SON XƏBƏR

Cümşüd Nuriyevin “yüngül əxlaqlı” mövqeyi

Noyabr 28
00:05 2019
Sabiq millət vəkili Cümşüd Nuriyev AzTV-nin "Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınlar barəsində əxlaqa və mənəviyyata sığmayan sözlər səsləndirib. Cəmiyyətin bütün kəsiminin haqlı etirazını, daha doğrusu hiddətini görən C. Nuriyev mətbuata açıqlama verərək sözlərinin təhrif olunduğunu deyərək özünün də vaxtilə Qarabağda döyüşdüyünü, Qarabağda döyüşən qadınlardan üzr istədiyini bildirib.

Əlbəttə, normalda bir insan hansısa səhv addım atdıqdan sonra üzr istəyirsə müəyyən mənada səhvi bağışlanılır, ona yenidən yaşadığı cəmiyyətə yararlı insan olması üçün şans yaradılır. Amma C. Nuriyevin səhvi nə bağışlanası səhvlərdəndi, nə də, yaşı o yaş deyil ki, deyəsən bundan sonra cəmiyyətə yararlı ola bilər. Adam əgər bu vaxta qədər dövləti üçün, xalqı üçün yaxşı bir əməlin sahibi deyilsə, guya bundan sonra nə edəcək ki?! Adam mətbuata verdiyi açıqlamasında fahişə adlandırdığı qadınlardan birinin öz işçisi olduğunu deyərək zatən xarakterini, hansı mənəvi ölçüyə sahib olduğunu açıq-aşkar ortaya qoyur. Zaman-zaman sərsəm sözləri, açıqlamaları ilə gündəmə gəlmək istəyən C. Nuriyev Qarabağda döyüşə getmiş qadınlar barəsində səsləndirdiyi məlum ifadələrlə dövlətin, xalqın mənəvi sütunlarına toxunub.

Bəzən tez-tez bizə aid olanları - ədəbiyyatımızı, mədəniyyətimizi düşmənin ədəbiyyatı, mədəniyyəti ilə müqayisə edərək zənginliyimizlə öyünürük. Ancaq eyni zamanda sahib olduqlarımıza, xüsusən də istedadlı, yaradıcı insanlarımıza dəyər vermək məsələsində ermənilərdən kifayət qədər geridə qalırıq. İndi siz deyin, hansısa bir erməni Qarabağda döyüşən erməni qadınına hətta fahişə olsa belə, fahişə deyərdimi?!

Cümşüd Nuriyev "Əsas məsələ”-də səsləndirdiyi fikirlər yadıma Mopassanın dünya ədəbiyyatının şedevrlərində sayılan "Gombul" hekayəsini saldı. Yəqin ki, əksəriyyətiniz oxumusuz. Hekayə 1870-71-ci illərdə Fransa ilə Prussiya arasında gedən müharibədən bəhs edir. Bu müharibədə qalib almanlardır. Əsərin qəhrəmanı Elizabet adlı yüngül əxlaqlı gənc qadındır. Elizabet dolu bədənli xanım olduğu üçün ona "gombul" ləqəbi verilib. "Gombul" fransız kübar ailə ilə almanların nəzarətində olan şəhərdən digər şəhərə getməli olur. Qış gecəsində kareta ilə səfərə çıxan kübar fransızlar "Gombul"un onlarla bir karetada getməklərindən məmnun deyillər, onunla bir karetada olmağı, bir yol getməyi şərəflərinə sığışdırmırlar. Xeyli yol getdikdən sonra onlar bir mehmanxanaya çatırlar, burada dincəlib yola düşmək istədikdə atlarının və karetanın alman zabiti tərəfindən girov götürüldüyünü öyrənirlər. Alman zabitinin tələbi isə Elizabetanın, yəni "Gombul"un onunla yatağa girməsidir. Elizabeta fahişə olsa da düşmən zabiti ilə yatağa girmək istəmir. Ancaq alman zabitinin sonrakı şərti daha ağır olur: əgər "Gombul" onunla yatağa girməsə karetadakı kübar ailənin üzvü olan qadın onunla yatağa girməlidir. Hər kəs əl-ayağa düşüb Elizabetaya yalvarmağa başlayır. Karetada səfər edən rahibələr də Elizabetanı inandırmağa çalışırlar ki, əgər razılıq versə Tanrı dərgahında bütün günahları bağışlanacaq. Və beləliklə "Gombul" alman zabiti ilə yatağa girir və kübar fransızların "şərəfi" alman zabiti tərəfindən ləkələnmir...

Cümşüd Nuriyevin dediyi Qarabağda döyüşən o qadınlar öz cəsarətləri ilə çox fərari və yüngül əxlaqlı "kişilərin" namusunu qorudular.

Ona görə də minnətdarlıqla anılmalıdırlar!

Mübariz Məmmədov
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook