SON XƏBƏR

"Bu sərəncam prezidentin humanist siyasətinin təzahürüdür" - Fuad Ələsgərov

Fevral 13
18:02 2017
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamla əlaqədar AzərTac-a müsahibə verib.

Qlobal.az həmin müsahibəni təqdim edir:

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalamışdır. Bu Sərəncamın qəbul edilməsi hansı zərurətdən irəli gəlmişdir? 


İmzalanan Sərəncam möhtərəm Prezident İlham Əliyev cənablarının humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Bu sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir.

Azadlığın cəmiyyətin ən ümdə və zəruri şərti olduğunu dəfələrlə vurğulayan cənab Prezident verdiyi tapşırıqlar, qəbul etdiyi hüquqi aktlar, mütəmadi imzalanan əfv sərəncamları ilə cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islah etmənin daha effektiv və səmərəli olduğunu göstərmişdir.

Bu sahədə görülən işlərə və həyata keçirilən islahatlara baxmayaraq aparılmış araşdırmalar və analitik təhlillər göstərmişdir ki, ibtidai istintaq və məhkəmə orqanları cinayət təqibinin gedişində zərurət olmadan şəxslərin həbs edilməsinə yol verirlər. Azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə üstünlük verilir. Cəzaların icra edilməsinə məsul olan orqanlar tərəfindən cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır.

Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin edəcək. Qeyd edilən hər bir istiqamətdə növbəti islahatlar dalğasının həyata keçirilməsinə təkan verəcəkdir. Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanaları üçün "yol xəritəsi” olacaqdır.

İnstitusional islahatları qeyd etdiniz. Yeni yaradılacaq probasiya xidməti barədə nə məlumat verə bilərsiniz? 

Qeyd etdiyimiz kimi Sərəncamın əsas məqsədlərindən biri də cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah edilməsini təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Məhz bu məqsədə nail olmaq üçün ixtisaslaşmış yeni qurumun Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasına qərar verilmişdir.
Probasiya terminin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad edilməsi mənasında istifadə edilir. Probasiya institutu əksər qərb ölkələrinin İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.

Xarici ölkələrdə mövcud probasiya xidmətlərinin funksiyaları və səlahiyyət dairəsi müəyyən cəhətlərinə görə fərqlənsə də, onları birləşdirən ümumi xarakterik xüsusiyyətlər vardır. Bu xidmətlər şərti məhkum etmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət edən, habelə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən qurumlardır.

Ölkəmizdə yaradılacaq probasiya xidmətinin əsas vəzifələri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş və ya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etmək olacaqdır.

Cəzaların icrası prosesində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi hansı imkanları yaradacaqdır? 

Azərbaycan Respublikasının Prezidenti istintaq və məhkəmə orqanlarına həbs və azadlıqdan məhrum etmə tədbirlərinin tətbiqini azaltmaq və alternativ cəza və qətimkan tədbirəinin tətbiqi mümkünlüyünü nəzərdən keçirməyi tövsiyə etmişdir.
 
Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Əfsuslar olsun ki, cinayət-prosessual qanunvericilikdə elektron nəzarət vasitələrinin tətbiqinə dair bir sıra ümumi müddəlar nəzərdə tutulsa da bu günədək təcrübədə hüquq mühafizə orqanları onlardan istifadəni təmin etməmişdirlər. 

Məsələyə aydınlıq gətirmək üçün bu vasitələrin təbiqinin bəzi xüsusiyyətləri barədə məlumat vermək istərdim. Elektron nəzarət vasitələrinin tətbiqi - məhkumun və ya təqsirləndirlilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir. Bu vasitələr çox vaxt qolbaq və ya saat formasında hazırlanır, xüsusi çiplərlə təhciz edilir və rabitə şəbəkələrinə qoşulur.

Elektron nəzarət vasitələrinin zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürülür və həmin şəxslərin qanunazidd davranışının qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Sözsüz ki, elektron nəzarət vasitələrinin tətbiqi halları, qaydaları və şərtləri, həmçinin onların tətbiqinə məhdudiyyətlər detallı şəkildə işlənib-hazırlanmalıdır. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu tərəfindən müvafiq normativ aktlarının layihələri hazırlanacaqdır.

Sərəncamın əsas məqsədlərindən biri cəza siyasətinin humanistləşdirilməsidir. Bu, hansı formada həyata keçiriləcəkdir? 

Möhtərəm cənab Prezident hər zaman olduğu kimi şəxslərin azadlıq hüququnu ön plana çıxarmış və Sərəncamda həbs edilən və azadlıqdan məhrum edilən şəxslərin sayının artması ilə bağlı narahatçılığını bildirmişdir. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunmuşdur. İlk növbədə məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri tövsiyə olunmuşdur.

İkinci istiqamət isə qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunmasıdır. Bu məqsədlə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulmuşdur.

Bundan başqa böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması tövsiyə edilmişdir. Burada bir məsələyə diqqətinizi cəlb etmək istərdim. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görüləcək işlər ölkədə cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri zəiflətməməlidir. İctimai asayişin qorunması və cinayətlərin qarşısının alınması sahəsində zəruri tədbirlər davam etdiriləcəkdir.

Sərəncamın böyük bir hissəsi həbs qətimkan tədbirinin tətbiqi ilə bağlıdır. Bu barədə fikirlərinizi öyrənmək istərdik. 

Aparılmış təhlillər göstərir ki, bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. Bu halların qarşısının alınması məqsədilə istintaq və məhkəmə orqanlarına tövsiyə edilmişdir ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər üzrə həbs qətimkan tədbiri yalnız müstəsna hallarda müvafiq əsaslar mövcud olduqda tətbiq edilsin.

Bildiyimiz kimi həbs qətimkan tədbirinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətidir. Bəzi hallarda icra hakimiyyəti orqanları tərəfindən məhkəmələrə həbs qətimkan tədbirlərinin seçilməsi məsələləri ilə əlaqədar təsir etmək cəhdləri ilə bağlı Prezident Adminstrasiyasına məlumatlar daxil olur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti məhz bu kimi neqativ halların tam istisna olunması üçün məhkəmələrə həbsin seçilməsi ilə bağlı yalnız qanunun tələblərini rəhbər tutmalı olduqlarını xüsusi vurğulamışdır.
 
Sərəncamda həmçinin Ali Məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi olaraq ümumiləşdirilməsi tövsiyə edilmişdir.

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı hansı tapşırıqlar verilmişdir? 

Penitensiar müəssisələrdə infrastrukturun yenilənməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, məhkumların və həbs edilmiş şəxslərin elektron qeydiyyatını aparacaq yeni informasiya sistemininin təşkil edilməsi tapşırıqları verilmişdir. Penitensiar xidmətin peşəkar kadr korpusunun tam formalaşdırılması, etibarlı mühafizəsinin təşkil edilməsi üçün komplektləşdirilməsi və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulmuşdur.
Cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməyə cəlb olunması məqsədilə həmin müəssisələrdə yeni istehsal sahələrinin yaradılmasına dair tapşırıqlar verilmiş, bu işə sahibkarların cəlb edilməsinin təşviq edilməsi üçün tədbir görülməsinin zəruri olduğu vurğulanmışdır. Penitensiar müəssisələrdə saxlanılan şəxslərin yemək, tibbi-sanitariya, maddi-məişət təminatına nəzarətin gücləndirilməsinə dair ayrıca göstərişlər verilmişdir.

Yekunda bildirmək istərdim ki, artıq Sərəncamın icrası ilə bağlı işlərə başlanılmışdır. Möhtərəm cənab Prezidentin verdiyi tapşırıqların icrasına ciddi nəzarət həyata keçiriləcək və əminəm ki, gözlənilən nəticələr əldə olunacaqdır. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook