SON XƏBƏR

Cocuq Mərcanlıya 3 milyon manat pul ayıracağını deyib xalqı aldadan iş adamının yubileyidir

Fevral 12
13:07 2018
Rusiyada yaşayan Azərbaycanlı iş adamı Füzuli Məmmədovun 55 yaşı tamam olur. 
 
Uzun müddətdir ki, Rusiyada yaşayaraq biznes fəaliyyəti ilə məşğul olan Füzuli Məmmədov zaman-zaman xeyriyyəçilik işləri ilə də məşğul olub. Etdiyi xeyirxahlıq əməllərinə görə xalq arasında müsbət reputasiyası olan iş adamının imici ötən il ciddi formada zədələndi. Belə ki, Füzuli Məmmədov yerli mediaya açıqlama verərək 2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin bərpasına 3 milyon manat ayıracağını elan etmişdi. Ötən ilin əvvəlində iş adamının Modern.az saytına verdiyi açıqlamadan sitat:"Prezident İlham Əliyevin müvafiq sərəncamına dəstək olaraq "Dünya Azərbaycanlıları İttifaqı" azad olunmuş Azərbaycan ərazilərinə sərmayələrin cəlb olunmasında iştirak etməyə hazırdır. "Dünya Azərbaycanlıları İttifaqı”, başda mən olmaqla, ilkin olaraq erməni işğalından azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir və bütün dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirərək yardımlarını əsirgəməməyə çağırırıq.
 
Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq   Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər  şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş  etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları öz növbəmizdə əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökümətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik”.
 
Ancaq sonrakı proseslərdə iş adamı verdiyi vədə əməl edərək Cocuq Mərcanlının tikintisinə vəsait ayırmadı. Bu haqda mediada çoxsaylı yazılar yazılsa da, Füzuli Məmmədov "3 milyonluq vəd"indən qaçmasının əsl səbəblərini açıqlamadı. 
 
Xatırladaq ki, Füzuli Məmmədov 1963-cü ilin, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubadrayonunda anadan olub.1983-cü ildə Naxçıvandan Rusiyaya köçən F.Məmmədov, 1989-cu ildən "İnterserver” şirkətinin prezidenti vəzifəsində çalışır.

Rusiyada hüquqşünas və iqtisadçi ali təhsili alan Füzuli Məmmədov, siyasi elmlər namizədidir. Rusiyada yaratdığı biznesini 2014-cü ildən, başda İtaliya olmaqla Avropaya köçürmüşdür. Rusiyadan çıxmasının səbəbi isə, yaxın münasibətdə olduğu Moskva meri Yuri Lujkovun vəzifəsindən çıxması olub. Rusiyada və bir sıra başqa xarici ölkələrdə "Frenk Fond"u fəaliyyət göstərir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook