SON XƏBƏR

Ədliyyə Nazirliyi AzadlıqRadiosuna xəbərdarlıq etdi

Oktyabr 10
10:55 2017
Rusiyanın Ədliyyə Nazirliyi Azad Avropa/Azadlıq Radiolarına (RFE/RL) xəbərdarlıq edib ki, bu ölkədə, eləcə də Ukraynanın ilhaq olunmuş Krım regionunda fəaliyyətinə məhdudiyyətlər qoyula bilər. Moskva bunun Birləşmiş Ştatlarda Rusiya dövlətinin maliyyələşdirdiyi mediaya «təzyiq»ə cavab olaraq gerçəkləşdiriləcəyini bildirir.

Nazirlik oktyabrın 9-da göndərdiyi məktubda qeyd edir ki, Rusiyanın QHT-lər və xarici agentlərlə bağlı qanununun 2-ci maddəsi AzadlıqRadiosu ilə Amerikanın Səsi-nin birgə layihəsi olan rusdilli CurrentTime (Настоящее Время) televiziyasını da əhatələyir. Bu səbəbdən Rusiya bu televiziyaya məhdudiyyət qoya bilər.

«Təşkilatınızın fəaliyyəti Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş məhdudiyyətlərə məruz qala bilər», – nazirlik rəsmisi Vladimir Titov-un imzaladığı məktubda qeyd olunur.

Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) Radio Svoboda adıyla tanınan rus xidməti, tatar-başqırd xidmətinin rusdilli saytı olan Idel Realii və radionun Ukrayna xidmətinin Krım bölməsinə oxşar məktublar gəlib.

«CurrentTime, Radio Svoboda, Ukrayna xidmətinin Krım bölməsi və Idel Realii jurnalist təşkilatlarıdır. İnanırıq ki, işimizi davam etdirə biləcəyik», – RFE/RL-in vitse prezidenti və baş redaktoru Nenad Pejic məktuba cavab olaraq yaydığı bəyanatda vurğulayıb.

ABŞ-ın hüquq-mühafizə orqanları Rusiyanın azı iki media orqanının – RT peyk televiziyasının və Sputnik xəbər saytının fəaliyyətini araşdırır.

ABŞ-ın kəşfiyyat hesabatında Rusiya hökumətinin maliyyələşdirdiyi RT Kremlin ötən il Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxilə üçün yararlandığı əsas kanallardan biri adlandırılır.

O vaxtdan Vaşinqtona çağırışlar olunur ki, RT və Sputnik qeydiyyatdan keçməyə məcbur edilsin. Bu qeydiyyat 79 illik yaşı olan, ilk vaxtlar nasist propoqandasını önləməyi hədəfləyən qanun çərçivəsində aparılmalıdır. Sovet dövründə bəzi rusdilli media orqanları, «Pravda» qəzeti, TASS agentliyi xarici agent kimi qeydiyyatdan keçirdi.

RT-nin baş redaktoru Margarita Simonyan ötən ay bildirib ki, ABŞ rəsmiləri kanalın xarici agent qanununa uyğun qeydiyyata düşməsini tələb edib.

ABŞ Ədliyyə Departamenti isə məsələni şərh etməkdən bir neçə dəfə imtina edib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook