SON XƏBƏR

DTX-dan əməliyyat: Elnur Vaqifoğlu həbs olundu

May 24
14:39 2018
Ağdam rayonunda məktəb direktorunun evinin həyətində silah-sursat basdıran şəxslərlə bağlı maraqlı məlumatlar üzə çıxıb. 

Qlobal.Az lent.az-a istinadən xəbər verir ki, bu il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi daxil olmuş əməliyyat məlumatı əsasında birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib və 1-ci Yüzbaşlı kənd sakini, həmin kənddəki məktəbin direktoru Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - "İJ” və "TOZ-8” markalı tüfənglər, 1 ədəd "Naqan” markalı tapança,  2 ədəd "F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. 

Aparılan araşdırmalar zamanı əməliyyat məlumatının hüquq-mühafizə orqanlarına qəsdən ötürüldüyü, silah-sursatın Polad Zeynalova məxsus olmaması məlum olub. Araşdırmalar nəticəsində məlum olub ki, P. Zeynalovun həyətindən aşkarlanan silah-sursat, kənd məktəbində müəllim işləyən Vüsal Əliyev, onun bacısının həyat yoldaşı rayonun Baharlı kənd sakini Rizvan Mirzəliyev və Elnur Vaqifoğlu tərəfindən basdırılıb.
 
Bildirilir ki, bir müddət əvvəl Yüzbaşı kənd məktəbinin direktoru vəfat edib və onun yerinə oğlu Polad Zeynalov təyin edilib. Bundan sonra məktəbin direktoru ilə orada müəllim işləyən Vüsal Əliyev arasındakı əvvəldən gərgin olan münasibətlər daha da gərginləşib. Ədavət zəminində V.Əliyev direktorun həbs edilməsinə çalışıb və dostu Elnur Vaqifoğlu ilə birgə plan hazırlayıblar. Bu işdə onlara V.Əliyevin bacısının həyat yoldaşı Rizvan Mirzəliyev də kömək edib və onlar əldə etdikləri silah-sursatı gizli yolla Polad Zeynalovun evinin həyətində basdırıblar. Daha sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat ötürülüb. 
 
Məlumata görə, direktorun işdən çıxarılması və həbs edilməsi üçün planın əsas müəllifi olan Elnur Vaqifoğlu bölgədə jurnalist kimi tanınır və bir neçə saytın rəhbəridir. Onun barəsində mətbuatda daha çox xoşagəlməz məlumatlara rast gəlinir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook