SON XƏBƏR

Eks baş nazir danışdı: “Firudin, sənin prezidentlə danışmaq imkanın var idi ki?..”

Oktyabr 11
10:43 2019
"Müsahibəni oxudum və təəccübləndim, məyus oldum və qəzəbləndim. Bu nə saçma iddialar?”

Qlobal.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında sabiq baş nazir Pənah Hüseyn F.Cəlilovun test üsulunu Azərbaycan təhsil sisteminə özünün gətirməsiylə bağlı iddianı şərh edərkən deyib.

O keçmiş təhsil nazirinin dediklərinin həqiqətəuyğun olmadığını bildirib: 

"Azərbaycanda qəbul imtahanları sahəsində hökm sürən korrupsiyanın aradan qaldırılması üçün test imtahan sisteminin tətbiqi ideyası da, bu işi həyata keçirəcək və Təhsil Nazirliyindən, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərindən asılı olmayan, birbaşa prezidentə tabe olan orqanın - TQDK-nın yaradılması ideyası da, bu ideyaların realllaşdırılması ilə bağlı icraya yönəlik rəsmi göstərişlər də birbaşa Elçibəyə məxsusdur və AXC-nin seçki platformasına daxil idi. Firudin Cəlilovun guya, bu məsələ ətrafında prezidentlə davalar, mübahisələr etməsi, prezidentin məni Firudin Cəlilovu bu məsələlərə razı salmaq üçün onun yanına göndərməsi barədə deyilənlər isə belə demək mümkünsə, sadəcə, gopdur və o dövrdə idarəçilik sistemində işləyənlərdə yalnız gülüşə və bir də Firudin müəllimin sağlıq halına dua oxumağa səbəb ola bilər.

Firudin müəllim, ümumiyyətlə, prezidentin qəbulunda məncə, heç bir dəfə də olmayıb. Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan vəzifədə də mənim təkidlərimdən və xahişlərimdən sonra saxlamışdı, bir şərtlə ki, Firudin Cəlilov onun gözünə görünməsin. Bunu ki, hamı bilir! Mənim Firudin müəllimin yanına gedib-gəlməyimə gəldikdə isə açığı, mən onun heç hansı kabinetlərdə oturduğu bir yana qalsın, kabinetinin hansı mərtəbədə olduğunu da bilməmişəm. Çünki buna ehtiyac olmayıb".

P.Hüseynin sözlərinə görə, F. Cəlilovun dediklərində bir məsələ düzdür: 

"Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini Firudin Cəlilov irəli sürüb. Əslində, bu dəqiq deyil. Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi. Müəyyən narazılıqları vardı... Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy,1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə universitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun prezidentin təklifini qəbul etmədiyini demişdim, o da danışıb razılığa gətirmişdi. Bu qədər. İndi bu adam deyir ki, guya, prezident Vurğun Əyyubun namizədliyinin əleyhinə olub! Ya sənin prezidentlə danışmaq imkanın var idimi ki, onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!

Mən Firudin müəllimə hörmətlə yanaşmışam. Onun xidmətlərini qiymətləndirmişəm. Və zaman-zaman demişəm ki, bu doğru olmayan söhbətləri qurtar. Hər kəs olduğu və durduğu yerdə böyükdür. Belə görünür ki, inandıra bilməmişəm. Təəssüf..."



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook