SON XƏBƏR

Deputat: Ermənistan hər dəfə Azərbaycanın diplomatik həmlələri ilə autsayder vəziyyətinə salınır

Dekabr 08
14:33 2018
Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət işğalçı Ermənistanı daim küncə sıxışdırmaqla mümkün qədər tez işğal faktına son qoymağa hesablanıb və mütləq konkret nəticələrə gətirib çıxaracaq. Məsələ burasındadır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasını önə çəkməklə bu müttəfiqlikdən işğal etdiyi Azərbaycan torpaqlarını daim nəzarət altında saxlamaq üçün vasitə kimi istifadə etməyə çalışır. Bu kontekstdə MDB məkanında mövcud olan mümkün hərbi-siyasi resursları da öz lehinə çevirməyə cəhd edir. Ancaq Azərbaycan Ermənistan istisna olmaqla istər MDB-yə, istərsə də KTMT–yə üzv ölkələrin hər biri ilə elə səviyyədə münasibətlər qurub ki, regional təşkilatlarda mövcud olan bütün hərbi–siyasi resurslar və siyasi-iqtisadi dəstək daha çox ölkəmiz üçün əlçatandır. Belə vəziyyət isə Ermənistanı ciddi şəkildə narahat edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, strateji balansı öz lehinə dəyişmək istəyən Ermənistan hər dəfə Azərbaycanın yeni diplomatik həmlələri ilə autsayder vəziyyətinə salınır. Son dövrlərdə müşahidə etdiyimiz mənzərə bunu bir daha təsdiq edir. Dekabr ayının 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi Zirvə toplantısında işğalçı ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın istər sözün hərfi mənasında sırf vizual baxımdan, istərsə də diplomatik baxımdan bir daha belə vəziyyətə düşməsi Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü diplomatik gedişlərin nəticəsidir. Hətta iş o yerə gəlib çatıb ki, bir zamanlar Ermənistanın Azərbaycana qarşı təhdid vasitəsi kimi istifadə etməyə çalışdığı KTMT-yə baş katib seçilməsi məsələsi Ermənistanla deyil, bu və ya digər formada Azərbaycanla müzakirə edilir. Görünən odur ki, Ermənistan üzvü olduğu hərbi-siyasi təşkilatda təcrid vəziyyətinə düşüb. Paşinyanın rəyi nəzərə alınmadan üzv dövlətlər tərəfindən KTMT-yə baş katibin kim olması məsələsi həll ediləcək. Ermənistanın baş katib vəzifəsini özündə saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu, ümumilikdə, Ermənistanın siyasətinin və diplomatiyasının növbəti məğlubiyyətidir. Şübhəsiz ki, işğalçı dövlət olan Ermənistanın istənilən sahədəki məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Ancaq bütün bunlara baxmayaraq, tədbir çərçivəsində Prezident İlham Əliyev bir daha problemin sülh yolu ilə həllində maraqlı olduğunu nümayiş etdirib, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. Söhbət zamanı Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini bildirib. Qeyd edib ki, girovlar "hamının hamıya” prinsipi əsasında dəyişdirilməli, Dilqəm Əsgərov və Şahbaz Quliyev də onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır. Ancaq təəssüf ki, Paşinyan ölkəsinə qayıtdıqdan sonra yenə qeyri-ciddi fikirlər səsləndirməklə hərbi-siyasi reallığı obyektiv qiymətləndirmək bacarığından uzaq olduğunu göstərdi. Hərbi-siyasi reallıq isə ondan ibarətdir ki, Azərbaycan regionun güc mərkəzidir və bu ölkənin ordusu Aprel döyüşləri kimi əməliyyatları daha geniş miqyasda həyata keçirməyə qadirdir. Ona görə də işğalçı ölkə öz davranışlarında yuxarıda sadaladıqlarımızla bərabər bütün bunları nəzərə almalı, işğal faktının aradan qaldırılması üçün real addımlar atmalıdır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook