SON XƏBƏR

Edqars Rinkeviçs: Avropanın energetika arxitekturasında Azərbaycanın rolu yüksək qiymətləndirilir

May 30
00:40 2017
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov mayın 29-da Riqaya rəsmi səfər çərçivəsində Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ilə görüşüb.
 
Görüşdə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Latviya ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Kamran Bayramov, deputatlar Rövşən Rzayev, Ülviyyə Abdullayeva və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.
 
Latviya xarici siyasət idarəsinin başçısı Edqars Rinkeviçs qonaqları salamlayıb, səfərdə onlara uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, bu səfər ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaq.
 
Parlamentin sədri Oqtay Əsədov səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Spiker qeyd edib ki, yüksək səviyyədə qarşılıqlı səfərlər və aparılan danışıqlar ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verir.
 
O. Əsədov diqqətə çatdırıb ki, bu il Azərbaycan-Latviya ikitərəfli münasibətlərində xüsusi əhəmiyyət kəsb edir, çünki iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi qeyd edilir. Baltikyanı ölkələr arasında Azərbaycanın səfirliyi ilk dəfə məhz Latviyada açılıb.
 
Edqars Rinkeviçs deyib ki, Latviyada Azərbaycan Prezidenti İlham Əliyevin səfərini səbirsizliklə gözləyirlər, çünki bu səfər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə verəcək.
 
Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb ki, səfər çərçivəsində imzalanması gözlənilən sənədlər ölkələrimiz arasında strateji əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edəcək.
 
E.Rinkeviçs vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi sahədə qarşılıqlı sərfəli əməkdaşlığı daha da genişləndirmək üçün potensial imkanlar çoxdur.
 
Görüşdə energetika sahəsində əməkdaşlıq barədə, reallaşdırılan regional layihələr haqqında fikir mübadiləsi aparılıb.
 
E.Rinkeviçs vurğulayıb ki, Avropanın energetika arxitekturasında Azərbaycan rolu yüksək qiymətləndirilir. Latviyanın xarici siyasət idarəsinin başçısı bildirib ki, Azərbaycan Avropanın energetika təhlükəsizliyində son dərəcə mühüm rol oynayır, energetika sektorunda əməkdaşlıq Latviya ilə Azərbaycan arasında əlaqələrin vacib sahəsidir.
 
Latviya XİN rəhbəri daha sonra qeyd edib ki, onun ölkəsi Avropa Birliyi ilə Azərbaycanın münasibətlərini tam dəstəkləyir.
 
Milli Məclisin sədri deyib ki, Azərbaycan mədəni-humanitar sahədə əlaqələrin inkişafında maraqlıdır. Latviyanın Azərbaycan icmasının rolunu ayrıca vurğulayan Oqtay Əsədov qeyd edib ki, Baltikyanı ölkələr arasında ən böyük Azərbaycan icmasının məhz Latviyada yaşaması mədəni əlaqələrin inkişafı üçün möhkəm təməl yaradır. Sevindirici haldır ki, 2013-cü ildə Bakıda Latışlar Cəmiyyətinin fəaliyyəti bərpa edilib.
 
Spiker diqqətə çatdırıb ki, son illərdə Azərbaycanda mütəmadi olaraq humanitar əməkdaşlıq üzrə beynəlxalq tədbirlər keçirilir. Ölkədə keçirilən beynəlxalq forumlar bunu söyləməyə əsas verir ki, Azərbaycan dünyada tolerantlıq və multikulturalizm mərkəzinə çevrilib.
 
Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti səfər çərçivəsində Latviya Milli Bədii Muzeyində də olub.
 
(Azərtac)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook