış binasının qarşısındakı yaşıllıq ərazidə qanunsuz tikinti yay aylarında başlayıb, bu yaxınlarda isə BŞİH əməkdaşları hadisə yerinə gələrək tikintinin dayandırılmasını tələb ediblər.

Sakinlər iddia edirlər ki, BSİH əməkdaşlarının yoxlaması zamanı arxasında yüksək rütbəli polis zabitinin - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nuşirəvan Səfərovun durduğu tikintinin tamamilə qanunsuz aparıldığı üzə çıxıb və bu səbəbdən də tikinti dərhal dayandırılıb.
 
Ərazidə ticarətlə məşğul olan və adının çəkilməsini istəməyən vətəndaş saytın əməkdaşına bu sözləri deyib: "Bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətindən gəldilər və tikintini dayandırdılar”.
 


O təsdiq edib ki, tikinti BDYP rəisi Nuşirəvan Səfərova məxsusdur: "Hə, deyirlər onundur. Bir neçə dəfə "Prado” markalı avtomobildə özü də gəlib tikintinin gedişi ilə maraqlanmışdı. Amma tikintiyə 2 nəfər mülki geyimli şəxs nəzarət edirdi. İndi deyirlər qanunsuz imiş. Ona görə dayandırıblar”.

Mənbə həmçinin bildirib ki, ətrafda yaşayan sakinlər ilk gündən yaşıllıq ərazidəki bu tikintiyə qarşı olublar, ancaq kütləvi etirazlar olmadığından tikinti aparılıb. "Baxın, tikinti arxadakı binanın az qala pəncərələrinin qabağını kəsib. Əlbəttə ki, sakinlər narazı idi, axı bura bina tikmək yeri deyil. Ancaq kimdir indi şikayətə baxan?! Söhbət yayılanda ki, işin arxasında polis var, heç kim səsini çıxarmadı. Ərazidə bir neçə cavan ağac da var idi, gecəylə məhv edib tikintiyə başladılar…”
 
Qeyd edək ki, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunduqdan sonra (16 iyul 2018) Prezident İlham Əliyevin tapşırığı əsasında paytaxtda qanunsuz tikintilərlə mübarizəyə başlayıb. Artıq bir neçə qanunsuz tikili sökülüb, ərazi əvvəlki vəziyyətinə qaytarılıb. 
 


Maraqlıdır ki, yuxarıda barəsində danışılan tikinti də məhz Prezidentin xəbərdarlığından dərhal sonra dayandırılıb.
 
T. Şərifli küçəsindəki tikintinin hansı səbəbdən dayandırıldığı ilə bağlı BŞİH-ə ünvanlanan sorğu isə cavabsız qalıb. 
 

 
Tikintisi dayandırılan obyektin sahibi kimi təqdim olunan BDYP rəisi Nuşirəvan Səfərovun özü ilə birbaşa əlaqə saxlamaq mümkün olmadığından onun mövqeyini öyrənmək, qanunsuz tikintinin ona məxsus olub-olmadığını dəqiqləşdirmək üçün sayt əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Rüfət Quliyevə müraciət edib. O, BDYP-nin özünün mətbuat xidməti olduğunu qeyd edərək, ora müraciət edilməsini tövsiyə edib. BDYP-nin mətbuat xidmətindən isə sorğuya cavab verilməyib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook