SON XƏBƏR

Bu gün İlaxır çərşənbə - Torpaq çərşənbəsidir

Mart 19
10:02 2019
Bu gün Azərbaycanda İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunur.

Qlobal.az xəbər verir ki, digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Axır çərşənbəyə aid bəzi el adətləri: "Axır çərşənbədə çimərlər", "Axır çərşənbədə evdən pul verməzlər", "Axır çərşənbə günü borc un verməzlər", "Axır çərşənbə günü zahı üstünə getməzlər", "Axır çərşənbə gecəsi tez yatmazlar", "Axır çərşənbə gecəsi evdə qazan asarlar", "Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar" və s.

Torpaqla bağlı atalar sözləri : "Torpağa əyilən namərdə əyilməz", "Torpağa xor baxsan, o sənə kor baxar", "Torpaq müqəddəsdir", "Torpaqda itki olmaz, kötüksüz bitki olmaz", "Sular hərəkətlidir, Torpaq bərəkətlidir", "Torpaq deyər: - Sən mənə tər ver, mən sənə zər verim!" və s.

İlaxır çərşənbəyə dair inanclar: "Çərşənbə günü təzə evə köçən bəlaya düşər", "Axır çərşənbə axşamı küsülülər barışarlar", "Axır çərşənbə gecəsində nəhs danışmaq olmaz", "Axır çərşənbə gecəsi ərə verilən qızı tonqalın başına dolandırar və deyərlər: "Qoy odlu-ocaqlı olsun!".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook