Əfv Komissiyasının tərkibi dəyişdirilir: Mehdiyevi kim əvəz edəcək?
Yanvar 15
10:12
2020
Rəşad Məcid: "Yeni tərkibdə dəyişiklik istisna deyil, əfv isə ola bilsin ki, 28 maya qalsın”
Prezident Administrasiyasının rəhbəri həm də Əfv Komissiyasının sədri olur. Qanunda bununla bağlı hansısa qadağa və ya tələb yoxdur. Sadəcə, komissiya yarandığı gündən bu günə qədər belə olub. Çünki ölkə başçısının əfv etmək hüququ var. Bunun təşkilati, texniki həllini də prezident özü müəyyənləşdirir. Bu zaman təşkilati, texniki həllə bağlı müvafiq komissiya yaradılır.
Hazırda komissiyanın sədri Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.
Ötən ilin sentyabrında prezident fərmanı ilə komissiya üzvləri sırasından Ramil Usubovun adı daxili işlər naziri Vilayət Eyvazov və Mədət Quliyevin adı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev sözləri ilə əvəz edilib. Komissiyanın hazırkı digər üzvləri barədə isə PA-nın rəsmi saytında 2016-cı ilə aid məlumatlardır.
Komissiya üzvü Rəşad Məcid "Yeni Müsavat”a bildirdi ki, komissiyanın yeni sədri və tərkibinin təyin olunması prezidentin səlahiyyətində olan məsələdir. Onun sözlərinə görə, mütəmadi olaraq ona komissiya üzvü kimi müraciətlər daxil olmaqdadır: "Biz də bu müraciətləri göndəririk. Mənim kimi digər komissiya üzvlərinə də yəqin ki, çoxlu müraciətlər olur. Ona görə də şübhəsiz ki, prezidentin sərəncamı ilə yeni sədr və tərkib təyin olunmalıdır, iclaslar başlamalıdır”.
R.Məcid yeni tərkibin üzvləri sırasında dəyişikliklər olacağını istisna etmədi: "Ola bilsin ki, üzvlər də dəyişdi. Hər halda, yaxın vaxtlarda sədr və tərkib təyin olunsun, iclaslar da başlayacaq”.
R.Məcid martda əfv olacağına əmin deyil: "Çünki yanvardan iclaslar olmalıdır. Hər il 10-dan çox iclas olur. Bu dəfə seçki prosesi yaşanır, vaxt baxımdan hansısa problemlər yarana bilər deyə Novruzda yox, 28 mayda əfv imzalanması mümkündür”.
Komissiya üzvü Əliməmməd Nuriyev isə "Yeni Müsavat”a bildirdi ki, Əfv Komissiyası fasiləsiz olaraq işləyir, müraciətlərə baxılır. O, martda əfv fərmanı imzalanmasını istisna etmədi: "Ona görə ki, təcrübədə bir qayda olaraq əfv sərəncamları Novruz bayramında imzalanıb. Ötən il də Novruz bayramında prezident əfv imzaladı və yüzlərlə ailə sevindi. Bu Novruzda da istisna etmirəm. Amma əfv imzalamaq prezidentin səlahiyyətindədir və birmənalı fikir söyləmək çətindir".
Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər barəsində Əfv Məsələləri Komissiyasının qərarları komissiya üzvlərinin ümumi sayının üçdə iki hissəsi səs verdikdə, digər şəxslər barəsində isə sadə səs çoxluğu ilə qəbul edilir.
Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi Prezidentə təqdim olunur.
Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən ölkə vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
Əfv fərmanı ilə məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə, təyin olunmuş cəzanın müddəti azaldıla, cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.