SON XƏBƏR

Bu ilin birinci rübündə Naftalanın turizm obyektlərində 5 mindən çox turist dincəlib

Aprel 19
18:36 2018
Cari ilin birinci rübündə respublikanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalanda bu sahənin daha da inkişaf etdirilməsi və şəhərə gələn turistlərin sayının artırılması üçün bir sıra işlər həyata keçirilib. Şəhərdə fəaliyyət göstərən "Çinar” və "Qaşaltı” otel, kurort-sanatoriya və istirahət mərkəzləri Tibbi SPA və sağlamlıq üzrə beynəlxalq keyfiyyət sistemi (The international Quality System for Medical Spa and Wellness) olan Avropanın "EuropeSPA” təşkilatının beynəlxalq sertifikatına layiq görülüb. Həmçinin müalicəvi əhəmiyyətli Naftalan nefti əsasında sağlamlığını bərpa etmək istəyən yerli və xarici turistlərin sayının çoxluğu nəzərə alınaraq yeni otellərin təmir-tikintisinə başlanılıb. Artıq iki ildir ki, respublikanın dotasiyasız şəhərləri sırasına daxil olan Naftalanın hərtərəfli inkişafında yeni uğurlara imza atılıb.
 
Bu barədə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov 2018-ci ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verib.
 
Hesabat məruzəsi ilə çıxış edən Natiq Aslanov qeyd edib ki, 2018-ci ilin birinci rübündə Naftalan şəhərində ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 69,8 faiz artaraq 7 milyon 899,7 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 7,9 faiz artaraq 646,7 min manat təşkil edib. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 334,7 min manat, tikinti işləri isə 144,9 faiz artaraq 5 milyon 164,4 min manata çatıb. Şəhər büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına 491,9 min manat planlaşdırıldığı halda 4,7 faiz artaraq 515,1 min manat olub. Xərclər isə 366,4 min manat təşkil edib.
 
Dövlətimizin başçısının sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqları Naftalan şəhərində də diqqət mərkəzində saxlanılıb. Bildirilib ki, hazırda yeni avtovağzal otel kompleksində tikinti işlər davam etdirilir. Yenidən qurulan onmərtəbəli "Naftalan” mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin olunub. Naftalan nefti əsasında müalicə olunmaq istəyənlərin sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzi inşa olunub və yaxın vaxtlarda istifadəyə veriləcək. Mərkəz istifadəyə verildikdən sonra burada 25 nəfər daimi işlə təmin ediləcək.
 
Bildirilib ki, ötən üç ayda dövlət qurumları tərəfindən verilən vakansiyalar əsasında Naftalanda 226 nəfər işlə təmin edilib. Onlardan 150 nəfəri şəhərdə aparılan abadlıq və təmizlik, 15 nəfəri isə çoxmənzilli yaşayış binalarının təmiri üzrə qeyri-daimi işlərə cəlb edilib.
 
Bu gün Naftalan şəhəri həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə turistlərin xüsusi diqqətinə layiq olan məkana çevrilib. Diqqətə çatdırılıb ki, 2018-ci ilin birinci rübündə Naftalana üz tutan turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz çox olub. Bu dövrdə turizm obyektlərində 5 mindən artıq turist qeydə alınıb ki, onun da 2 min 241 nəfəri xarici turistlərdir.
 
Maliyyə şöbəsinin rəisi Saleh Tağıyevin və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Naftalan şəhərindəki nümayəndəsi Zöhrab Adıgözəlovun məruzələri dinlənildikdən sonra bu ilin sonunadək görüləcək işlər müzakirə edilib və hesabat yığıncağına yekun vurulub.
 
(Mənbə: Azərtac)
 
Qlobal.Az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook