SON XƏBƏR

Bir qrantlıq “müxaliflər” və... “halal pul sertfikatı”

Aprel 27
10:21 2016
Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı il 1-ci maliyyə yardımı müsabiqəsinin qaliblərinin siyahısını açıqladı.

Açıqlanan siyahı mediada və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Bir çox tanınmış ziyalılar, vətəndaş cəmiyyətinin üzvləri və siyasilər qrant alan təşkilatların və şəxslərin fəaliyyətinə qiymət verərək onların bir çoxunun nəinki fəaliyyəti, hətta ictimai çəkisinin olmadığını ifadə etdilər. Onlar hesab edirlər ki, qrantların verilməsində dostluq, tanışlıq, siyasi-ictimai mövqe yaxınlığı və tərəflilik kimi prinsiplərə xüsusi önəm verilib. Bunu da siyahıda adları əks olunmuş şəxslərin ictimai mövqeyi ilə əlaqələndiriblər. 

Budəfəki siyahıda bir neçə deputatın (Əli Hüseynli - 14 000,0  AZN, Fuad Muradov - 14 000,0  AZN, Elşən Musayev - 3 000,0  AZN), çoxsaylı jurnalistlərin, Vətəndaş Cəmiyyəti adına iddialı şəxslərin, məmur qohumlarının (məsələn, Cavid Qurbanovun atası Qənbər Qurbanov – 10 000,0 AZN) adları əksini tapıb. 

Maraqlı məqam isə ondan ibarətdir ki, siyahıda hakimiyyəti tənqid edən və müxalifət adına iddia edənlər də var. Müzakirələrin bu müstəviyə çıxmasına səbəb də məhz müxalifətə yaxınlığı ilə seçilən şəxslərin QHT Şurasında iştirakı və layihələr udmasıdır. 

Məsələn, yeni dönəmin "müxalifət lideri olmağa iddialı”, Elçibəy hakimiyyəti dövründə baş nazir olmuş, keçmiş deputat Pənah Hüseynin qızı Günay Hüseynin rəhbəri olduğu "Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi”nin, Müxaliətin tədbirlərində başda oturan yazar Mehriban Vəzirin rəhbərlik etdiyi Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin (AQASİM), AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynin qardaşı İlqar Hüseynin rəhbəri olduğu Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin, hüquq müdafiəçisi Səadət Bənənyarlının rəhbəri olduğu Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin qrant alması bu müzakirələrin tərkib hissəsidir. 

Qeyd edək ki, ötən il beynəlxalq təşkilatlardan qrant alan QHT-lərin hesablarının dondurulması, onlara cinayət işinin açılması və bir çox QHT rəhbərinin, Vətəndaş Cəmiyyəti üzvlərinin həbsindən sonra Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "vətəndaş cəmiyyətinin inkişafı" ilə bağlı missiyanı tam üzərinə götürdü və "antiazərbaycan” qüvvələrdən maliyyə alanlara qarşı mübarizəyə başladı. Amma nə baş verdi? 

Təəssüfləndirici məqam ondan ibarətdir ki, sözügedən qurum vətəndaş cəmiyyətinin inkişaf etdirməkdən çox kimlərinsə hansısa şəxslərə və qurumlara, bütövlükdə hakimiyyətə "xidmət”lərini, "əməyini” qiymətləndirməklə məşğuldur. Daha dəqiq ifadə eləsək, xaricdən "haram pul” alanlara qarşı "halal pul” paylamağa başlayıb. Beləliklə, milli manatla qrant almaq həm də "sınaq mərhələsi”nə çevrilib. Yəni konkret şərt qoyulub: səfini seç, ya o tərəfdəsən, ya bu tərəfdə... 

İndisə qəribə bir mənzərə ortaya çıxıb: müxalifət və QHT adına iddialı şəxslər QHT Şurasından qrant alır. Məhz müzakirələr də bu baxımdan diqqətçəkəndir. 
Bəs burada ziddiyyət nədədir? 

Məsələyə iki aspektdən yanaşmaq olar:
 ya bu müxalifət və Vətəndaş Cəmiyyəti adına iddialı, həmçinin xalqa "demokratiya dərsi” keçən şəxslər hakimiyyəti tənqid etməklə imitasiya ilə məşğuldur, çalınan havaya oynayırlar, ya da daha obrazlı ifadə etsək, "gündüz İlham Əliyevin və hakimiyyətin əleyhinə danışanların cibinə axşam Azay Quliyev və rəhbərlik etdiyi QHT Şurası "pul basır””. 

Tanınmış jurnalist, keçmiş vicdan məhbusu, "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı feysbukda məsələyə münasibətini belə ifadə edib: "Azay Quliyevin QHT-lərə DDŞ-si 2016-cı il 1-ci maliyyə yardımı müsabiqəsinin qaliblərinin siyahısını açıqlayıb. 277 adama pul bölüşdürüblər. Siyahıda kimlər yoxdur kimlər: deputatlar, jurnalistlər, tanış adlar, tanış soyadlar. Arpalıqdır. Osmanlıda buna arpalıq deyirdilər. Ən maraqlısı Cavid Qurbanovun hörmətli atası Qəmbər müəllimin layihəsidir: "Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili" - 10.000 manat. Adamın üstündə Allah var, Cavid müəllimin imkanı yoxdur axı. Tam bir araşdırma mövzusudur və yəqin ki, geniş araşdırmalar olacaq. Kimlər yardım alıb kimlər: Əli Kərimlinin qapısında qışqıranlardan mətbuatı qışqırdanlara qədər geniş bir yelpazə”. 

AXCP sədrinin müavini Nurəddin Məmmədli də siyahıya münasibət bildirib. 
O, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun atası, "”Aşıq Şəmşir” Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Qurbanov Qənbər Şəmşir oğluna ayrılan 10.000 manatlıq layihəni sosial şəbəkələrdəki şərhində belə qiymətləndirib: "Oğlunu vətəndaş kimi tərbiyə edə bilməyən Qəmbər müəllim, yəqin ki, həmin pulla Əli Kərimlinin həyətində şivən qoparanlar desantı hazırlayacaq”.

Bu fikirlərə heç bir etirazımız yoxdur, amma, görünür, hörmətli Nurəddin bəy İlqar Hüseyninlinin qrant layihəsi udmasından xəbərsizdir. Əgər xəbəri olsaydı, buna da münasibət bildirərdi. Bunu xatırlatmaqda məqsədimiz həm də odur ki, sabah Əli Kərimlinin evinin qabağında İlqar Hüseyninlinin də peyda olması onu təəccübləndirməsin. 

O ki qaldı özləri və qohumları QHT Şurasından qrant alıb xalqa "demokratiya dərsi” keçən "müxaliflər”ə, onlara da başqa heç bir sözümüz yoxdur. Sadəcə, arzularımızı ifadə edə bilərik: Sertfikatınız mübarək!  

Maraqlıdır, bəs QHT Şurasının açıqladığı siyahıda ümumilikdə yer alan şəxslərin və təşkilatların ictimai çəkisi və nüfuzu nə qədərdir? 
Davamı olacaq...  
 
Arqument.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook