SON XƏBƏR

“Beynəlxalq səfir...”

İyul 13
10:15 2016
Akademik Əhəd Canəhmədov
 
Tribologiya və tribotexnika sahəsində dünya miqyasında tanınan alim, akademik Əhəd Canəhmədovun maraqlı həyatı və elmi fəaliyyəti haqqında kinorejissor Vasif Məmmədzadənin lentə aldığı yeni sənədli filmin çəkilişlərini bitirmək üzrədir. Ə.Canəhmədov 1946-cı ildə Xızı rayonunun Baxşılı kəndində anadan olub.
Azərbaycan Neft və Kimya institutunun neft-mexanika fakültəsini bitirib. Moskva şəhərində SSRİ Elmlər Akademiyasının maşınşünaslıq institutunda məqsədli aspiranturada oxuyub. 1973-cü ildə namizədlik, 1989-cu ildə İ.M.Qubkin adına Moskva Neft və Qaz institutunda doktorluq dissertasiyalarını müdafiə edib.
 
Tribologiya elmi sahəsində Azərbaycanın ilk elmlər doktorudur.
 
1975-76-cı illərdə Böyük Britaniyada ilk sovet vətəndaşı və azərbaycanlı olaraq elmi stajkeçmədə olub.
 
Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasında «Nəqliyyat mexanikası» kafedrasının müdiridir.
 
Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və Baş Elmi katibi seçilib. 2011-ci ildən Akademiyanın vitse-prezidentidir.
 
Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, sonra akademiki, Gürcüstan Milli Akademiyasının akademiki, Ukrayna Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib.
 
Rusiya Mühəndislik Akademiyasının akademikidir və adı "Rusiya Mühəndislik Akademiyası” Ensiklopediyasına salınıb.
 
Beynəlxalq «Sürtünmə və yeyilmə», «Neftqaz kompleksləri üçün avadanlıqlar və texnologiyalar», «Sürtünmə və yeyilmə problemləri», «American Association for Science and Technoloqy (AACIT)» (ABŞ) elmi jurnallarının redaksiya kollegiyasının üzvüdür.
 
İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən gümüş medalla, sonra isə qızıl medalla təltif olunub və "XX əsrin görkəmli elm adamı” fəxri adına layiq görülüb. 2000-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən elmdə xidmətlərinə görə qızıl medalla və "Beynəlxalq səfir” ordeni ilə təltif olunub.
 
2006-cı ildə mühəndislik elminin inkişafındakı xidmətlərinə görə Mühəndislik Akademiyasının qızıl medalına. "Mühəndislik şöhrəti” ordeninə, Beynəlxalq Mühəndislik Akademiyasının "Böyük qızıl medalına”, Ukrayna Mühəndislik Akademiyası "Podqornı adına qızıl medalına” və Qazaxıstan Respublikası Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti” qızıl medalına, Azərbaycan Mühəndislik Akademiyasının "Mühəndislik Rəşadəti” qızıl medalına, Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən Tribologiya sahəsindəki elmi kəşfinə görə Nobel mükafatı laureatı P.L.Kapitsa adına qızıl medala layiq görülüb. 2016-ci ildə "Beynəlxalq Mühəndislik Akademiyasının Fəxri Qızıl Nişanı” fərqlənmə nişanı və Diplomu ilə təltif olunub.
 
Ə.X. Canəhmədov Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən «Ən yaxşı elmi iş» adlı müsabiqədə texniki elmlər üzrə laureat olub. NASA (ABŞ) Qrantına sahib olub.
 
İxtira sahəsində Respublika müsabiqəsinin laureatıdır. Ölkəmizin tarixində ilk dəfə olaraq "Metalpolimer sürtünmə cütlərinin üst qatlarında kontakt – impuls qarşılıqlı təsiri nəticəsində yeyilmə friksion xarakteristikalarının dəyişmə qanunauyğunluqları” adlı (Diplom № 462, 2013-cü il) və "Metalpolimer cütlərin işçi qatlarında elektrotermomexaniki sürtünmə prosesinin qanunauyğunluğunun reallaşdırılması” adlı elmi kəşflərin (Diplom № 476, 2014-cü il) müəllifidir.
 
350-dən artıq əsərin, o cümlədən 50 monoqrafiyanın və kitabın, dərslik və dərs vəsaitinin və 30-dən çox patentin müəllifidir. Ə.X.Canəhmədovun elmi əsərləri təkcə MDB-də deyil, eləcə də, bir çox xarici ölkələrdə məşhurdur. İngiltərədə, Almaniyada, Çexiyada, Slovakiyada, Avstriyada, Rusiyada, Yunanıstanda, Yaponiyada, Polşada, Rumıniyada, İtaliyada və b. ölkələrdə tribologiya və tribotexnika problemlərinə həsr olunmuş Dünya konqreslərində, Beynəlxalq simpoziumlarda və regional konfranslarda, yığıncaqlarda məruzə ilə çıxış etməklə Əhəd müəllim Azərbaycanı ən mötəbər elmi məclislərdə ləyaqətlə təmsil edib...
 
Onun tərcümyi-halı o qədər zəngindir ki, qısa bir yazlda onu əhatə etmək olduqca çətindir... Əhəd müəllim mənsub olduğu elm sahəsində Azərbaycanı dünya səviyyəsində təmsil etməklə əslində bir elçi, bir səfir rolunu oynamaqdadır... Onun iştirak etdiyi, sədrlik etdiyi beynəlxalq elmi məclislərdə həmişə stolun üstündə Azərbaycanın bayrağı qoyulur... Daim heyrətlə, diqqətlə qarşılanan məruzələri isə Azərbaycan adından təqdim olunur...
 
Bütün bunlar olduqca maraqlı həyat yaşayan, zəngin tərcümeyi-halı, geniş elmi fəaliyyəti olan akademik Ə.X. Canəhmədova həsr olunmuş "Beynəlxalq səfir” Akademik Əhəd Canəhmədov adlı tammetrajlı sənədli filmdə daha dolğun təqdim olunacaq. Filmin əsas epizodları Xızı rayonunda, alimin çalışdığı Milli Aviasiya Akademiyasında, Bakı şəhərinin ayrı-ayrı güşələrində lentə alınıb. Filmdə alimin maraqlı həyat fəaliyyəti ilə yanaşı, onun dostlarının maraqlı fikirləri və şeirlərinə yazılan mahnılar təqdim olunur, eləcə də, onun uşaqlıq çağları nəvəsi Teymurun ifasında canlandırılır. Filmin təqdimatı 2016-cı ilin oktyabr ayına planlaşdırılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook