Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək
Fevral 23
08:02
2020
Bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçiriləcək.
"Report" xəbər verir ki, magistratura səviyyəsinə qəbul imtahanı ölkənin 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanda iştirak üçün 15 738 bakalavr ərizə təqdim edib. Onlardan 14 434 nəfəri Azərbaycan bölməsi, 1 304 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 7 139 nəfəri oğlan, 8 599 nəfəri isə qızlardır. Bakalavrlardan 8 352-si cari ilin, 7 386-sı isə əvvəlki illərin məzunlarıdır, 34 nəfər xarici ölkə vətəndaşıdır.