SON XƏBƏR

Bəraət alan məmur oğluna dövlət nə qədər təzminat ödəyəcək?

Aprel 17
01:53 2019
Aprel ayının 12-də Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elmar İbadovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatdı. 
 

 
Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilərək təqsirləndirilən şəxsə bəraət hökmü verildi.
 
Sumqayıt Apellyasiya Məhkəməsinin bu qərarı həm ictimaiyyət arasında, həm də sosial şəbəkələrdə ciddi müzakirə olunmaqdadır. 
 
Qlobal.az xəbər verir ki, bəzi iddialara görə hakim Məhəmmədəli Rzayevin Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunmuş E. İbadova bəraət verməsində E. İbadovun atası Şahmar İbadovun yüksək vəzifədə çalışması və öz nüfuzundan istifadə etməsi də az rol oynamayıb. 
 
Azərbaycan məhkəmələrində çox az hallarda rast gəlinən bəraət hökmü E.İbadovla bağlı yeni sualları ortaya çıxarıb. 
 
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin qərarı ilə bəraət alan Elmar İbadov mövcud qanunvericilikdən yararlanaraq həbs müddətində ona dəyən maddi-mənəvi zərərə görə dövlətdən təzminat tələb edə bilər. 

Azərbaycan Respublikasının Cinayət Prosessual məcəlləsinin müvafiq maddələrinə görə məhkəmə tərəfindən bəraət verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam verilmiş şəxsin tələbi ilə məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməli, həmçinin şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən cinayət təqibi haqqında məlumatlar dərc edən kütləvi informasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir.
 
Cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. 
 
Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ilə bəraət almış E.İbadov qanunun ona verdiyi hüquqa əsaslanaraq dövlətdən ona dəyən maddi-mənəvi zərərə görə təzminat, ona həbs qərarı verən ilkin məhkəmə instansiyasından da üzr tələb edə bilər.
 
2017-ci ildə Bakı Dövlət Universitetində magistraturaya qəbul olunan E. İbadov həbs olunduğu üçün təhsilinin yarımçıq qaldığı deyilir. 
 
Məlumata görə icra başçısının müavinin oğlu ilkin olaraq təhsilini bərpa etdirmək üçün bəraət qərarından yararlanacaq. 
 
Onun dövlətə təzminat davası açacağını da istisna edilmir.
 
Qeyd edək ki, Şahmar İbadovun adı müxtəlif korrupsiya qalmaqallarında, o cümlədən gözdən əlillər üçün tikilən mənzillərin sağlam vətəndaşlara satılması ilə bağlı 12 milyonluq korrupsiya işində hallanıb.
 
Qarşı tərəf də mövqe bildirə bilər.

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook