SON XƏBƏR

Ekspert: "Minimum əmək haqqı digər ölkələrə görə qat-qat aşağı səviyyədədir"

Aprel 24
14:27 2019
Bu il ölkədə bir çox yeni qanunlar qəbul olundu, pensiyalar, əmək haqları qaldırıldı. Lakin bununla belə əhalinin gözlədiyi xüsusi güzəştlər, həyat şərtlərinə ciddi təsir göstərəcək sərəncamlar verilmədi. Bəs hökumətdən belə bir qərar gözləmək nə dərəcədə realdır? 

İqtisadçı ekspert Odər Qəni ümumilikdə Azərbaycanda uzun illərdir sosial rifah halının yaxşılaşdırılması üçün heç bir inqilabi addımın atmadığını bildirdi:  "Azərbaycanda minimum əmək haqqı 180 manat, yəni 105 dollar olaraq təyin olunub. Bu istər qonşu ölkələr, istərsə də inkişaf etmiş digər ölkələrə görə qat-qat aşağı səviyyədədir. Ən aşağı maaş alanlar siyahısında 20-cı sırada qərarlaşan Sloveniya işçilərə ən az illik 10 min 890 dollar maaş verir. 

Ölkəmizdə isə absurd sayılacaq müqayisələr aparılır. Məsələn, benzinin qiymətinin qalxmasını Gürcüstan, Türkiyə kimi ölkələrin benzin qiymətləri ilə müqayisə edirlər. Hansı ki, o ölkələrdə neft yoxdur. Bu aspektdən yanaşsaq, gərək bu gün, sabah iqtisadi vəziyyətimizi də Suriya, İraq kimi ölkələrlə müqayisə edək.

Digər tərəfdən Gürcüstan və Türkiyədə ictimai nəqliyyatda təqaüdçü və tələbələr daha ucuz gediş haqqı ödəyir. Baxmayaraq ki, hər iki dövlət qeyri-neft ölkəsidir. Bu insana verilən dəyər və sosial yaşayış üçün mütləqdir. Bundan başqa inkişaf etmiş ölkələrdə 0.2 manatlıq gediş haqqına 1 manat əvvəldən ödəniş etdikdə 5 gediş əvəzinə bonus olaraq 6 gediş haqqı alırlar. Azərbaycanda bunların hansı var və ya ola bilər? 

Əvəzində gediş haqqını qaldıraraq vəziyyəti daha da ağırlaşdırırıq. Azərbaycan uzun illərdir sosial rifah halının yaxşılaşdırılması üçün heç bir inqilabi addım atmayıb. Ən inqilabi sayılacaq addım problemli kreditlərin həlli idi ki, onu da problemlə icra edirik. Düşünürəm ki, Azərbaycan da digər ölkələr kimi tələbə və pensiya alan şəxslərə gediş haqqında endirim etməli, onlara xüsusi "Bakı Kart" verməlidir. Bunu etməyəcəksə, heç olmazsa minimum əmək haqqını qaldırmalıdır ki, vətəndaş heç olmasa ayda bir dəfə ət yesin. Bu məsələ çox ciddi məsələdir və ən qısa zamanda Milli Məclisdə müzakirəyə qoyularaq müsbət qərar qəbul edilməlidir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook