SON XƏBƏR

Cəbhədəki gərginlikdən BMT də narahatdır

Fevral 28
11:09 2017
Təşkilat tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb.
 
Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibi Antoniu Quterreş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır. O, tərəfləri atəşkəs rejiminə əməl etməyə və konkret danışıqları bərpa etməyə çağırıb. İstiPress TASS agentliyinə istinadən xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.

"Biz bu yaxınlarda təmas xətti boyunca toqquşmaların baş verməsi barədə xəbərlərdən narahatıq", - deyə o bildirib və qeyd edib ki, BMT-nin baş katibi vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması və gərginliyin təhlükəli həddən aşağı salınmasına çalışan ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu həmsədrlərinin (Rusiya, Fransa və ABŞ) səylərini tam olaraq dəstəkləyir.

Düjarrikin sözlərinə görə, ümumdünya təşkilatının inzibati rəhbəri tərəfləri atəşkəsə xələl gətirə biləcək istənilən hərəkətdən çəkinməyə və yubatmadan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş konkret danışıqları bərpa etməyə çağırıb.
 
Xatırladaq ki, Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook