SON XƏBƏR

Cavid Qurbanovdan sürpriz tariflər: Bakı-Gəncə qatarında qiymətlər "ceyranın belinə qalxdı"

Dekabr 29
01:57 2018
"Azərbaycan Dəmir Yolları” Bakı-Gəncə sürət qatarında fantastik tariflər müəyyən etməklə, daha bir mühüm dövlət layihəsini "yerə soxur”.

Qlobal.az Yenicag.az-a istinadla xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC yeni istifadəyə verilən və dekabrın 30-dan etibarən, Bakı-Gəncə marşrutu üzrə hərəkət edəcək sürət qatarı üçün əhalinin gəlirlərinə adekvat olmayan tariflər müəyyənləşdirib.
 
Məlumata görə, Bakıdan Gəncəyə 350 kilometrlik məsafəni 4,5 saata qət edəcək sürət qatarının 1-ci dərəcəli vaqonunda rahat getmək istəyən sərnişinlər nə az, nə çox, düz 100 manatlarından keçməlidirlər. Qatarın biznes-klass vaqonlarında qiymətlər 50, standart yerlərə isə 15 manatdır.
 

 
Qiymətlərdən göründüyü kimi, Milli Məclisin deputatı Cavid Qurbanovun rəhbərlik etdiyi qurum Azərbaycan vətəndaşlarının dünyanın sivil ölkələrində çoxdan adi nəqliyyat vasitəsinə çevrilmiş sürətli qatarlardan istifadə imkanlarını elə beşikdəcə boğur.
 
Çünki paytaxtdan Gəncəyə 10 manat civarında pul ödəyərək, avtobus və ya avtomobillə 4-5 saata getmək variantı olan vətəndaşlar bundan 5-10 dəfə artıq pul xərcləyərək, sürət qatarına yaxın getməzlər.

Mövzu barəsində Yenicag.az-a danışan Milli Məclisin deputatı Çingiz Qənizadə "Azərbaycan Dəmir Yolları”nın qeyd olunan tarif siyasətinə aydınlıq gətirəcəyinə inandığını deyib:
 
"Doğrudur, qiymətlər açıqlanıb, ancaq mən buna birmənalı yanaşa bilmərəm. Nəzərə alaq ki, sürət qatarı olduqca bahalı bir nəqliyyat vasitəsidir, onun istifadəyə verilməsi üçün dəmir yollarının uyğunlaşdırılmasına böyük həcmdə dövlət vəsaiti xərclənib.
 
Ola bilər, qiymətlərin bahalığı həm də bununla bağlıdır. O qatarlarda yerlər də yəqin ki, çox olmayacaq və sərnişinlər üçün seçim hüququ yaranacaq. Yəni insanlar daha çox pul ödəyərək təyyarələrdə biznes-klasda necə könüllü şəkildə uçurlarsa, sürət qatarlarında da hər halda belə olacaq.
 
Ancaq düşünürəm ki, "Azərbaycan Dəmir Yolları” bu qiymətlərin necə əsaslandırıldığı barədə mövqeyini bildirəcək”.
 

 
Sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli isə Yenicag.az-a açıqlamasında təbii inhisarlar hesab olunan "Azərbaycan Dəmir Yolları” və digər qurumların tarifləri müəyyənləşdirərkən, dövləti və vətəndaşları deyil, öz maraqlarını əsas götürdüklərini bildirib:
 
"Azərbaycan Dəmir Yolları” kimi dövlət mülkiyyətində olan bu tip səhmdar cəmiyyətlərin, təbii inhisarçı olan bir qurumun belə yüksək tariflər müəyyən etməsi təəssüf hissi doğurur. Ümumiyyətlə, bu qərarın hər hansı iqtisadi əsaslandırması yoxdur.
 
Bilirsiz ki, ən bahalı nəqliyyat növü taksidir. Taksilər eyni məsafəni daha qısa müddətə və daha ucuz qiymətə qət edirlər. Əslində, bu xidməti sürət qatarı adlandırmaq da olmur. Çünki müasir sürət qatarları saatda 300 kilometr sürətlə hərəkət edirlər, Azərbaycanda isə bunun üçün şərait də yoxdur. O baxımdan, Bakı-Gəncə qatarı 350 kilometr məsafəni 4 saat yarıma gedəcək.
 
Ümumiyyətlə, bu qiymətlər nə Azərbaycan vətəndaşlarının maaşına, nə alıcılıq qabiliyyətinə, nə də göstərilən xidmətin səviyyəsinə uyğun deyil. Xatırladım ki, Bakıdan Naxçıvana olan təyyarə biletinin qiyməti də bu sürət qatarının qiymətindən az qala iki dəfə ucuzdur.
 
Çox təəssüf ki, "Azərbaycan Dəmir Yolları” və təbii inhisarçılar olan qurumlar tarif siyasətlərini dövlətin və vətəndaşın deyil, öz maraqlarına uyğun qaydada müəyyənləşdirirlər”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook