SON XƏBƏR

Deputat: “Ünvanlı sosial yardımla eyni vaxtda “uşaq pulu”nun verilməsi məqsədəuyğun deyil”

Avqust 29
19:42 2019
Azərbaycan dövlətinin uğurlu sosial siyasəti nəticəsində ölkədə daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkədə 10-dan çox sosial müavinət növü var ki, məhz uşaqların sosial müdafiəsinə yönəlib.

"Report"un xəbərinə görə, hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir.

Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına da müavinət verilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər. Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. Qeyd olunan müavinətlərin mütəmadi olaraq artırılması təmin edilir.

Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı bu istiqamətdə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Belə ki, Sərəncama əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.

Eyni zamanda, Sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.

Uşaqlar üçün verilən müavinətin bərpası məsələsi mütəmadi olaraq gündəmə gətirilir. 

İlk növbədə vurğulamaq lazımdır ki, "uşaq pulu”nun verildiyi ölkələr demoqrafik problemlər yaşayır, Azərbaycan əhalisi isə artıq 10 milyon nəfəri keçib. Son 15 ildə əhali artımı 1.7 milyon nəfər təşkil edib. İnkişaf etmiş ölkələrdə yüksək məbləğdə verilən müavinətlər əhalinin azalmasının qarşını almaq üçün görülən stimullaşdırıcı tədbirlər xarakter daşıyır.

Bununla belə, sosial müavinətlərin verilməsində uşaqlara dair məsələlər tam diqqətdə saxlanılır və dövlət tərəfindən ünvanlılıq prinsipi əsas götürülür. Ölkə üçün əhali artımı deyil, daha yüksək kompetensiyalara malik vətəndaşın formalaşdırılması və bunun üçün imkanların yaradılması prioritetdir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev "Report”a açıqlamasında bildirib ki, bu il ərzində dövlət minimum əmək haqqının və minimum pensiya məbləğinin kəskin artımına gedib: "Bu isə dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətini nümayiş etdirir. Azərbaycan əhali artımının aşağı olduğu, demoqrafik problem yaşayan ölkələrdən olmadığı üçün belə addımın atılması zərurəti yoxdur. Uşaqlar üçün verilən müavinətin bərpası formasında təkliflər verilərkən maliyyə yükü amili mütləq nəzərə alınmalı, bütövlükdə ailələrin sosial müdafiəsində hansı proqramların (ünvanlı sosial yardım sistemi, özünəməşğulluq proqramları) daha çox fayda verdiyi önə çıxarıla bilər”.

"Bu il büdcədən təxminən 4 milyard manata yaxın əlavə vəsait tələb olunub ki, sosial sahədəki mövcud artımların reallaşdırılması mümkün olsun. Ölkə başçısı ilin əvvəlində çıxışında qeyd etmişdi ki, büdcənin gəlirləri artdıqca sosial müdafiə sahəsinə də diqqət artırılacaq və əhalinin yaşayış rifahı yüksələcək” - deyə M.Quliyev əlavə edib.

Uşaqlar üçün verilən müavinətin bərpası məsələsinə gəlincə, komitə üzvü vurğulayıb ki, bu, diskussiya mövzusu kimi maraqlıdır: "Hesab edirəm ki, hökumətin də müvafiq qurumlarında bu məsələ müzakirə olunur. Milli Məclisdə də bu məsələ bir neçə dəfə müzakirəyə çıxarılıb. Azərbaycanda 2000-ci illərin əvvəllərində sosial müavinətin "uşaq pulu" şəklində verilməsi həyata keçirilirdi. Lakin sonradan uşağı olmayan ailələrin, eləcə də aztəminatlı ailələrin də sosial müdafiəsini də dövlət öz üzərinə götürməsi, onlara da müavinətlər verilməsi təklif olundu. Ünvanlı sosial yardım prinsipinə üstünlük verildi.

Ancaq həm "uşaqpulu”nun, həm də ünvanlı sosial yardımın verilməsi məqsədəuyğun deyil. Çünki "uşaq pulu" yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanından xaric olunacaq. Yəni ailənin gəlirləri artacaq və onlara ünvanlı sosial yardım tətbiq olunmayacaq. Bəziləri də təklif edir ki, "uşaq pulu" ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilsin. Burada da sosial ədalət prinsipinə sadiq qalınmalıdır. Çünki elə ailə var ki, onların gəlirləri olduqca yüksəkdir. Onların ailəsinə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi ailə büdcələrinə hiss olunacaq dərəcədə təsiri olmayacaq. Lakin həmin vəsaiti aztəminatlı ailənin uşağına yönəltsək bu daha yaxşı olar”. 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook