SON XƏBƏR

Deputat: "Paşinyan naşı dövlət rəhbəri olduğunu hər gün bir daha nümayiş etdirir"

Sentyabr 02
08:55 2019
"Ermənistanın baş naziri Nikol Paşinyan davranışları və sərsəm bəyanatları ilə özünü gülünc vəziyyətinə salır. Bununla o, qeyri-ciddi siyasətçi və naşı dövlət rəhbəri olduğunu hər gün bir daha nümayiş etdirir”.
 
Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Paşinyan hələ də mitinq, küçə eyforiyası və düşüncəsi ilə hərəkət edərək siyasət və dövlət adamı olduğunu anlaya bilmir. Hər zaman bir-biri ilə ziddiyyət təşkil edən açıqlamalar verən baş nazir tamamilə özünü itirib. O, pafoslu, reallıqdan uzaq vədlərlə hakimiyyətə yiyələndiyi Ermənistanda əhaliyə verdiyi vədləri yerinə yetirə bilmədikcə və bunun nəticəsi olaraq vəziyyəti gündən-günə çətinləşdikcə ağılsız bəyanatlar verməyə məcbur olur. Düşdüyü vəziyyətdən çıxmaq, itirdiyi nüfuzunu bərpa etmək üçün özündən əvvəlki Ermənistan rəhbərlərinin - koçaryanların, sarkisyanların belə ağlına gəlməyən ən avantürist bəyanatları səsləndirir və həm özünü, həm də ölkəsini uçuruma doğru aparır. Onun "Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatları münaqişənin sülh yolu ilə həlli prosesinə maneə yaradır. Gah deyir ki, münaqişənin Ermənistana aidiyyəti yoxdur, bu problem Azərbaycanla Qarabağ erməniləri arasındadır, gah deyir ki, format dəyişikliyi olmalıdır, Qarabağ erməniləri danışıqlarda tərəf kimi iştirak etməlidir, gah da deyir ki, Qarabağ Ermənistanındır, Ermənistana birləşdirilməlidir və sair. Çox təəssüf ki, Paşinyanın bu cür təxribatçı bəyanatları və addımları ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qulaqardına vurulur. Bütün bunlar təbii ki, işğaldan əziyyət çəkən Azərbaycan xalqında haqlı olaraq ciddi narazılıqlar yaradır. Azərbaycan xalqı və dövləti Ermənistanın işğalçı, təxribatçı siyasətinə son qoyulmasını, Minsk qrupunun həmsədrlərinin sözdən işə keçərək Ermənistanın sülhə məcbur edilməsini bir tələb kimi qarşıya qoyur.

"Biz haqqımızı tələb edirik. Heç kəsdən heç nə istəmirik. Dünya ictimaiyyəti, xüsusilə beynəlxalq təşkilatlar Ermənistana öz yerini göstərməlidir. Ermənistan Azərbaycan ərazilərindən geri çəkilməyə məcbur edilməlidir”, - deyə deputat qeyd edib.
 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook