SON XƏBƏR

Britaniya bankları Rusiya pullarını necə yuyub? - Milyardlıq maxinasiyalar

Mart 22
11:09 2017
İşdə Vladimir Putinin əmisi oğlu İqor Putinin ismi keçir. 
 
Avropanın iri banklarının adları böyük maliyyə qalmaqalında hallanır.
 
Musavat.com xarici mediaya istinadən bildirir ki, işdə Avropanın ən böyük maliyyə quruluşlarının və Rusiyanın önəmli şəxslərinin, habelə kommersiya təşkilatlarının adları keçir.
 
İngiltərənin The Guardian qəzeti Böyük Britaniya banklarının Rusiya hökuməti ilə sıx əlaqədə olan kriminal şəxslərinə məxsus 740 milyon dollarlıq məbləğin prossesinqini (emissiyasını-red.) həyata keçirdiyini yazıb.
 
"Hazırda Böyük Britaniyada yerləşən 17 banka (bunların içində HSBC, Royal Bank of Scotland, Lloyds, Barclays və Coutts kimi nüfuzlu banklar da var) ünvanlanan sual budur: onlar bu beynəlxalq sxem haqqında nə bilirmişlər və nə üçün şübhəli pul köçürmələrinin qəbulundan imtina etməyiblər”,- qəzetin Lyuk Qardinq, Nik Hopkins və Keylen Barr tərəfindən qələmə alınan məqaləsində yazılıb.
 
"Əldə edilən sənədlər onu göstərir ki, 2010 və 2014-cü illər arasında Rusiyadan azı 20 milyard dollar çıxarılıb. Təhqiqatçılar isə pulun həqiqi həcminin 80 milyard dollar civarında olduğunu düşünür”, - məqalədə qeyd olunub.
 
"Təhqiqatçılar "Qlobal camaşırxana” adı ilə tanınan bu əməliyyatın başında duran varlı və siyasi nüfuzlu rusiyalı iş adamlarının kimliyini müəyyən etməyə çalışırlar. Bunların arasında Moskva bankirləri və FSB-yə çalışan fiqurlar da var”.
 
"The Guardian” onlardan birinin adını çəkib. Bu, Rusiya prezidentinin əmisi oğlu İqor Putindir.
 
"İqor Putin fırıldaq sxemlərində istifadə olunan hesablara malik Moskva banklarının birində direktorlar şurasının üzvüdür”, - qəzetdə yazılıb.
 
Qəzetin fikrincə, pulların yuyulmasında Böyük Britaniyada qeydiyyatdan keçən şirkətlərin də rolu böyükdür. Offşorlar haqqında qanun anonimliyi qoruduğu üçün bu şirkətlərini bir çoxunun həqiqi sahiblərinin adları gizli saxlanılır.
 
"Qlobal camaşırxana”nın bank sənədləri "Korrupsiya və mütəşəkkil cinayətkarlığın araşdırılması mərkəzi”nə və Rusiyanın "Novaya qazeta” qəzetinə anonim mənbələrdən daxil olub.
 
Sənədlərdə 1920 Britaniya, 373-nün isə ABŞ bankı olmaqla təxminən 70 minə yaxın bank tranzaksiyası (bank hesabından istifadə edilməsi ilə həyata keçirilən istənilən əməliyyat-red.), haqqında ətraflı məlumat mövcuddur.
 
Qəzet bununla bağlı Latviya və Moldova polisi tərəfindən də xüsusi araşdırma aparıldığını vurğulayıb.
 
Sənədlərə görə, həm Britaniya bankları, həm də ölkədə yerləşən digər xarici banklar Moskvadan gələn 738 milyon dollar məbləğində kriminal pulların müxtəlif məqsədlərlə istifadə edilməsinə vəsilə olublar.
 
Sənədlərdə rusiyalıların Londonda bu pullar vasitəsilə brilyant, kürk və çılçıraq aldıqları ortaya çıxıb. "Bir varlı rus isə oğlunun prestij sayılan Millfild məktəbində təhsil haqqını ödəmək üçün həmin ödəmə sxemindən yaralanıb. Qəzetə görə, "Rusiya camaşırxanası”nda pul yuyulma prosesi əsasən belə həyata keçirilib:
 
Əvvəlcə Böyük Britaniyada yerləşən iki saxta firma guya bir-birinə borc pulun verilməsinin imitasiyasını edirlər. Rusiya şirkətləri isə borcun qaytarılmasına zamin dururlar. Daha sonra bir firmalardan biri özünü borca görə müflis elan edir. Məhkəmə tərəfindən borcun həqiqiliyi təsbit olunduqdan sonra Rusiya şirkətləri həmin məbləği öncə Moldovaya, daha sonra isə Latviyaya keçirir”.
 
"Bu sxemdə Rusiyanın 19 bankında açılan hesablar iştirak edib. Həmin banklardan biri də "Rusiya torpaq bankı”dır. İqor Putin məhz bu bankın direktorlar şurasının üzvüdür.
 
Moldovada yerli bankların bu işə qarışması artıq siyasi böhrana səbəb olub. "Fırıldaq Moskva ilə mübahisəyə də gətirib çıxarıb”, - məqalə müəllifləri qeyd edir.
 
Moldova rəsmiləri FSB-nin "Camaşırxana” pullarından Rusiya dövlətinin maraqları naminə istifadə etdiyini söyləyirlər.
 
Almaniya mətbuatı da alman banklarının Rusiyadan gələn cinayətkar pulların yuyulmasında iştirak etdiyini yazır.
 
"Ən azı 27 alman bankı bu çirkli sxemin iştirakçısıdır”, - Sueddeutsche Zeitung qəzeti qeyd edir.
 
Qəzetin hesablarına görə, Almaniyanın kredit quruluşlarına 66,5 milyon dollar məbləğində pul köçürülüb. Köçürmələr bir qayda olaraq, Moldovanın "Moldindconbank” və Latviyanın "Trasta Komercbanka” tərəfindən həyata keçirilib.
 
Bunlardan 27,4 milyonu "Commersbank”, 24 milyon dollar isə "Deutsche Bank”ın hesabına köçürülüb. Sonuncu həm Moldova, həm də Latviya bankları üçün müxbir bank rolunu oynayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook