SON XƏBƏR

Efiopiya Azərbaycanda fəxri konsulluq açdı

Fevral 22
01:53 2018
Efiopiya Federal Demokratik Respublikasının Azərbaycanda fəxri konsulluğunun açılması münasibətilə ziyafət təşkil olunub. 

Qlobal.az APA-ya istinadən xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Efiopiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanda akkreditasiya olunmuş səfir Ayaleu Gobezi Vorknyu (Ayalew Gobezie Workhnew) bildirib ki, Efiopiya və Azərbaycan dərin tarixi və mədəni əlaqələrə malikdir.

Onun sözlərinə görə, fəxri konsulluğun açılması iki ölkə arasında iqtisadi, mədəni əlaqələrin genişlənməsində böyük rol oynaya bilər.

Səfir bildirib ki, iki ölkə arasında xüsusilə,  biznes, mədəniyyət, infrastruktur  və digər sahələrdə əlaqələrin  inkişafı  üçün səylər göstərilir.

Keçən ilin noyabr ayında Elmar Məmmədyarovun Efiopiyaya səfərini  xatırladan Səfir deyib ki, gələcəkdə də hər iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlər gözlənilir: "Həmçinin iki ölkənin biznes mühitinin nümayəndələrinin də qarşılıqlı  səfərləri baş tutacaq. Ümid edirəm, bunun sayəsində iki ölkə arasında biznes əlaqələri gücləndiriləcək".

Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana təyin olunmuş fəxri konsulu Ceyhun Ələkbərov isə deyib ki, Efiopiya ilə Azərbaycan arasındakı əlaqələr inkişaf edir və bu münasibətlər getdikcə daha da dərinləşəcək.

C. Ələkbərov qeyd edib ki, dövlət başçılarının əlaqələrin inkişafı ilə bağlı müvafiq tapşırıqları var: "Afrika ölkələri Azərbaycan üçün bir açılımdır. Düşünürəm ki, sıx əlaqələrin qurulması ölkələrimizin ümumi mənafeyinə xidmət edir. Hazırda ölkələrimiz qarşılıqlı əməkdaşlığa əsaslanan yeni münasibətlər qurmaqdadır. Dövlət başçılarımızın siyasi iradəsi və birgə səylərimiz nəticəsində  əlaqələrimiz bundan sonra davamlı olaraq inkişaf edəcək".

Gələcəkdə Azərbaycanda Efiopiya səfirliyinin açılacağına ümidvar olduğunu deyən Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokol Xidmətinin rəisi Pərvin Mirzəzadə isə bildirib ki,  Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi  diqqət yetirir: "Hazırda əməkdaşlığın yeni səhifəsini açırıq. Azərbaycan və Efiopiya xüsusilə iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əlaqələri genişləndirməyi davam edəcək. İki ölkə arasında siyasi əlaqələrdə heç bir ziddiyyət yoxdur".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook