SON XƏBƏR

Üç parça daş...

Avqust 15
16:40 2017
Vüqar Əsgər
 
O, adəti üzrə bu gün də yuxudan erkən oyanmışdı. Ancaq bugünkü oyanmağı başqalarına bənzəmirdi. Vüsal yaşının az olmasına baxmayaraq, adi vaxtlarda hər səhər yuxudan durar, mal-qaranı örüşə çıxarmaqda, bağ-bostanı əkib becərməkdə ata-anasına kömək edərdi. Amma... amma bu gün son dəfəydi doğulduğu doğma kəndini, həyətlərindəki bar verən ağacları, hovuzun kənarına səliqə ilə əkilmiş rəngbərəng gülləri, "əppəklünü”, "yalın döşünü”,” hava meşəsini”, yazda qəzəblə aşıb-daşan, qarşısına çıxan hər şeyi qabağına qatıb aparan, lakin yayda sakit-sakit axıb, sonunda "Araza” tökülən "Arpa çayını” son dəfəydi ki, görürdü... Eh, bu çayda nə qədər çimmişdi Vüsal! Nə qədər onun sahilindəki iri daş parçalarına uzanıb, özünü günə vermişdi. İndi isə köçürdülər. Fikirləri dolaşırdı. Tez-tez özünü ələ alıb özünə təskinlik verirdi. Elə bilirdi ki, bir yuxudu, az keçməz hər şey qaydasına düşər. O, doğulduğu yerlərdən heç vaxt ayrılmayacaq. Ancaq bu bir həqiqət idi, o bir neçə saatdan sonra bu yerləri tərk edəcək və bir daha görməyəcəkdi. Onun üçün də çalışırdı ki, həyətdəki ağaclar, hovuzun kənarındakı güllər, dağlar, dərələr, buz kimi bulaqların hamısı ilə bir-bir vidalaşsın. Hamısıyla vidalaşmaq üçün zaman yetməzdi. O, həyətə düşüb, bir-bir ağcların başına dolandı, gəlib hovuzun yanındakı güllərin qarşısında dayandı, əllərini müxtəlif rənglərdə açan güllərə axırıncı dəfə toxundurdu. Birdən yadına düşdü ki, yayda suyunda çimdiyi, kənarındakı iri daşlara uzanıb qızındığı Arpa çayı ilə vidalaşmayıb. Cəld, həyətdən məhəlləyə çıxdı. Arpa çayı məhəllədən azacıq aralıda düz kəndin qırağı ilə axırdı. Vüsalgilin evləri yolun kənarında yerləşirdi. Bu yol neçə-neçə kəndləri özündə birləşdirirdi. Qabaxlı, Güllüdüz, Qaraqaya, Gədikvəng, Qızıl gül... Bu yolu da sonuncu dəfəydi ki, görürdü. Əlini gözünün üstünə qoyub, bu yollara da axırıncı dəfə boylandı.”Uzunnar” məhləsindəki alma bağlarına, "o tay” bulağa, "qıjılı” bulağa bu yolla o qədər getmişdi ki. Ürəyində düşündü: Kaş o günlər olardı. Bu yerlərdən ayrılmazdım. Belə cənnətməkanı hardan tapacağam ki? Tanrı burdan heç nəyi əsirgəməyib. Çayı, meşəsi, dağı, dərəsi, buz kimi diş göynədən bulaqları... Gecikə bilərdi. Bir azdan İlya əminin qırmızı NİVA-sı qapıda dayanacaqdı. Bunun üçün vidalaşmağa hələ çox yerlər vardı. Tələsdi, gəlib Arpa çayınn üzərində tikilmiş taxta körpünün üzərində dayandı. Özüylə götürdüyü üç parça daşı çaya atdı.
 
Düşündü ki, qoy məndən xatirə qalsın bu daşlar. Nə bilmək olar, bəlkə bu 3 parça daş çayın içində diyirlənə-diyirlənə digər daşları da özünə cəm edib, böyük qaya parçasına çevriləcək, nə zamansa torpaqlarımız, yurd uğrunda mübarizədə düşmənlərdən qorunmaqda və ya onları əzməkdə dayağımıza çevriləcək... Bəlkə də dalğalar vurub o daşları sadəcə sahilə çıxaracaq. Elə torpağa qarışıb yox olacaqdı. Vüsal çaya baxdıqca xəyallar onu çox uzaqlara aparırdı. Bu körpüdən nə qədər atlanmışdı suya, nə qədər burdan keçib "hava meşəsinə”, yaylaqlara qalxmışdı. Axırıncı dəfəydi görürdü, bu görüş son vidaydı onun üçün. Yadına Məmməd Arazın məşhur şeiri düşdü:
 
- Bəlkə bu yerlərə birdə gəlmədim,
Duman salamat qal, dağ salamat qal.
Arxamca su səpir yoxsa buludlar,
Leysan salamat qal, sağ-salamat qal.
 
Artıq gec idi. Evə qayıtmaq vaxtıydı. Axı bir azdan İlya əminin qırmızı NİVA-sı məhəllədə olacaqdı. Ona görə vaxtında evdə olmaq lazım idi. Qara daşın üstündə də ayaq saxladı, əlini onun əsrlərlə istiyə, soyuğa, sel sularına sinə gərib sivriləşmiş üzərinə sürtdü. Bu qara daş çox tarixlərə şahidlik edib. Allah bilsin neçə-neçə müharibələri, qanlı hadisələri görüb bu qara daş. Allah lənət eləsin ermənilərə. Bu kəndin əsl sahibləri türklər dəfələrlə erməni zülmünün qurbanına çevrilib, soyqırımlarla üzləşib, dəfələrlə evləri yandırılıb, yurd-yuvaları dağıdılıb. Qonşusu Teymur babanın yana-yana söylədiklərini xatırladı:
 
– 1918-ci ilin baharı idi. Onda mənim 13 yaşım vardı. Erməni daşnakları bir gün gecə ikən kəndə soxuldular. Kəndin cavanları tez qadınları, körpə uşaqları bu kəndin üstündə yerləşən "Taxtalara” tərəf göndərdilər. Oralarda taxıl zəmiləri və çoxlu kol-kos olduğuna görə, daldalanmaq olurdu. Həm də, ordan başqa kəndlərə getmək daha asan idi. Əli silah tutanlar isə kəndi müdafiə edirdilər. Lakin, silah-sursat olmadığına görə müdafiə etməyin əhəmiyyətsiz olduğunu yaxşı bilirdilər. Kənddə bir, ya da iki təklülə tüfəng olardı. Bir neçə qoca kəndi tərk edə bilmədi. Evlərə od vuruldu, Muxtar və Müseyib kişini diri-diri odda yandırdılar. Bax beləcə
kəndi tərk etdik. Biz Dağları aşaraq 3 gün yol gəlib Kəlbəcərə çatdıq. Yolda da 2 qadın xəstəlikdən, bir körpə uşaq isə acından öldü. Onları " Ala göllərdə” dəfn etdilər. Təxminən on gün burda qaldıq. Oradan isə Şəmkirə qohumlarımızın yanına pənah gətirdik. Lakin, 2 ildən sonra atam vətənsiz qala bilmədi, ürəyi dözmədi, yenidən köçüb öz yurdumuza qayıtdıq. Bala, ermənilərlə heç vaxt bizim dostluğumuz tutmaz. Siz uşaqsınız, dərslikləri düz yazmayıblar. Heç olmasa bizdən həqiqətin nə olduğunu öyrənin. Biz bu gün varıq, sabah bu həyatdan köçüb gedəcəyik. Siz tariximizi bilməsəniz bu soysuzlara heç nəyi sübut edə bilməyəcəyik.
 
...Tarix olduğu kimi təkrarlanırdı. Teymur babanın dedikləri birbəbir onun indiki soydaşlarının, qohum-qardaşının, küll halında bütün xalqının başına gətirilirdi. Yenə də ermənilər Türk kəndlərinə hücum edir, əhalini səksəkə içində saxlayırdılar. Hələ hadisələrdən öncə neçə-neçə kəndləri müxtəlif bəhanələrlə boşaltmağa nail olmuşdular. Qalasər, Gədikvəngi, Nəbilər, Canı, Ərgəz və başqa kəndlər dağıdılıb viran qalmışdı. Artıq rayon mərkəzi ilə əlaqə kəsilmiş, bütün yollar bağlanmış, demək olar ki, Türklər yaşayan kəndlər mühasirəyə alınmışdı. Vüsal bu fikir və xəyallarla Arpa çayın kənarından evə döndü. Divardan asılmış saata baxdı. Saat artıq 11.00-i göstərirdi. Deməli, zaman yetişib. Bu yerlərdən ayrılmağına dəqiqələr qalırdı. Ürəyi sıxıldı, məhəlləyə çıxdı. Kənd camaatı yavaş-yavaş məhəlləyə toplaşır, Vüsalgillə vidalaşmağa gəlirdilər. Uşaqlıq dostları ilə bir-bir görüşürdü. Bir azdan qırmızı NİVA məhəllədə dyandı. Vüsal qəmgin-qəmgin keçib NİVA-nın arxa oturacağında əyləşdi...
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook