SON XƏBƏR

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirindən dövlət rəsmisinə ağır ittiham

May 12
01:55 2018
Prezidentin işdən çıxardığı başçının oğlu Ümid Abuzərli ölkə rəhbərliyini komitənin işinə kölgə salmaqda ittiham edir

"Mənim, qardaşlarım, ailəm barəsində cəfəngiyyat dolu, uydurma, qeyri-ciddi ittihamlar yazılıb. Belə qeyri-peşəkar və əsassız, fakta söykənməyən, ucuz məqalə ilə işgüzar nüfuzumuzu ləkələmək cəhdləri boşa çıxıb.Ona görə də həmin xəbər portalının yaydığı şər-böhtan məlumatlarla bağlı hüquqi müstəvidə addımlar atacağam”.

Bu sözləri AzEuroNews.com-a Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri Ümid Abuzərli barəsində ittihamlara münasibət bildirərkən deyib.

Ü.Abuzərli bildirib ki, onun komitədə fəaliyyətsizliyi haqda iddialar yalandır və heç bir fakt göstərilmir:

"Bizim ailəmiz dövlətə, xalqa, onun rəhbərliyinə sədaqətlə bağlıdır, hansı vəzifəni tutmağımızdan asılı olmayaraq həmişə Azərbaycana xidmət etmişik. Biz komitə olaraq Azərbaycanın, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında işlər görürük və bu işlərimizə kimsə kölgə sala bilməz”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Prezident İlham Əliyev tərəfindən tutduğu vəzifədən azad edilib. Prezidentin məlum sərəncamını şərh edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib: "Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: "Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Akademik daha sonra bildirib ki, Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib.

"Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər. Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”, – deyə, akademik Ramiz Mehdiyev vurğulayıb.

Hörmətli Akademikimiz Ramiz Mehdiyevin "Dövlət Komitəsinin işində narazılıqlar var idi. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var” açıqlamasına şöbə müdiri Ümid Abuzərli "Biz komitə olaraq Azərbaycanın, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında işlər görürük və bu işlərimizə kimsə kölgə sala bilməz” fikirləri ilə cavab verib. Bu açıqlamadan çıxan nəticəyə qiymət verməyi dəyərli oxucularımızın ixtiyarına buraxırıq…



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook