SON XƏBƏR

Deputatdan icra başçısına ittiham: "Özünü şah kimi aparır"

Avqust 08
22:41 2020
"Milli Məclisin dünənki iclasında sahibkarlara divan tutan, məhkəmə qərarlarını heçə sayan Göyçay rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin əməllərini tənqid etmişdim. Üzərindən heç bir gün keçməmiş guya Göyçay sakinlərinin bu tənqiddən qəzəblənib İcra hakimiyyətinə gələrək mənim çıxışımla bağlı öz narazılıqlarını bildirməsi barədə mediada Göyçay rayon İcra hakimiyyəti adından bir açıqlama yer aldı. Açığı mənim üçün sürpriz oldu, çünki belə anlaşılır ki, Göyçay sakinləri öz rayonlarının icra başçılarını o qədər çox sevirlər ki, onun barəsində kiçik bir tənqid eşitdiklərində çox ciddi əsəb keçirirlər”.
 
Qlobal.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa yazıb.

"Maraqlıdır ki, hazırda xeyli sayda Göyçay sakinindən də icra başçısının yarıtmaz əməlləri barədə müraciətlər ünvanıma daxil olur və oxuduqca anlayırsan ki, bu cür "təmiz, dürüst, korrupsiyaya bulaşmamış bir müqəddəs” məmur haqqında bəzi göyçaylılar heç də ədalətli mövqedə deyillərmiş.

Həmin sakinlərdən biri olan Göyçay rayonu Hacalı kəndində yaşayan sahibkar xanım Xəlilova Məhluqə Rəhman qızı bir millət vəkili kimi şəxsimə müraciət edərək Göyçay bələdiyyəsi tərəfindən hüquqlarının pozulmasını bildirmiş və məndən pozulmuş hüquqlarının bərpası üçün köməklik göstərməyi xahiş etmişdir. Məsələnin məğzi budur ki, Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətininin balansında olan 5 ha torpaq sahəsi "əsaslı və ya müvəqqəti tikilinin inşasına yol verilməməsi”şərti ilə abadlaşdırılmasi və yaşıllığın salınması məqsədi ilə rəsmi qaydada sahibkar Xəlilovanın istifadəsinə verilmiş və burada təyinatına uyğun olaraq sahibkar tərəfindən yaşıllaşdırma və abadlaşdırma işləri aparılmışdır. Lakin az sonra Göyçay bələdiyyəsi özünə heç bir aidiyyatı olmayan, yəni bələdiyyənin mülkiyyətində olmayan həmin torpaq sahəsi barədə qanunsuz qərar çıxarmış və dərhal zəbt olunduğunu iddia etdikləri 2,7 ha torpaq sahəsinin geri qaytarılmasını tələb etmişdir. Bələdiyyənin bu qərarından sahibkar Xəlilova Şəki İnzibati Məhkəməsinə şikayət etmiş və məhkəmə bələdiyyənin qanunsuz qərarının icrasını dayandırmaq barədə qərardad qəbul etmişdir. Məhkəmənin qərardadına əhəmiyyət verməyən icra başçısı sahibkarın torpaq sahəsinin əlindən zorla alınması üçün icra hakimiyyətinin və bələdiyyənin işçilərinə göstəriş vermiş, torpaq sahəsinin hasarları ağır texnika ilə uçurulmuşdur. Biz, bir millət vəkili olaraq bütün vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpasına çalışdığımız kimi bu məsələyə də həssas yanaşmış və icra hakimiyyətinin özbaşınalığı barədə Milli Məclisin 07 avqust 2020-ci il tarixli iclasında tənqidi fikirlərimizi səsləndirmişik. Bu çıxışdan nəticə çıxarmaq əvəzinə özünü rayonun kiçik padşahı kimi aparan icra başçısının göstərişi ilə media orqanlarında əleyhimizə əsassız ittihamlar səsləndirilmişdir.

Diqqət edirsinizsə, ölkə başçısının korrupsiya və özbaşınalığa qarşı apardığı qətiyyətli mübarizə nəticəsində ötən aylarda bir neçə rayon icra hakimiyyət başçısı öz otağında həbs olundu. Həmin şəxslərin hər birinin yüksək hakimiyyət eşalonunda himayəçiləri olmasına rağmən prezident xalqı incitdiklərinə və etimadı doğrultmadıqlarına görə onları bağışlamadı. Onların yerinə də korrupsiyaya bulaşmamış nisbətən gənc kadrları təyin etməklə həmin rayonlarda özbaşınalığa son qoydu və bu addım əksər vətəndaşlar, xüsusilə də sahibkarlar tərəfindən də yüksək dəstək qazandı. Həmin rayonlarda baş verənlərin spesifik cəhətlərindən biri də yerli hüquq-mühafizə orqanlarının və məhkəmə orqanının icra başçısının qanunsuz tapşırıqlarını icra etməsi ilə bağlı idi. İndi həmin problem Göyçay rayonunda da özünü qabarıq göstərir. Rayon icra başçısı dövlətə meydan oxuyur ki, mən Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarını saymıram, özüm rayonun həm məhkəməsiyəm, həm də sahibiyəm. Doğrudanmı bu cür vəzifəli şəxslər digər rayonlarda baş verənlərdən, korrupsioner, sahibkarları, vətəndaşları incidən icra başçıları ilə bağlı ölkə prezidenti cənab İlham Əliyevin sərt və ədalətli çıxışlarını izləyib nəticə çıxarmayıblar? Necə ola bilər ki, məhkəmə sahibkarın hüququnu qoruyan qərar çıxarır, məhkəmə icraçıları bu qərarın icra olunması üçün qətiyyətli mövqe göstərir, rayonun icra başçısı isə Azərbaycan dövləti adından çıxarılan məhkəmənin qərarına qarşı öz hikkəsi ilə dirəniş göstərir. Halbuki məhkəmə qərarlarına ilk növbədə ölkə prezidenti tərəfindən etimad göstərilərək yüksək vəzifəyə təyin olunmuş vəzifəli şəxslər dəqiq və tərəddüdsüz əməl etməklə başqalarına nümunə olmalıdırlar.

Hüququ pozulmuş şəxs kim olursa olsun, istər sahibkar Məhluqə Xəlilova, istər keçmiş millət vəkili Elxan Süleymanov, istər istənilən Azərbaycan vətəndaşı, istərsə də rayon icra hakimiyyətinin başçısı olsun, bir millət vəkili olaraq bizim üçün fərq etməz, hər birinin hüquqlarını qorumaq bizim borcumuzdur. Bir rayonun icra başçısının Azərbaycan dövləti adından məhkəmənin çıxardığı qərara əhəmiyyət verməməsi, yalnız bu qərarı çıxaran məhkəməyə deyil, bütövlükdə Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir. Azərbaycan dövlətinə qarşı hörmətsizlik göstərən hər bir şəxs kimliyindən, vəzifəsindən, himayədarlarının kimliyindən asılı olmayaraq bundan sonra da tərəfimizdən ən sərt mövqe ilə qarşılaşacaq”.
 
(hit.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook