SON XƏBƏR

Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayon ağsaqqalları və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib

Yanvar 18
18:42 2020
Ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar yanvarın 17-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın Bərdə rayon ağsaqqalları və Qarabağ müharibəsi əlilləri ilə görüşləri keçirilib.

Görüşləri YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirib ki, bu günə qədər keçirilən bütün seçkilərdə partiyamızın namizədlərinin qələbə qazanması, Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi xalqda partiyamıza və onun parlamentdəki təmsilçilərinə böyük rəğbət qazandırıb. Təşkilat sədrinin sözlərinə görə, 9 fevralda keçiriləcək parlament seçkilərində də namizədlərimizin dəstəklənəcəyinə əminik: "Çünki cənab İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası xalqımızın həyatında müstəsna xidmətləri ilə seçilən partiyadır. Parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən ən layiqli namizədlər irəli sürülüb və buna görə də partiyamız əvvəlki seçkilərdə olduğu kimi, budəfəki seçkilərdə də qələbə qazanmaq əzmindədir”.

Görüşlərdə çıxış edən deputatlığa namizəd Fatma Yıldırım ilk olaraq göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. Fatma Yıldırım seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır: "Bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik”.

Görüş iştirakçılarından İslam Əzimov, Yaşar Zamanov, Xosrov Musayev, Əliş Şərifov, Bəhrəm Nərimanov, İsmayıl Rüstəmov, Rizvan Qasımov və Samir Səfərov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədinin ilk görüşünü rayon ağsaqqalları və Qarabağ müharibəsi əlilləri ilə keçirməsini yüksək qiymətləndiriblər. Natiqlər seçicilərin 9 fevral parlament seçkilərində YAP-ın namizədi Fatma Yıldırıma səs verəcəklərini bildirib və onun qalib gələcəyinə əminliklərini ifadə ediblər.
 
Sonda YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya seçiciləri seçki günü fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
 
(YeniAzərbaycan.com)
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook