SON XƏBƏR

Birinci vitse-prezident: "Məktəblilərimiz beynəlxalq olimpiadalarda 160 medal qazanıblar"

Avqust 05
18:53 2019
Biliklərə əsaslanan cəmiyyətin formalaşdığı və rəqəmsal bacarıqların son dərəcə zəruri olduğu indiki dövrdə informasiya-kommunikasiya texnologiyaları elmi potensialın vacib göstəricilərindən birinə çevrilib. İnformatika iqtisadiyyatda, elmdə və cəmiyyət həyatında böyük əhəmiyyətə malikdir. Dünya informasiya şəbəkəsinin yaradılması isə kompüter biliklərinin rolunu xeyli artırıb.

Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Birinci vitse-prezident Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunda yer alıb.

M.Əliyeva Beynəlxalq İnformatika Olimpiadasının iştirakçıların və məktəblilərin qarşısında yeni üfüqlər açdığını diqqətə çatdırıb:

"Kompüter elmləri üzrə ən mötəbər müsabiqələr arasında özünəməxsus yer tutan bu bilik yarışı arzularınızın gerçəkləşməsi və həyat yolunuzun müəyyənləşməsinə, əlbəttə, ciddi təsir göstərəcək.

Hazırkı olimpiadanın Azərbaycanda təşkili təsadüfi deyil. Belə ki, informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan ölkəmizdə məktəblilər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadır. Məktəblilərimiz beynəlxalq olimpiadalarda öz müvəffəqiyyətlərinin davamlı inkişafına nail olaraq, son illər ərzində ümumilikdə yüz altmış medal qazanıblar.

Bu olimpiada günlərində siz, eyni zamanda, Azərbaycanın keçmişi, bu günü və zəngin tarixi-mədəni dəyərləri ilə yaxından tanış olmaq, eləcə də yeni-yeni dostlar tapmaq imkanı əldə edəcəksiniz. Olimpiadanın uzun illər hər birinizin yaddaşında xoş xatirə kimi qalacağına əminəm.

İnanıram ki, sizə bəslənən ümidləri gələcək fəaliyyətinizdə layiqincə doğruldacaqsınız”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook