SON XƏBƏR

Bəzi tənqidçi saytların açılmamasının səbəbi nədir?

Mart 29
10:28 2017
Osman Gündüz: "Əgər qarşıya hər hansı bir məqsəd qoyulsaydı, o zaman...”

Martın 27-dən etibarən Azərbaycanda bəzi provayderlərdən azadliq.org, meydan tv və azadliq.info saytlarına daxil olmaq çətinləşib. Bu hal martın 28-də də təkrarlanıb. Məsələ ilə bağlı AzadliqRadiosunun sosial şəbəkə üzərindən yaydığı bəyanatda bildirilir ki, problemin nədən yarandığını müəyyən etmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ediblər. Lakin problem öz həllini tapmayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əvvəllər də onlara sözügedən saytların bloklanması ilə bağlı məlumatlar daxil olub, ancaq sonradan bu məlumatlar təsdiqini tapmayıb: "Bizdə hansısa saytların bloklanması haqda məlumat yoxdur. Xəbərlər yayırlar ki, hansısa saytlar bloklanıb, giriş mümkün deyil. Üstündən yarım saat, bir saat keçir, növbəti xəbər yayırlar ki, problem aradan qalxıb. Yəni saytların bloklanması ilə bağlı xəbərlər təsdiqini tapmır”.
Saytların xarici ölkələrdə olan oxucuları isə sosial şəbəkələrdə qeyd ediblər ki, bloklandığı söylənilən saytlara rahat şəkildə daxil ola bilirlər.

Onu da qeyd edək ki, ölkə ərazisindən də bəzi provayderlər vasitəsilə sözügedən saytlara daxil olmaq mümkündür. Məsələn, "citynet”, "uninet” istifadəçiləri qeyd olunan saytlara daxil ola bilirlər. "Bakinternet”, "connect” istifadəçilərində isə bu, mümkün deyil.

Hazırkı şəraitdə ölkədə heç bir sosial-siyasi gərginliyin olmadığını nəzərə alsaq, müxalif mövqeli bu saytların hansı səbəbdən bloklanması sual doğurur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Yeni Müsavat”a bildirib ki, məsələ texniki problemlə əlaqəlidir: "Əgər saytlar bir provayderdə açılıb, digərində açılmırsa, daha çox texniki problemə oxşayır. Əgər qarşıya hər hansı bir məqsəd qoyulsaydı, o zaman saytlar gərək ki, heç bir provayderdə açılmazdı. Buna görə də düşünürəm ki, məsələ dəqiq araşdırılmalıdır. Yalnız bundan sonra hansısa rəy bildirmək olar. Həmin resursların mütəxəssisləri ilk növbədə özləri monitorinq aparmalıdırlar. Öyrənməlidirlər ki, saytları hansı provayderdə açılır, hansında yox. Bunu sorğu yolu ilə öyrənmək olar. Məsələn, hazırda mən həmin saytlara rahat şəkildə daxil ola bilirəm. Qeyd etdiyim sorğunun nəticəsindən asılı olaraq hərəkət etmək lazımdır. Azərbaycana internet iki şirkət tərəfindən gətirilir. Onlar ”Delta Telecom" və "Azər Telecom”dur. Həmin şirkətlərlə də əlaqə saxlamaq lazımdır. Bütün bu addımlar atılmadan konkret fikir yürütmək olmaz. Bir məsələ də var ki, Azərbaycanda ‘’İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında’’ Qanuna dəyişiklik edilib. Bu qanunda müəyyən müddəalar nəzərdə tutulub ki, məhkəmənin qərarı olmadan da internet resurslar bağlana bilər. Lakin burada da müəyyən məsələlər var ki, bununla bağlı öncədən internet resurslarına məlumat verilməlidir. Qanunverciliyə uyğun olaraq öncə xəbərdarlıq olunur, daha sonra məhkəmənin qərarı olmadan da internet resurs bağlanır. Daha sonra isə məhkəməyə müraciət edilə bilər. İndi saytların rəhbərləri açıqlama verməlidirlər ki, onlara bu cür xəbərdarlıq olunub, yoxsa yox".

Saytların rəhbərliyindən isə məsələ ilə bağlı münasibət ala bilmədik.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook