SON XƏBƏR

Ehtiyatda olan polkovnik: "Gürcü qrupun tərkibində və hərəkətində hibrid müharibə elementləri və metodları gözə çarpır"

İyul 15
18:20 2019
Nazim Bayram 
Ehtiyatda olan polkovnik
 
 
"Keşikçidağ-da bir qrup Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhəd qoşunlarına hücum çəkərək onların silah və güllə daraqlarını əllərindən alıb. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu biraz əvvəl sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, gürcü sərhədçiləri hadisə yerində olsalar da, kadrlarda da göründüyü kimi onlar faktiki seyrci mövqeyi tutublar. Mənbələr hadisənin dünən baş verdiyini xəbər verir."(-redaksiyanın mətnindən).

İstəməzdim bu hadisə növbəti "özümüzü qamçılama" kampaniyasına səbəb olsun, eyni zamanda "başımızın altına yastıq qoyaq", nə də insidentin miqyası böyüsün. Ancaq müəyyən dərslər və nəticələr çıxarmalıyıq. 

Bəribaşdan deyim ki, ilk kadrlardan gürcü qrupun tərkibində və hərəkətində hibrid müharibə elementləri və metodları gözə çarpır- 1. idmançı cüssəli gənclər, 2. daha yaşlı gur səsli kişilərdən ibarət psixoloji təsir qrupu, 3. keşiş paltarlı birisi və 4. aksiyanı çəkən xanım. Yəni bunlar təsadüfən yığışmış ziyarətçi qrupu deyillər, planlaşdırılmış aksiya həyata keçirən komplektləşdirilmiş təxribatçı dəstədilər- artıq-əskik adam və hərəkətlər, ayaqüstü təşkilatlanma, kortəbii hərəkətlər müşahidə olunmur, hər kəs bilir harada olmalıdır və nə edəcək. 5. Koordinator aralarındadır. 

Keşikçi-Dağda sərhəd şəraitini nəzərə alaraq, istisna etmirəm ki, sərhədçilərimiz bu qrupdan kimlərləsə əvvəldən tanış və normal insani münasibətlərdə olublar. Bu səbəbdən sərhədçi onu(onları) yaxına buraxıb, nə baş verdiyini anlayanda isə silah tətbiq etmək imkanından məhrum olub. Əlbəttə, belə halda təəcüblü deyil ki, gürcü sərhədçiləri hadisəni kənardan izləyiblər. Aksiya planlaşdırıldığı kimi keçirsə, niyə qarışsınlar ki...

Bizim nöqsanlarımız. Sərhəd dəstəsinin rəhbərliyi belə bir aksiya ehtimalını əvvəldən görməli və hazır olmalıydı- sərhəd patrulu ayıq-sayıq, hazırlıqlı, psixoloji sabit, belə hallar üçün xüsusi təlimatlandırılmış sərhədçilərdən ibarə olmalı idi. Onlar qarşı tərəfin kütləvi aksiya təxribatını uzaqdan duymalı, zastavaya xəbər verməli, sərhədin qorunması üçün zəruri tədbirləri görüb, rəislərini gözləməli idilər. Siyasətçilər yuxarıda çox danışıqlar apara bilərlər, çox optimizst bəyanatlar verə bilərlər. Lakin bunlar hərbçi üçün rəhbər göstərişlər deyil, sərhədçi öz işini Azərbaycan qanunlarına, Hərbi Nizam-İntizamnamələrə, Təlimatlara, rəislərin göstərişinə və şəraitə uyğun görməlidir- heç kimin ona yaxınlaşmasına imkan verməməli, qətiyətli olmalı, qanunda göstərilən hallarda havaya xəbərdarlıq atəşindən sonra sərhəd pozucusu sərhədçinin tələblərinə tabe olmursa, pozucunun silahsız olduğunu nəzərə alaraq, şəraitə uyğun, ayaqlarına atəş aça bilər. Bunlar vaxtında olunmayanda, daha ciddi fəsadlara gətirir. 

İnsidenti ümumiləşdirib, bütün sərhəd xidməti haqqında mənfi fikirlər söyləmək doğru olmazdı. Konkret bu hadisənin konkret şəraiti nəzərə alınmalıdır- biz gürcülərlə düşmən deyilik, Keşikçi-Dağa əvvəl də ziyarətçilər gəlib... bu səbəblərdən konkret sərhədçilərimiz konkret bir postda ayıq-sayıqlıqlarını itiriblər. Yəqin ki, cəzalandırılacaqlar. Yəqin ki, qarşı tərəfin hərəkətləri bundan sonra daha diqqətlə izləniləcək. 

Neyniyək ki, biz olaydan sonra ayılan xalqıq, məsul şəxslərimizdə məsuliyət hissi, qabaqlayıcı düşüncə, təşəbbüskarlıq qabiliyəti zəifdir? İndi sosial şəbəkədə bu hadisəyə görə başına kül səpən, ağlaş quran kim öz işində daha məsuliyətli, təşəbbüskar və qabaqlayıcı addımlar atandırsa, sərhədçi əsgərin gözünü birinci çıxartsın. Əhlikeflik, səhlənkarlıq bizim əsas xüsusiyətlərimiz və əsas daxili düşmənimizdir.
 
Qeyd: Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook