SON XƏBƏR

Barı susun!

Noyabr 08
00:56 2017
Məhkəmənin istəyi ilə Azərbaycanın hüquqi müdafiə sistemində nümayəndəlik institutunun faktiki ləğv edilməsini hüquqşünas olan da, olmayan da haqlı olaraq tənqid edir. Ali Məhkəmənin bu təşəbbüsü əsasən Vəkillər Kollegiyasının üzvü olmayan praktik hüquqşünaslar və digər həssas mütəxəssislər tərəfindən tənqid olunur. Çünki artıq qanuna edilən bu dəyişiklik qüvvəyə mindikdən sonra xüsusilə aztəminatlı və hüquqi müdafiəyə möhtac vətəndaşlar olduqça çətin, müdafiəsiz vəziyyətə düşəcəklər. Ağlı başında olan hər kəs bunu dərk edir.
 
Çox təəssüf ki, Vəkillər Kollegiyasının üzvü olan bəzi vəkillər məsələni əsas hədəfdən yayındıraraq bəsitləşdirməyə meyllənirlər. Guya ki, praktik hüquqşünasların bilgi və qabiliyyəti, yetənəyi çatmadığı üçün Vəkillər Kollegiyadan kənarda qalıblar və indi də bunun davasını aparırlar. Bu, olduqca qüsurlu və deyərdim ki, qəsdən problemin mahiyyətini cəmiyyətin diqqətindən yayındırmağa hesablanmış bir davranışdır.
 
Hər hansı önləyici və məntiqli tənzimləmə gətirilmədən nümayəndəliyin ləğvinin yaradacağı problemlərin bir hissəsinə noyabrın 6-da geniş bir yazı ilə toxunmuşam. Odur ki, məsələyə başqa aspektdən baxmağa çalışacağam.
 
Bir haşiyəyə çıxaraq qeyd edim ki, mən Azərbaycan Vəkillər Kollegiyasının üzvü deyiləm və heç bir zaman da üzv olmağa cəhd etməmişəm, imtahana-filana da getməmişəm. Amma mən 22 il öncə İstanbulda hüquq təhsilimi tamamladıqdan sonra rəsmi şəkildə İstanbul Barosunda öncə avukat (vəkil) stajına başlamışam, 1 illik bir təhsil və təcrübə keçdikdən sonra vəkil (avukat) statusu qazanmışam. Əlbəttə, bu zaman rəsmi olaraq 6 ay ərzində hakim və savcı (prokuror) stajı (praktikası) da keçmişəm və İstanbul Beyoğlu Adliyyesində faliyyət göstərmişəm. Amma bu mənə asan başa gəlməyib. Öncə Türkiyə Ədliyyə Nazirliyinə qarşı məhkəmə işi başlatmışam. Çünki Türkiyə vətəndaşı deyildim, vəkillik isə Türkiyədə yalnız ölkə vətəndaşlarına tanınmış bir peşə fəaliyyəti idi. Mən 1982-ci ildə Türkiyədə qəbul edilən bir qanundan ("Türk Soylu Yabancıların Türkiye`de Meslek ve Sanat Edinmesi Hakkında Kanun”) faydalanaraq 6 aylıq hüquq mübarizəmdə Türkiyə Ədliyyə Nazirliyini məhkəmədə udub vəkillik peşəsi ilə məşğul olmaq haqqını qazandım.
 
Bunları mənə yönələ biləcək bəzi ittihamları bəri başdan təxmin etdiyim üçün sadalayıram. Qeyd etməliyəm ki, bizim bu günkü vəkillərin fəaliyyətini tənzimləyən qanun 18 il öncə – 1999-cu ildə qəbul edilib. Mən hələ bu qanun qəbul edilməmiş, burda nəzərdə tutulan prosedurlar işə salınmamış vəkil statusu qazanmışdım.
İndi keçək söhbətimizin əsas məğzinə.
 
Öncə xatırlatmalıyam ki, ümumiləşdirmə hər zaman qüsurludur. Bəli, bu gün ölkəmizdə vəkillərin sayı çox azdır. Onların işi keyfiyyətli aparanları və həqiqətən bu peşəyə sadiq olanları da var və belələrinin də sayı çox azdır. Burda yazacaqlarım bütün vəkillərə, xüsusilə çoxsaylı təzyiq və təhdidlərə baxmayaraq insan hüquq və azadlıqlarının üstünlüyünə inamını itirməyən, peşəsinin mahiyyətini dərk edən, ona sadiq qalaraq fəaliyyətini davam etdirənlərə aid deyil. Bu gün Əsabəli Mustafayev, Adil İsmayılov, Fuad Ağayev, Yalçın İmanov, Elçin Sadıqov, Fariz Namazlı, Zibeydə Sadıqova, Nemət Kərimli və adını çəkmədiyim xeyli insan var ki, onlar vəkil adını şərəflə təmsil edirlər və peşələrini çətinliklə də olsa icra etməyə çalışırlar.
 
Lakin bu da reallıqdır ki, saydığım keyfiyyətdə olanlar azlıqdadır. Vəkilləri təmsil edən rəsmi tərəf də daxil olmaqla çoxluğun toplumdakı imici pozitiv deyil.
Bu günədək vətəndaşlara çox keyfiyyətli hüquqi xidmət göstərən və vəkil peşəsinin haqqını verərək fəaliyyətini sürdürən xeyli dəyərli hüquqşünası vəkillikdən məhz imici müsbət olmayan, amma vəkiliyi idarə edən şəxslər və həmin şəxsləri özlərinin təmsilçisi kimi görməkdə davam edən və susan vəkillər uzaqlaşdırıblar, özü də qalmaqallı şəkildə.
 
Hamımız çox aydın bilirik ki, Xalid Bağırov, Aslan İsmayılov, Əlayif Həsənov, Fərhad Mehdiyev, Müzəffər Baxışov, Elçin Namazov və adını çəkmədiyim digər dəyərli vəkillər bilgi və bacarıqlarına görə yox, məhz barışmaz peşəkar vəkil mövqelərinə görə vəkillikdən kənarlaşdırılıblar.
 
Yenə faktdır ki, çox sayda dəyərli hüquqşünas lisenziyası ləğv edildikdən sonra ümumiyyətlə Vəkillər Kollegiyasına buraxılmayıb və onların ayrıca təşkilatlanmasının da qarşısı alınıb. Məsələsi Avropa Məhkəməsinə qədər gedib çıxan və hüququ pozulduğu rəsmi şəkildə tanınan İntiqam Əliyevin və digərlərinin Azərbaycana qarşı işini xatırlamayan yoxdur.
 
Yenə hər birimiz gündəlik informasiyalardan bilirik ki, siyasi məhbusları və ya siyasi işlərdə hüququ pozulan tərəfləri müdafiə edən vəkillər tez-tez kollegiyanın inzibati cəzalandırma təhididi ilə qarşılaşır, xəbərdarlıqlar alırlar.
 
Amma nə hikmətdirsə, öz müvəkkilinin sirrini kitab halına gətirən, hətta mətbuat təmsilçilərini toplayıb, geniş təqdimat keçirən vəkil kollegiya tərəfindən heç bir inzibati sanksiyaya məruz qalmır. Halbuki "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 9-cu maddəsi Vəkillər Kollegiyasının vəzifələrini sayanda bu qanunun tələblərinə uyğun olaraq intizam nəzarətini həyata keçirdiyini də göstərir. Qanunun tələbləri dedikdə isə 14-cü, 17-ci, 18-ci və 22-ci maddələrdəki tələblər nəzərdə tutulur.
 
Bilməyənlər üçün bu şərtləri bir daha təkrarlamaq istəyirəm.
 
Qanunun 14-cü maddəsi vəkilin andının hətta mətnini dırnaqda təqdim edir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm”.
 
17-ci maddə isə vəkillər üçün vəkil sirrinin nə olduğunu aydınlaşdırır. "I. Vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir”.
 
Vəkil sirri hüquqi məsuliyyət gətirirsə, vəkil andı da etik məsuliyyət gətirir və 18-ci maddədə vəkil etikası dedikdə həm də "vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli olduğunu” vurğulayır.
 
Qanunun 22-ci maddəsi isə çox açıq şəkildə bildirir ki, "…o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda” o, intizam məsuliyyətinə cəlb edilir.
 
Vəkillər Kollegiyası bilməmiş deyil ki, vəkilin öz müştərisinin məktublarını yayması sadəcə etik, inzibati məsuliyyət yox, cinayət məsuliyyəti də yaradır.
 
Nümayəndələrin etibar edilmədiyi, sadəcə vəkillərin məşğul olduğu Cinayət Məcəlləsinin 155-ci maddəsi yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozmanı cinayət əməli kimi görür və cinayət məsuliyyəti gətirir. Cinayət Məcəlləsinin sonrakı, 156-cı maddəsi isə şəxsi həyatın toxunulmazlığını pozmanı, yəni şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılmasını, habelə satılmasını və ya başqasına verilməsini, qanunsuz toplanılmasını cinayət əməli hesab edir.
 
Hüquqşünas nümayəndələr səslərini duyurmaq üçün nümayəndəlik institutunun ləğvinə qarşı etiraz tədbiri keçirmək barədə qərarlarını elan etdikdən sonra kampaniya başladan, bu gün sosial şəbəkədə səsini başına atan, nümayəndə kimi fəaliyyət göstərən hüquqşünasları savadsızlıqda ittiham edən, vəkillikdən çıxarılanları bacarıqsız adlandıran, hətta artıq vəkilliyə yeni qan gəldi, köhnə rəhbərlik getdi, hər şey düzəlir deyənlərin də belə mövzularda səsi çıxmır:
 
Deyə bilmirlər ki, müdafiə etdiyi şəxsin sirlərini yayan, onu kitab halına gətirən bir şəxslə mən eyni kollegiyada olmamalıyam.
 
Deyə bilmirlər ki, hakimin bir məktubu ilə mənim həmkarlarımı qaralayıb kollegiyadan ata bilirsən, lakin vətəndaşın hüququnu çeynəyən vəkilə toxuna bilmirsən.
 
Deyə bilmirlər ki, saatına 2 manat verilən vəkillə ölkənin hüquq yükü götürülə bilməz.
 
Deyə bilmirlər ki, ölkədə pulsuz hüquqi yardım haqqında qanun qəbul etmədən, bütün universitetlərdə hüquq təhsilinə yol açmadan sadəcə Vəkillər Kollegiyasında qeyd olunmuş bir ovuc vəkillə həm cinayət, həm inzibati, həm də mülki işlərdə ölkə vətəndaşlarına keyfiyyətli hüquqi xidmət göstərmək mümkün deyil, xəyaldır.
 
Bunları deyə bilmirsizsə, danışanlara mane olmayın, barı susun!
 
Ələsgər Məmmədli
 
(Mənbə: arqument.az)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook