SON XƏBƏR

Cəbhədə nə baş verir: Silahlar niyə susmur?

Fevral 25
12:25 2017
Son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi müşahidə edilir. Ermənistan tərəfinin hərbi texnika və piyada qoşunlarını təmas xəttinə toplaması yaxın günlərdə hərbi toqquşmanın ola biləcəyi ehtimallarını artırır. Müdafiə naziri Zakir Həsənovun cəbhə xəttində görünməsi vəziyyətin daha da gərginləşəcəyinə bir işarədir. Ekspertlər belə hesab edirlər ki, son günlər düşmənlə təmas xəttində baş verən gərginliyin əsas səbəbi Ermənistanın siyasi elitasının xalqın gözündən düşməsidir. Belə ki, cinayətkar hakimiyyət xalqı müharibə xofunda saxlamaq istəyir. 

"Onlar hərbçilərini ölümə göndərirlər”



Qlobal.Az cebhe.info-a istinadən xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərli də bu günlərdə cəbhə xəttində baş verən gərginliyi düşmənin siyasi arenada nüfuzunun zəifləməsi ilə əlaqələndirib. O, qeyd edib ki, baş verə biləcək xırda bir təxribat Ermənistan hakimiyyətinə baha başa gələ bilər: "Ermənistanın müdafiə naziri prezident Serj Sarkisyana xüsusi yaxınlığı ilə seçilən bir insandır. Yaxın günlərdə də seçkilər olacaq deyə onlar daxildəki ziddiyyətləri, daxili problemləri gizlətməyə çalışırlar. Öncə Tovuz-Qazax istiqamətində Ermənistan Azərbaycan sərhəddində təxribatlara əl atdılar, son günlərdə isə Talış istiqamətində təxribat-diversiya hərəkətləri həyata keçirdilər. Azərbaycan Müdafiə Nazirliyi də mütəmadi olaraq ön xəttə olan hərbçiləri diqqətdə saxlayır və bu günlərdə nazirin ön xəttə yollanması bunun bariz nümunəsidir. Hətta nazirliyin yaydığı son materialda da açıq-aşkar düşmən tərəfin təxribatları öz əksini tapıb. Silahlı Qüvvələrimiz də onların bu təxribatlarının qarşısını qətiyyətlə alıb. Sadəcə, mənə maraqlıdır ki, onlar nəyə nail olmaq istəyirlər? Azərbaycanın bu qədər hərbi texnikası, gecəgörmə, müşahidə cihazları, pilotsuz uçuş aparatları olduğu halda düşmən niyə bu cür təxribatlara əl atır? Bu isə onun göstəricisidir ki, onlar siyasi arenada olduğu kimi, hərb sahəsində də qeyri-peşəkardılar. Onlar bu təxribatlarla birbaşa olaraq öz hərbçilərini ölümə göndərirlər. Ermənistan hakimiyyəti bu cür öz hərbçilərinin həyatı ilə addımlarla oynayır”. 

"Əməlliyatlar fevralda da başlana bilər”

Üzeyir Cəfərli deyir ki, bizim bu gərginlikdə itirəcək heç nəyimiz yoxdur, əksinə, erməni tərəfi gərək narahat olsun: "Onlar çalışır ki, seçkiərəfəsi xalqın etimadını qazanmaq üçün, itirdikləri mövqeləri hansısa təxribatla geri qaytarsınlar. Amma onlar təbii ki, buna nail ola bilməyəcəklər, əksinə, hər an baş verə biləcək antiterror əməliyyatları onların siyasi elitasının taleyini alt-üst də edə bilər. Ölkə başçımız bu yaxında Pakistana səfər edəcək, hər gün İsraildən və digər güc dövlətlərindən ən yüksək hərbi təyinatlı texnikalar alınır, ordunun silah, texnika arsenalı zənginləşdirilir. Bəzi politoloqlar, ekspertlər düşünürlər ki, apreldə yenidən ötən ilki hadisələr təkrarlana bilər. 

Mən anlamıram, niyə məhz aprel? Bu fevral ayında da baş verə bilər. Bizim ərazi bötüvlüyümüz pozulub, düşmən bizim ərazilərimizi zəbt edib. Bu prosesin bir sonu olmalıdır. Biz ərazi bütövlüyümüzü təmin etməliyik, sonsuzluğa qədər bu proses davam edə bilməz”. 

"Müharibəyə hazır olmalıyıq”



Hərbi ekspert Ramil Məmmədli də mövcud situasiyada müharibə ehtimalının yüksək olduğunu bildirib: "Azərbaycan tərəfi müharibəyə hazırlaşır, döyüşə hazırlaşır. Hər gün də yeni avadanlıqlar ordunun arsenalına daxil edilir, ordunun psixoloji durumu, əhalinin orduya güvəni də bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir olduğumuzu bir daha sərgiləyir.  Son günlər Serj Sarkisyanın rəhbərlik etdiyi separatçı, irticaçı rejim öz siyasi ambisiyalarını cəbhədəki gərginliklə ört-basdır etməyə xidmət edir. Bununla yanaşı Ermənistan hakimiyyəti göstərməyə çalışır ki, biz Azərbaycanla heç vaxt sülh şəraitində yaşaya bilmərik, onlar düşməndir”. Ekspert deyir ki, sülh sazişi imzalanarsa, Azərbaycanla birgə yaşayış zamanı iqtisadi əlaqələr müzakirə mövzusu olarsa, o zaman Ermənistan hakimiyyəti xalqın dayağından məhrum olacaq: "Bunu özləri də bilir. Ona görə də onlar bütün imkanları ilə ölkələrində barəmizdə mənfi fikir formalaşdırmağa çalışırlar. 2017-ci ildə Ermənistanla Azərbaycan arasında böyük hərbi əməliyyatların olması ehtimalı yüksəkdir. Və böyük əməliyyatların olması gözlənilir. Amma onu dəqiq deyə bilərəm ki, bu aprel ayında olmayacaq. Hər an başlaya bilər”. 

Savaşı Rusiya da istəmir

Ekspert supergüclərin münaqişənin alovlanmasının lehinə olmadıqlarına da toxunub: "Mövcud vəziyyəti analiz etsək, görərik ki, ermənilər yeni ərazilər işğal etmək, digər rayonlara iddia etmək niyyətində deyillər. Bu cür əməllərlə hazırkı mövqelərini möhkəmləndirməyə, tanıtdırmağa və qəbul etdirməyə çalışırlar. Onlar bilirlər ki, hər hansı irimiqyaslı əməliyyata başlayacaqları təqdirdə burunları ovulacaq, aprel hadisələri təkrarlanacaq. Ona görə də onlar lokal şəkildə cəbhə xətti istiqamətində diversiya-təxribat hərəkətlərinə yol verirlər. Ruisya da Ermənistan-Azərbaycan münasibətlərinin gərginləşməsini istəmir. Çünki vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya da çıxılmaz vəziyyətdə qalacaq. Nə birbaşa olaraq Ermənistanın, nə də sıx əməkdaşlıq etdiyi Azərbaycanın tərəfini tuta bilməyəcək. Və aprel hadisələrində düşdüyü duruma düşəcək. Başqa ölkələrdə, həmçinin Ermənistanda Rusiya səfirliyi yumurta atəşinə tutulacaq, səfirliyin qarşısında aksiyalar ediləcək, Rusiya bayraqları yandırılacaq. Ona görə də güc dövlətləri münaqişənin böyüməməsi üçün bütün səylərini səfərbər ediblər”. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook