SON XƏBƏR

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirildi

İyul 26
11:41 2017
Qlobal.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iyulun 25-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilmişdir. 
 
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir:
 
1. 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 
 
2. "Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişik­lik­lər edilməsi
 
3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi
 
4. "Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişik­liklər edilməsi
 
5. "Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun qəbul edilməsi
 
6. "Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun qəbul edilməsi
 
Gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məm­məd­ov demişdir ki, 2017-ci ilin ötən dövrü ərzində tikinti sektorunda sosial sahələrin inkişafına üstünlük verilmiş, Naxçıvan şəhərindəki 3 və 13 nömrəli, Şərur şəhərində 2 nömrəli, Şərur rayonunun Çəmənli, Şahbuz rayonunun Kolanı kəndlərində tam orta məktəb binaları, Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Çəmənli və Arpaçay kənd­lərində kənd və xidmət mərkəzləri, Kəngərli rayonunun Qıvraq qəsəbəsində 222 yerlik uşaq bağçası istifadəyə verilmiş, Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri başa çatdırılmışdır. Naxçıvan şəhərində 1 yaşayış binası tikilmiş, Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin idman zalında yenidənqurma işləri aparılmışdır. Bu dövrdə Naxçıvan Müəllimlər İnstitutu üçün yeni korpusun, 4 məktəb binasının, 1 musiqi məktəbinin, 2 həkim ambu­latoriyasının, Kəngərli və Sədərək rayonlarının hər birində 48 mənzilli yaşayış binalarının, Araz çayı üzərində 36 meqavat gücündə derivasiya tipli Ordubad Su Elektrik Stansiyasının, Sədərək gömrük-sərhəd buraxılış məntəqəsinin, Naxçıvan şəhərində yeni məscidin və 10 kilometrlik Şıxmahmud-­Xəlilli-Naxçıvan şəhər avtomobil yolunun tikintisi aparılmışdır. Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün tədris korpusunun, 3 məktəb binasının, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan şəhərində 5 yaşayış binasının, Sədərək rayonunda mədəniyyət evinin, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Naxçıvan şəhərinin Qaraçuq kəndində yerləşən sərhəd məntəqəsinin inzibati binasının yenidən qurulması davam etdirilmiş, Qarabağlar Türbə Kompleksində və Yengicə hamamında bərpa işləri, Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şahtaxtinskilər muzeyində isə təmir işləri görülmüşdür. 
 
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev demişdir ki, qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə­-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafını təmin etmişdir. Artıq muxtar respublikada yaz əkinləri başa çatdırılmışdır. Hazırda əkin sahələrində aqrotexniki qaydada becərmə tədbirləri aparılmaqla yanaşı, meyvə-tərəvəz və kartof məhsullarının toplanılması, taxıl və ot biçini davam etdirilir. Bu il muxtar respublika üzrə 27 min hektardan artıq sahədə yazlıq bitkilər əkilmişdir. Ümumi əkinin 1312 hektarını taxıl, 2137 hektarını paxlalılar, 1667 hektarını dən üçün qarğıdalı, 285 hektarını dən üçün günəbaxan, 6170 hektarını tərəvəz, 3183 hektarını kartof, 2772 hektarını bostan, 9 hektarını tütün, 9472 hektarını isə birillik və çoxillik ot əkinləri təşkil edir. Görülmüş işlərin nəticəsidir ki, 2017-ci ilin yanvar-may ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 49 milyon 552 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur. 
 

 
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək demişdir ki, bu ilin birinci yarısında iqtisadi fəaliyyətin müxtəlif sahələrində 8-i özəl investisiya olmaqla 18 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, bu tədbirlərin davamı olaraq 6-sı özəl investisiya olmaqla 16 sahənin yaradılması davam etdirilmiş, muxtar respublikanın rayon və kəndlərində 706 emal sənayesi, kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılmışdır. Sahibkarların hüquqlarının müdafiəsi və onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilmiş, cari ilin ötən dövrü ərzində 4 sahibkarlıq subyekti "Nəzarət kitabçası” ilə təmin olunmuş, xüsusi fəaliyyət növləri üzrə 12 lisenziya verilmişdir. Hazırda muxtar respublikada fəaliyyət göstərən çoxsaylı müəssisələrdə istehsal olunan ixracyönümlü məhsullar 5 xarici ölkəyə ixrac edilir. İxrac edilən əmtəələr arasında ərzaq, tikinti, mebel, yüngül sənaye məhsulları üstünlük təşkil etmişdir. Qeyd olunan dövrdə 494 ton kənd təsərrüfаtı və еmаl sənаyеsi məhsullаrının mütəmadi keçirilən yarmarkalarda satışı həyata keçirilmişdir. 
 
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov sessiyada çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında bir il öncəyə nisbətən sənaye məhsulunun həcmi 1,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, informasiya və rabitə xidmətləri 2 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 1,7 faiz, ixracın həcmi 1,3 faiz, əhalinin gəlirləri 1,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,5 faiz artmışdır. Cari ilin ilk yarımili ərzində muxtar respublikada tikinti və ya yenidənqurmadan sonra ümumilikdə, 78 obyekt istifadəyə verilmişdir. Hazırda iqtisadi və sosial sahələrdə 134 müxtəlif obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir. Bu ilin ilk 6 ayı ərzində muxtar respublikada alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 62,7 faizini təşkil etmişdir. Ötən dövrdə muxtar respublikada 204 milyon ABŞ dollarına yaxın məbləğdə xarici ticarət dövriyyəsi qeydə alınmış, muxtar respublikaya 195 min 495 turist gəlmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir. 
 
Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı nəticəsində dövlət büdcəsinin gəlirlərində 2 milyon 150 min manat məbləğində artım proqnozlaşdırıldığından və buna müvafiq olaraq xərclərin də tənzimlənməsi zərurəti yarandığından Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsində dəyişik­liklər edilməlidir. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi qəbul edilmişdir. 
 
Gündəlikdə duran üçüncü məsələ ilə əlaqədar deputatların və sessiya iştirakçılarının diqqətinə çatdırılmışdır ki, 2016-cı il sen­tyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanmışdır. Qanun layihəsi 2017-ci ilin fevral ayında keçirilən Ali Məclisin sessiyasında qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 50-ci maddəsinin II hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər iki dəfə səsə qoyulur. Buna görə də Qanun layihəsi ikinci səsverməyə çıxarılmışdır. 
 
"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunmuş və səsə qoyularaq qəbul edilmişdir. 
 
Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı bildirilmişdir ki, Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli Qanunu ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə uyğun olaraq "Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Qanunda dəyişikliklər edilməsi üçün qanun layihəsi ­hazırlanmışdır.
 
"Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul edilmişdir. 
Ali Məclisin Sədri demişdir ki, Naxçıvan Muxtar Respublikasında iri toxumçuluq təsərrüfatları yaradılmış, keyfiyyətli yerli toxum növlərinin yetişdirilməsi və satışına diqqət artırılmışdır. Bunun nəticəsi olaraq muxtar respublikada toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi tənzimlənməsinə ehtiyac yaranmışdır. Qeyd olunanlar əsas ­götürülərək "Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi hazır­lanmışdır. Qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsində müzakirə edilmiş, layihəyə əlavə və ya təkliflər olmamışdır. 
 
Sessiyada "Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunmuşdur.
 
Gündəlikdə duran altıncı məsələ "Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun qəbul edilməsi barədə olmuşdur. Diqqətə çatdırılmışdır ki, bu Qanunun qəbul olunmasını zəruri edən əsas məsələ dövlət orqanları tərəfindən əhaliyə pullu xidmətlər göstərilməsi işinin tənzimlənməsidir. Belə ki, mövcud qanunvericiliyə əsasən dövlət orqanları təsərrüfat idarəçiliyi ilə məşğul olmaq və pullu xidmətlər göstərmək səlahiyyətinə malik deyillər. Təklif olunan qanun isə bu problemləri aradan qaldıracaq, publik hüquqi şəxs hesab olunan dövlət orqanlarına yeni imkanlar yaradacaqdır. Publik hüquqi şəxs göstərdiyi xidmətlərlə özünü maliyyələşdirə bilər. Qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsində müzakirə edilmiş, layihəyə əlavə və ya təkliflər olmamışdır. 
 
Sessiyada "Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul edilmişdir. 
 
Ali Məclisin Sədri 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirmiş, cari ilin qarşıdakı altı ayında inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulamışdır. 
 
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış altıncı sessiyası öz işini başa çatdırmışdır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook