SON XƏBƏR

Ekspert Ceyhun Bayramovun nazirliyinin 1 ilini şərh etdi: "Dəyişən heç nə yoxdur..."

Aprel 23
14:32 2019
"1 il bundan əvvəl Ceyhun Bayramov təhsil naziri təyin olundu. Onun təhsil naziri olması ictimai razılığın nəticəsi idi. Ondan təhsildəki problemlərin həlli gözlənilirdi və böyük ümidlər var idi". 

Qaynarinfo xəbər verir ki, bu haqda təhsil eksperti Kamran Əsədov bildirib. 

O daha sonra təəssüflə qeyd edib ki, bir il ərzində nəinki təhsildəki problemlər həll oldu, əksinə, daha da çoxaldı, təhsilə ictimai etibar və etimad ciddi şəkildə aşağı düşdü: "Səbəb əlbəttə ki, təhsil nazirinin yanlış, naşı komandası oldu. Ümumiyyətlə 1 il ərzində Təhsil Nazirliyinin həyata keçirdiyi heç bir kadr islahatını uğurlu hesab etmirəm. Bir il əvvəl gözləyirdim ki, Ceyhun Bayramov təhsildə yığılıb qalmış aşağıdakı əsas problemləri həll edəcək:

1. Diplomların tanınması ilə bağlı olan qanunsuzluq hələ də davam edir.
2. Təhsil naziri əlçatan deyil, vətəndaş, müəllim öz problemini deyə bilmir.
3. Təhsil Nazirliyi daxil olan şikayət və müraciətlərə baxmır. 
4. Müəllimlərin və gənc tədqiqatçıların sosial müdafiəsi üçün heç bir addım atılmır. 
5. Məktəblər ictimaiyyətə bağlıdır və baş verən xoşagəlməz hadisələr gizlədilir, həll olmur. 
6. Ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul qaydaları hələ də məlum deyil. Yəni kollec məzunlarının imtahansız ali məktəblərə qəbulu hələ də açıqdır.
7. Universitetlərdə hazırlıq qrupları ilə bağlı məsələ həll olunmayıb.
8. Diplomları dövlət nümunəli olmayan müəllimlərin əmək haqqı ilə bağlı və ya onların fəaliyəti ilə bağlı problemlər davam edir.
9. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ilə bağlı nazirliyin heç bir tədqiqatı və münasibəti yoxdur. 
10. Nazir bir il ərzində birbaşa nə universitetdə, nə də orta məktəblərdə tədris prosesində iştirak etməyib. Hansısa öncədən hazırlanmış ssenari istisna olmaqla. 

Bu siyahını minə qədər uzatmaq olar.

Təhsildə hazırda həyata keçirilən islahatlar da əvvəlki illərdə əsası qoyulanlardır ki, indi də davam edir. Yəni müəllimlərin işə qəbulu, nə direktorların işə qəbulu, nə elektron qaydada tələbə köçürülməsi, nə birinci sinifə qəbul onun fəaliyyətinin nəticəsi deyil. Müəllimlərin imtahanla işə qəbulu hələ 2009-cu cü ildə Misir Mərdanov təhsil naziri olanda başlamışdı.

Ən maraqlısı da odur ki, Ceyhun Bayramov təhsil naziri olduğu 1 il ərzində onun rəsmi qəzet və jurnallarda təhsilə aid heç bir məqaləsi dərc edilməyib. 
Halbuki bu bir il ərzində ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən təhsil sistemində çox ciddi islahatlar, qərar və sərəncamlar qəbul edilib. 
Bu müddət ərzində hörmətli nazirin tədbirlərdə çıxışları da demək olar ki, eyniyyət təşkil edib və demək olar ki, təkrar olub. 

Mikayıl Cabbarov təhsil naziri olanda tənqidlərə açıq idi. İndi isə Təhsil Nazirliyi bütün heyəti və resursları ilə bunu edənə qarşı bütün vasitələrlə mübarizə aparır. Ümid edirəm ki, saydığım və saymadığım ciddi problemlərin növbəti il ərzində aradan qaldırılması istiqamətində addımlar atılacaq". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook