SON XƏBƏR

Dağıstanın yeni rəhbəri Azərbaycanın adamı ola bilərmi...

Oktyabr 03
10:47 2017
Politoloq Qabil Hüseynli: "Kreml belə təyinatları Azərbaycan kimi kiçik ölkələrlə məsləhətləşməz”
 
Dağıstan rəhbəri Ramazan Abdulatipov "öz ərizəsi ilə” işdən çıxsa da Kreml onun yerinə kimin namizədliyinə üstünlük verdiyini hələ açıqlamır. Dağıstan rəhbəri postuna əsas namizədlər Şimali Qafqaz üzrə prezidentin keçmiş səlahiyyətli nümayəndəsi, "Rosqvardiya”nın direktor müavini, general-polkovnik Sergey Məlikov və respublikanın keçmiş rəhbəri, hazırda Kreml administrasiyasında işləyən Maqomedsalam Maqomedov hesab edilir. Lakin məlumatlara görə, Dağıstandakı nüfuzlu klanların başqa namizədləri də var, hərçənd onların şansları elə də yüksək deyil.
 
Virtualaz.org RİA Novostiyə istinadən bildirir ki, prezident Vladimir Putinə Dağıstan rəhbəri postuna bir neçə nəfərin namizədliyi təqdim edilib. Lakin onun qərarı hələ məlum deyil. "Bunu demək düzgün olmazdı ki, general Melikov əsas namizəddir. Baxmayaraq ki, güc strukturlarındandır və bu da Dağıstan kimi region üçün mühümdür. Maqomedovun qaytarılması da tamamilə ehtimal ediləndir”.
 
Jurnalist Maksim Şevçenko isə bildirir ki, Putin Dağıstan rəhbəri postuna kimi təyin etmək barədə artıq qərar verib, lakin özünəməxsus klassik pauza edərək klanların reaksiyasını yoxlayır.
 
Qeyd edək ki, Ramazan Abdulatipov Azərbaycana isti münasibəti ilə seçilən şəxsdir. Onun ölkəmizlə sıx əlaqələri daim olub. Hakimiyyətdə olduğu dövrlərdə Dağıstan-Azərbaycan əlaqələri yaxşı səviyyədə olub. Dağıstanın Azərbaycan üçün mühüm bölgə olduğunu nəzərə alsaq, oraya Abdulatipovdan sonrakı dövrdə kimin rəhbərlik etməsinin ölkəmiz üçün də əhəmiyyət daşıdığı qənaətinə gəlirik. Bəs Azərbaycan hökuməti Rusiya iqtidarı ilə bu məsələdə məsləhətləşə, Dağıstana Azərbaycana müsbət münasibətdə olan şəxsin rəhbər təyin edilməsini xahiş edə bilərmi?

Politoloq Qabil Hüseynli bildirdi ki, bu çox çətin məsələdir. Əvvəla, Azərbaycan tərəfi belə bir addım atmaz. İkincisi, belə bir addım diplomatik etik qaydaların pozulması kimi qarşılana, eyni zamanda daxili işlərə qarışma kimi qəbul edilə bilər: "Belə məsələləri Rusiya iqtidarı milli, dövləti qürur məsələsi kimi qəbul edir. Elə hesab edirlər ki, özlərindən xeyli kiçik hansısa dövlətin onlara kadr təyinatında müraciət, təklif etməsi onların nüfuzuna zərbə olar. Ona görə də hansısa danışıq aparmağa lüzum yoxdur. Kreml belə təyinatları Azərbaycan kimi kiçik ölkələrlə məsləhətləşməz”.
 
Politoloq vurğuladı ki, əslində Dağıstanın yeni rəhbəri olacaq şəxs də Azərbaycanla münasibətlərin normal qalmasında maraqlı olmalıdır. Çünki bu, Dağıstan xalqına da lazımdır: "Vladimir Putin prezident seçkilərinə hazırlaşır. Abdulatipovun vəzifəsindən uzaqlaşdırılması da seçkiyə hazırlıqların tərkib hissələrindən biridir. Dağıstan çox mürəkkəb bir bölgədir. İŞİD-in dağılmasından sonra bu bölgədə vəziyyətin daha da kəskinləşəcəyi proqnoz edilir. Bu bölgədə qarşıdurmalar, silahlı qruplarla hökumət qüvvələri arasında atışmalara onsuz da daim gedir. Putini narahat edən məqamlardan biri Dağıstan bölgəsində vəziyyətin daha da gərginləşəcəyi ola bilər. Abdulatipovun yerinə gətiriləcəyi deyilən general Sergey Məlikovun atası ləzgidir, anası rus. Abdulatipov milliyyətcə avardır, alimdir, elmlər doktoru professordur, Azərbaycana da çox yaxşı münasibəti var. Abdulatipov müstəqil mövqeyi olan şəxsdir. Amma general Sergey Məlikov əsgər təxəyyüllü adamdır və Kremldən gələn bütün əmrlərə qeyd-şərtsiz, artıqlaması ilə müntəzir olacaq. Görünür ki, Kremlə daha sərt, yerli əhalinin dini istəklərinə qarşı ciddi mübarizə aparan hakimiyyət formasının bərqərar olması lazımdır. Kreml Dağıstanda dinin geniş yayılmasından çox ehtiyatlanır. Dağıstana ümumiittifaq büdcədən ayrılan vəsait Çeçenistana ayrılan vəsaitdən xeyli azdır. Ona görə də ciddi iqtisadi problemlər var. Yeni təyin ediləcək şəxsin mərkəzi büdcədən ciddi ayırmalar olmadan əhalinin əhval-ruhiyyəsini tənzimləyə biləcəyini söyləmək çox çətindir. Azərbaycanla münasibətlər də Abdulətipov dövründə olduğu kimi olmayacaq. Azərbaycana isə Dağıstan önəmli bölgədir və münasibətlərin ən azından Abdulatipov dövründə olduğu kimi olması lazımdır. Əslində Dağıstanın yeni rəhbəri olacaq şəxs də Azərbaycanla münasibətlərin normal qalmasında maraqlı olmalıdır. Çünki bu, Dağıstan xalqına da lazımdır. Azərbaycan-Dağıstan münasibətlərinin əvvəlki ənənələr üzrə inkişaf etməsi vacibdir. Əks təqdirdə, arzu edilməyən problemlər meydana çıxa bilər”.
 
(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook