SON XƏBƏR

BMT baş katibindən Qarabağ açıqlaması

İyun 23
22:19 2017
"Biz son günlər təmas xəttində atəşkəsin pozulması ilə bağlı həmsədrlərin narahatlığını bölüşürük".

BMT baş katibi Antonio Quterres-in Qarabağ münaqişə zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanatında belə deyilir.

Azadlıq Radiosunun yazdığına görə,bəyanatda münaqişə tərəfləri substantiv (sabit, sağlam) danışıqları bərpa etməyə dəvət olunur.

"Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin 19 iyun tarixli bəyanatına diqqət yetirdik. Gələcək eskalasiyaya yol verilməməsi və gərginliyin səngiməsi üzrə tədbirlərin nəzərdən keçirilməsi ilə bağlı həmsədrlərin tərəflərə müraciətini dəstəkləyirik. Həmçinin, həmsədrlərin xoş məram və siyasi iradə nümayiş etdirərək substantiv danışıqları bərpa etmək çağırışlarına qoşuluruq", - BMT baş katibi qeyd edib.

O vurğulayıb ki, BMT bu cür səyləri dəstəkləməyə hazırdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

ATƏT-in Minsk qrupunun nümayəndələri (Rusiyadan Igor Popov, Fransadan Stephane Visconti, ABŞ-dan Richard Hoagland) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk iyunda regiona səfər ediblər. Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesini tərəflərlə müzakirə etmək olub.

ATƏT-in Minsk qrupunun nümayəndələri regiona səfərlərinin yekunu ilə bağlı iyunun 19-da bəyanat yayıblar.

Həmin bəyanatda bildirilirdi ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dialoqu bərpa etmək niyyətlərinin olduğunu ifadə ediblər. Həmçinin, bildiriblər ki, mübahisəli məqamların həlli yolunu tapmağa cəhd edəcəklər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook