SON XƏBƏR

Casus imamlar – Ərdoğanın Avropadakı cübbəli desantı – Təhlil

Fevral 27
22:39 2017
AKP hökumətləri dövründə Diyanət İşləri Başçılığına (DİB) büdcədən ayrılan vəsait hər il artdı. 2017-ci ildə də onun büdcəsi 11 nazirliyi geridə qoyub. 

DİB-in statistikasına görə, Türkiyə daxilində 86 min 764 məscid var. 117 min nəfərə çatan personal, sahib olduğu maliyyə imkanları, fondlar, nəşrlər və təhsil qurumları ilə DİB dövlət içində dövlət kimidir.

2016-cı ilin 15 iyul çevriliş cəhdi gecəsi imamlar DİB-in təlimatı ilə məscidlərdən oxuduqları azanla xalqı küçəyə çıxmağa, çevriliş tərəfdarlarına qarşı müqavimət göstərməyə çağırdı. Ancaq hazırda DİB çox fərqli bir məsələ ilə əlaqədar gündəmdədir  – casus İmamlar.

Casus imamlar əvvəlcə Hollandiya, sonra Almaniya və nəhayət, Avstriya ilə Türkiyə arasında diplomatik böhrana, gərginliyə səbəb olub. Almaniyada dörd türk imamın evinə 2017-ci il fevralın 15-də edilən polis basqını böhranı daha da böyüdüb.

15 İyul çevriliş təşəbbüsünü araşdırmaq üçün qurulan TBMM-nin (Türkiyə Böyük Millət Məclisi) istintaq Komissiyasına göndərilən hesabatda xaricdə DİB-ə bağlı imamların göndərdiyi kəşfiyyat məlumatları var. "Gülən Camaatı" barədə DİB imamlarının 38 ölkədə yığdığı kəşfiyyatlar məlumatları hesabat halına gətirilib.

Məruzələrdə Belçika, Almaniya, Avstriya və Hollandiyanın da daxil olduğu Avropa ölkələri, Orta Asiya və Afrika ölkələrindəki "camaat"ın fəaliyyəti, mənsublarının adları və şəkillərinə qədər çoxlu təfərrüatlar var. Dekabr ayında TBMM-in İstintaq Komissiyasına göndərilən DİB dosyelərindəki məlumatların mediaya sızmasından sonra ilk sərt təpki Hollandiyadan gəldi. İmamların Hollandiyadakı 145 məsciddə türk icması içində kəşfiyyat məlumatları yığaraq Ankaraya çatdırdıqları ortaya çıxdı.

Hollandiya Diyanət Vəqfi başçısı və Türkiyənin Haaqa səfirliyinin din işləri attaşesi Yusuf Acarın məscid imamlarını istiqamətləndirdiyi müəyyən edildi və onun deportasiya edilməsi istəndi. Bu təplkilər ucbatından DİB Haaqadakı dini işlər üzrə attaşe Acarı geri çağırdı.

Ancaq siyasi böhran Almaniyaya da sıçradı. Avropadakı ən sıx, kompakt türk icmasının yaşadığı Almaniyada 1984-ci ildə qurulan Diyanət İşləri Türk İslam Birliyi (DİTİB) casusluq iddialarının mərkəzinə düşdü. DİTİB-ə bağlı 900-dən çox məsciddə vəzifə tutan imamların Ankaraya kəşfiyyat hesabatları göndərməsi iddiaları Almaniya parlamenti və mediasında gündəmə gəldi.

Yaşıllar Partiyasının millət vəkili Volker Bekin DİTİB imamlarının casusluq etmələrinə dair Federal Prokurorluğa müraciətindən sonra, 2017-ci il yanvarın 18-də istintaq hərəkətləri başlanıldı. İstintaqda DİTİB və Almaniyada DİTİB-ə bağlı 900-dən çox məscid dərnəyi və imam diqqət altına alındı. Bəzi əyalətlərdə, məktəblərdə dini tədris məsələsi ilə bağlı DİTİB ilə əməkdaşlıq dayandırıldı.

Almaniyanın ədliyyə naziri Heiko Maas ölkənin "Təşkilatlar qanunu"na əsasən, fəaliyyət göstərən DİTİB-in bəzi imamlarının casusluq etdiyi şübhəsinin təsdiqlənməsi halında bu quruluşun Türkiyə hökumətinin davamı olduğunun ortaya çıxacağını söylədi.

Daxili işlər naziri Tomas də Mezyer isə Türkiyə hökuməti ilə Gülən qruplaşması arasındakı qarşıdurmanın Almaniyaya köçürülməsinə dözüm göstərməyəcəklərini vurğuladı.

Qeyri-hökumət təşkilatı statusundakı DİTİB, DİB ilə yardımlaşma çərçivəsində əlaqələrini icra edir. Alman qanunlarına görə isə o, müstəqil olmaq məcburiyyətindədir. DİB öz heyətindəki imamlara, Almaniyadakı türk icmasının ruhani ehtiyacı üçün yardımlaşma çərçivəsində,  DİTİB-in məscidlərində vəzifə verir.

DİTİB dörd imamın evinə edilən basqının "fərdi iqamətgahlara" edildiyini, DİTİB-lə və işçilərinə yönəlmədiyini bildirib. Birliyin baş katibi Bəkir Alboğa 2016-cı il dekabrın 19-da Almaniya qəzetlərinə açıqlamasında "bəzi imamların səlahiyyətlərini aşaraq məlumat toplamasını məqsədli şəkildə təsbit etdiklərini, bunu təqdir etmədiklərini" bildirərək üzr istəyib.

Almaniya Konstitusiyanı Qoruma Təşkilatı və Federal Prokurorluğun istintaqı genişləndirməsi və imamların evlərinə təşkil edilən basqınlardan sonra DİB-ə bağlı imamların həbs, ya da deportasiya edilmələri gündəmə gəlib. Almaniya kansleri Angela Merkelin fevralın 2-də Ankaraya səfəri zamanı da casusluqda ittihamlanan imamların geri qaytarılması dilə gətirildi və altı ruhani geri çağırıldı.

Diyanət İşləri başçısı Mehmet Görmez bəzi imamların səlahiyyətlərini aşdıqlarını, ancaq casusluq suçlamasını qəbul etmənin qeyri-mümkün olduğunu söylədi. Üstəlik Türkiyə vəAlmaniya arasındakı 40 illik dostluğun zərər görməməsi üçün bu addımı atdığını bildirdi. O, DİB-in və DİTİB-in siyasət və partiyalardan kənar təşkilatlar olduğunu, DİTİB-in fəaliyyətinə heç bir şəkildə qarışmadıqlarını da əlavə etdi.

Ədalət naziri Bəkir Bozdağ da imamların evlərinə basqın edilməsinin Almaniya qanunlarına və Konstitusiyasına zidd olduğunu, insan hüquqları və inanc azadlığı ilə uyğun gəlmədiyini dilə gətirdi.

15 İyul çevriliş cəhdindən sonra səfirlikərinə həmin ölkələrdəki "Gülən camaatı" ilə mübarizə etmələrini istəyən prezident Ərdoğanın bu çağırışına ən aktiv dəstəyi DİB-in xaricdəki imamlarının boynuna götürməsi görünür. Ancaq MİT-in kəşfiyyat vəzifəsini yerinə yetirən imamların bu fəaliyyəti siyasi və diplomatik böhranların böyüməsinə səbəb olur.

Hökumətə yaxın media orqanları isə Qərb ölkələrinin casus imam böhranını "Gülən camaatı"na dəstək vermək və onları mühafizə etmək üçün gündəmə gətirdiyini iddia edir. DİB başçısı M.Görməz hər nə qədər "dinlə siyasəti qarışdırmadıqlarını, siyasət və partiyalardan kənar olduqlarını" söyləsə də, bu qurum və DİB-ə bağlı məscidlərlə imamlar, həm içəridə, həm çöldə, prezident Ərdoğan və AKP-nin arxasında, dərin şəkildə siyasətin içinə girmiş vəziyyətdədirlər.

 Zülfikar Doğan

"Al Monitor"

Tərcümə: Strateq.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook