SON XƏBƏR

Ekspert: "Bütün hərbçilər mənzillərlə təmin olunacaq"

Yanvar 15
10:57 2020
"Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişinə əsasən, bütün hərbçilər mənzillərlə təmin olunacaqlar. Hazırda bununla bağlı işlər görülür".

Bunu "Report”a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.
 
O bildirib ki, Azərbaycan Ordusunda xidmət edən şəxsi heyətin sosial-məişət problemləri öz həllini tapmaqdadır. Ş.Ramaldanov qeyd edib ki, ötən ilin sonunda Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə 436 ailəyə mənzil verilib: "Son iki ildə Azərbaycanda 2500-dən çox hərbçi ailəsi mənzillərlə təmin olunub. Bundan sonra da hərbçilər üçün evlərin tikintisi davam etdiriləcək".

"Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttində düşmənlə üz-üzə yerləşən postlarda xidmət edən hərbçilərə xususi diqqət və qayğı ilə yanaşır"
 
Ehtiyatda olan polkovnikin sözlərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttində düşmənlə üz-üzə yerləşən postlarda xidmət edən hərbçilərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onun fikrincə, bunun nəticəsidir ki, hələ yay aylarında qışa hazırlıq çərçivəsində Azərbaycan Ordusunun ön xəttdəki bütün postları yarım illik ərzaqla təmin edilir: "Azərbaycan Ordusunun döyüş postlarının xeyli hissəsi çətin relyefi olan dağlarda yerləşir. Həmin ərazilərdə qış çox sərt keçir, yolları qar bağlayır. Bütün bunlar nəzərə alınaraq həmin postlar yayda 6 aylıq təminatla təmin olunur.

Ordu rəhbərliyi daim şəxsi heyəti diqqət mərkəzində saxlayır. Ön xətdə xidmət edənlər tez-tez ziyarət olunur, fərqlənənlər mükafatlandırılır. Onu da diqqətinizə çatdırım ki, keçən illə müqayisədə əsgərlərin tibb məntəqələrinə müraciəti 17 faiz azalıb. Bu da onu göstərir ki, əsgərlər sağlam qidalanır və məişət problemləri yüksək səviyyədə həll olunub. Hazırda bütün hərbçilər qış geyimi ilə tam şəkildə təmin edilib. Hərbçilərimizin geyiminin keyfiyyəti isə çox yüksəkdir”.

Ş.Ramaldanov deyib ki, Azərbaycan Ordusunun silahlanması ilə bağlı məsələ birbaşa olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir: "Azərbaycan Ordusu mütəmadi olaraq müasir və yüksək potensiala malik olan silah və texnikalarla təmin edilir. Bununla bağlı Rusiya, Belarus, Ukrayna, İsrail, Türkiyə, Pakistan, Çin və Fransa ilə müəyyən danışıqlar aparılır və hətta onların bəziləri yekunlaşıb. Bu gün ölkəmizdə də hərbi sənaye inkişaf edir. Azərbaycan öz ördusunu lazımi döyüş sursatları ilə təmin edə bilir”.

Ş.Ramaldanov qeyd edib ki, bu gün Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir: "Ordumuzda 15-20 min şəxsi heyətin cəlb edilməsi ilə irimiqyaslı təlimlər keçirilir. Həmin təlimlərdə qarşıya qoyulan məqsədlərə təlim iştirakçıları və təşkilatçılar tam şəkildə nail olublar. Şəxsi heyət həmin təlimlərdə böyük təcrübə qazanır. Bundan əlavə, Azərbaycan Ordusunun hərbçiləri beynəlxalq hərbi yarışlarda iştirak edirlər. Hərbçilərimiz həmin yarışlarda yüksək nəticələr qazanırlar. Bununla da göstərirlər ki, Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Ordumuzun döyüş hazırlığı daim yüksəlir. İldən-ilə hərbçilərimizin qarşısına daha mürəkkəb və ciddi tapşırıqlar qoyulur”.

O vurğulayıb ki, Azərbaycan Ordusunun şəxsi heyətinin 70 faizindən çoxu müqavilə əsasında müddətdən artıq xidmət edənlərdən ibarətdir: "İldə bir neçə dəfə MAXE, gizir, zabit kursları təşkil olunur. Həmin kurslar daim böyük kontingentlə təşkil olunur. Hərbçilərdə böyük əzmkarlıq hiss olunur. Azərbaycan Ordusu bizim qürur yerimizdir”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə bildirib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasında 52-ci yeri tutur: "Azərbaycan Ordusunun fiziki, döyüş, mənəvi hazırlığı, təchizatı və təminatı ən yüksək səviyyədədir. Mən müxtəlif cəbhəyanı rayonlarda oluram və bunları şəxsi müşahidələrim əsasında deyirəm. Bu gün ordumuzun bütün sahələr üzrə hazırlığı ən yüksək səviyyədədir. Ordumuzun hər an başlaya biləcək müharibəyə və qələbə qazanmağa hazır vəziyyətdədir”.

"Müasir sialahlarla yükəsk səviyyədə davrana bilən, döyüş qabiliyyətli, taktiki təlimlərdə özünü təsdiq edə bilən, çox güclü və peşəkar zabit, qələbə ruhu olan əsgər heyətimiz var"
 
Deputat həmçinin qeyd edib ki, Azərbaycan Ordusu çox yüksək səviyyəli hərbçilərdən formalaşıb: "Müasir sialahlarla yüksək səviyyədə davrana bilən, döyüş qabiliyyətli, taktiki təlimlərdə özünü təsdiq edə bilən, çox güclü və peşəkar zabit, qələbə ruhu olan əsgər heyətimiz var. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu hər an müharibəyə hazırdır. Ordumuz həmçinin ən müasir silahlarla təmin edilir. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu sahəyə daima ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Hesab edirəm ki, Ordumuzun torpaqlarımızı qorumaq, işğal edilən ərazilərimiz geri qaytarmaq və müdafiəmizi qorumaq üçün hər an hazır olmalıdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook