SON XƏBƏR

“Biz demokratik dəyərlərin heçə sayıldığı dövrdə yaşayırıq”- BMT nümayəndəsi

Aprel 20
13:17 2017
BMT-nin dinc yığıncaqlar və assosiasiyalara qoşulmaq hüquqları üzrə xüsusi məruzəçisi Mayna Kiay İsveçrənin "Le Temps” qəzetinə verdiyi müsahibədə bütün dünyada vətəndaş cəmiyyəti ideyalarının öz mövqelərini itirdiyini təəssüflə qeyd edib.
 
"İndi daha çox dövlət beynəlxalq qeyri-hökumət təşkilatlarının öz ərazilərində fəaliyyət göstərməsini məhdudlaşdıran qanunlar qəbul etməkdədir”, - Mayna Kiay jurnalist Frederik Kollerin suallaırnı cavablandırarkən söyləyib.
 
"Qeyri-hökumət təşkilatlarına yönəlik hücumlar və ya fəaliyyətlərinə yaradılan məhdudiyyətlər təkcə beynəlxalq strukturlara deyil, bütün qeyri-hökumət, xüsusilə də milli təşkilatlara aiddir. Artıq neçə illərdir ki, hökumətlər beynəlxalq biznesi böyük həvəslə qəbul etsələr də, beynəlxalq ideyalara bir o qədər soyuq yanaşırlar.
 
Google, Apple, kimi şirkətlər Çin, Rusiya və ya başqa ölkədə böyük sərmayə yatıra bilərlər. Lakin iş Amnesty International və ya Human Rights Watch kimi hüquq müdafiə təşkilatlarına gəldikdə isə bu onlar üçün əsl başağrısına çevrilir. Yəni pula hə, ideyalara yox”, - Kiay qeyd edib.
 
"Bunu Makedoniya və Macarıstana baxdıqda aydın görmək olar. Orada Corc Sorosdan nifrət hədəfi düzəldiblər. Lakin Soros açıq cəmiyyət üçün milyardlar sərf edən nadir insanlardan biridir. Sadəcə, problem Sorosda deyil, onun təbliğ etdiyi ideyalardadır”, - BMT məruzəçisi deyir.
Kiay açıq cəmiyyət institutlarına ən çox hücumun Rusiya tərəfindən gerçəkləşdirildiyini söyləyir:
 
"2011-ci ildə Rusiya xarici agentlər haqqında qanun qəbul etdi. Bu qanun biznesə yönəlik deyil, məhz qeyri-hökumət təşkilatlarına qarşı çıxarıldı. İndi bu cür tendensiya keçmiş sovet məkanına daxil olan bir çox ölkələrdə müşahidə olunur. Biz hazırda qeyri-hökumət təşikilatları ilə bağlı böhran dövrünə qədəm qoymuşuq”, - Mayna Kiay belə hesab edir.
 
Müxbir əvvəllər sıx münasibətlərə malik olan açıq cəmiyyət institutları ilə dövlətlər arasında münaqişənin hardan qaynaqlandığı barədə sualına Mariya Kiayın cavabı konkret olub:
 
"2001-ci ilin 11 sentyabrı bu dönüşün başlandığı tarixdir. Buşun anti-terror qanunları hər kəsi nəzarət altına aldığı üçün vətəndaş cəmiyyəti ideyalarına zərbə endirdi. Daha sonra Əfqanıstan və İraqda aparılan müharibədən sonra bir sıra hökumətlər Amerikanın əslində deyildiyi qədər qüdrətli olmadığını və ona qarşı meydan oxumağın vaxtının gəlib çatdığını anladılar.
 
Bundan başqa, ABŞ-ın İraqda törətdiklərindən sonra əxlaqdan dəm vurmasının yeri olmadı. Bir çox dövlətlər belə fikirləşdi: əgər ABŞ bunu edirsə bizə nə gəlib? Daha sonra isə 2008-c ildə böyük iqtisadi böhran baş verdi. O zaman aydın oldu ki, hökumətlər insanları deyil, bankları və biznesi müdafiə edirlər. Yəni dövlətlərin qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran tədbirlər görməsinə konkret hadisədən deyil, hadisələr silsiləsinin prizmasından baxmaq lazımdır”.
 
Mayna Kiayın fikrincə, beynəlxalq hüquq və insan haqlarının müdafiəsi ideyalarını effektiv şəkildə həyata keçirməkdən ötrü yalnız ABŞ deyil, həmçinin Avropa Birliyi, hətta Rusiya və Çin kimi güclü ölkələrin köməyi lazımdır. "Çünki insanlar hər yerdə azadlıq istəyir. Azadlıq Qərb anlayışı deyil. İnsan ləyaqəti də bir tək Qərbə məxsus dəyər sayılmır”, -Kiay əminliyini ifadə edib.
 
"Bir çox avtoritar dövlətlər insan hüquqlarını məhdudlaşdırmaqla bağlı siyasətlərini əsaslandırmaq üçün öz tarixlərinə və mədəniyyətlərinə istinad edərək, xüsusilə ictimai qayda-qanunu qorumaq adı altında fərdi azadlığın azaldılmasının gərəkli olduğuna təkid edirlər. Onlara nə cavab verə bilərsiniz”, müxbir Frederik Koller sual verib.
 
"Dünyanın bir çox ölkələrinin əsasını hakimiyyət sistemi olan partiarxal cəmiyyət təşkil edir. Bu halda mədəniyyət sadəcə hakimiyyət sistemini qanuniləşdirmək vasitəsi kimi çxış edir. Ədalətsiz avtoritet sahibləri öz hakimiyyətlərini mədəniyyət adlandırdıqları sistem vasitəsi ilə möhkəmləndirirlər. Bu hər yerdə baş verir. İstər Qərbdə, istərsə də Şərdə eyni mübarizə gedir”, - Mayna Kiay cavab verib
 
Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook