SON XƏBƏR

COVID-19-un "Remdesivir"lə müalicəsinin xərci məlum oldu

İyul 09
12:57 2020
Yeni növ koronavirua infeksiyasına (COVID-19) yoluxmuş xəstələrin "Remdesivir" preparatı ilə müalicəsinin xərci məlum olub.

Bununla bağlı Qaynarinfo-ya açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Avropa ölkələrində həmin dərman vasitəsilə müalicənin effektivliyindən danışıb.

Onun sözlərinə görə, hazırda Avropada bir adamın "Remdesivir"lə müalicəsi, minimum olaraq 2000 avroya başa gəlir: 

"İlk günlərdə Avropada sığorta sistemlərinə baha başa gələn bu dərmanın hazırkı qiyməti o qədər də böyük bir məbləğ deyil. Çünki ən son elmi tədqiqatlar onu göstərir ki, bu dərmanın istifadəsindən sonra bir xəstə üçün ümumi xəstəxana xərci təxminən 12 000 ABŞ dolları azalır. Bundan əlavə, dərmanla bağlı hər kəsi narahat edən məsələlərdən biri də tələbat artımından sonra qıtlığın yarana biləcəyi ehtimalı idi. Hazırda tələbata uyğun olaraq bu məsələ istehsalçılar tərəfindən nəzərə alınıb. 

Eyni zamanda xəstəliyə qarşı mübarizədə istifadə olunan ən effektli dərman vasitəsi kimi istifadə olunan "Remdisivir"lə bağlı süni qiymət artımı da narahat doğuran məsələlərdən biri idi. Bunun da müxtəlif ölkələrdə qarşısının alınması üçüm sığorta mexanizmləri təkmilləşdirilib".

Tibb elmləri doktoru xatırladıb ki, dərmanın virusa xüsusi təsiri nəticəsində onun orqanizmdə çoxalmasının qarşısı alınır: "Bu da ümumi kliniki vəziyyətə birbaşa təsir edir. Hətta bir çox xəstələrin bu dərmandan istifadəsindən sonra süni tənəffüs cihazına qoşulmasına ehtiyac qalmır".

N.Adullayev Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində "Remdesivir"dən istifadənin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycanlı alim əminliklə bildirib ki, dərman preparatının yan təsirləri, yəni qaraciyər və böyrəyin funksiyasında dəyişikliklər də tədqiqatlar nəticəsində artıq öyrənilib və bunlar da nəzərə alınaraq dərmandan istifadə Azərbaycanda da tətbiq edilə bilər.

Qeyd edək ki, artıq bir müddətdir ki, koronavirus xəstələrinin müalicəsində "Remdesivir" preparatından istifadənin effektlivliyi elmi tədqiqatlarda sübut olunduqdan sonra Avropada aidiyyatı qurumlar tərəfindən istifadəsinə rəsmi şəkildə icazə verilib və artıq COVID-19 xəstələrinin müalicəsində sözügedən dərmandan istifadəyə başlanılıb. Tibb sahəsində nüfuzlu elm adamlarının, o cümlədən də Köln Universitetindən olan alimlərin apardığı elmi tədqiqatlar zamanı preparatın ağır koronaviruslu xəstələrdə xəstəliyin kifayət qədər yüngül keçməsinə səbəb olması və hətta xəstəlikdən sağalma müddətini 11 günə endirməsi sübut olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook