SON XƏBƏR

Bakının mərkəzində yüzlərlə dekorativ ağaclar hara yoxa çıxdı? - FOTOLAR

İyul 03
11:04 2018
Bakının Səbail rayonunda, Neftçilər prospektinin kənarında, (Əl Oyunları Sarayından bir qədər aralıda) təxminən 1000 kvadratmetrlik boş ərazidə əkilən 350 "Göy şam” və "Limon tuya” dekorativ ağacları müəmmalı şəkildə "yoxa çıxıb”. Ağaclar bir qrup iş adamının təşəbbüsü ilə 2012-ci ildə Bakıda  keçirilən Avroviziya Mahnı Musabiqəsinə hazırlıq ərəfəsində İtaliyadan alınıb, 1 ağacın qiyməti 200-300 avroya başa gəlib. Təxminən 4-5 ay əvvəl yaşıllığın tamamilə məhv edildiyi məlum olub.

Bu barədə virtualaz.org saytına adının açıqlanmasını istəməyən və həmin yaşıllaşdırmada iştirak edən iş adamı bildirib. Şikayətçi ağacların  2015-ci ildə çəkilmiş fotolarını da redaksiyaya təqdim edib. Dekorativ ağacların məhz son 2 ildə mərhələlərlə "yoxa çıxdığı” güman edilir. Ağacların oğurlandığı, yoxsa baxımsızlıqdan məhv edildiyi bəlli deyil. İş adamları hər iki halda günahkarların cəzalandırılmasını istəyirlər.

Dekorativ ağaclar  bulvara keçidin ətrafında,  mərkəzi yolun üstündə əkilib, ətrafı bəzək daşları ilə əhatələnib. İndi bu ərazidə yalnız sovetlər dönəmində əkilmiş beş-on şam ağacı qalıb. Ağacların baxımsızlıqdan quruduğu güman edilə bilər, amma nə bir kol, nə də qurumuş budaq qalmayıb. Bu isə ağacların kökündən çıxarılıb aparılması ehtimallarını gücləndirir.

Yaxınlıqda yaşayan sakinlər də oğurlama ehtimalından danışırlar. Onların sözlərinə görə, yol kənarı olduğundan yaşıllığın məhvi çox diqqət cəlb etmirmiş, yalnız hər tərəf boz torpağa çevriləndən sonra ağacların məhv edildiyi məlum olub. "Göy şam ağacı” və "Limon tuya” ağaclarının vətəni İtaliya heab edilir. Hazırda Bakı bazarında İtaliyadan gətirilmiş dekorativ ağacların qiyməti 800 manatdan başlayır.

Bəs bu yaşıllıq sahəsi niyə nəzarətsiz, baxımsız qalıb və oradakı ağacları kimlər "qurudub”, yaxud kökündən çıxarıb aparıb, məlum deyil. Səbail rayon İcra Hakimiyyətindən ağacların taleyi ilə bağlı soruşmaq istəsək də telefon zənglərimizə cavab verən olmadı.
 

 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook