SON XƏBƏR

Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?

Fevral 07
14:54 2019
Güney Azərbaycan Milli Hərəkatının liderlərindən biri Abbas Lisaninin ailəsi və yaxınları onun taleyindən narahatdır. Xatırladaq ki, yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinə müraciət edən fəal iclasın tamamlanmasından sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Agentliklər onun Ərdəbil həbsxanasında aclıq aksiyası keçirdiyini bildirsələr də, bu haqda rəsmi məlumat və ailəsi ilə görüş verilmir. 

Qeyd edək ki, orta məktəblərdə ana dilinin tədris olunması və Azərbaycan türklərinin milli haqlarının bərpası istiqamətində mübarizə aparan Abbas Lissani 1997-ci ildən etibarən dəfələrlə həbs edilib, işgəncələrə məruz qalıb. Bu dəfəki həbsinə isə məşhur musiqi müəllimi Həsən Dəmirçinin dəfn mərasimində söylədiyi nitq səbəb olub. Abbas Lisani bir neçə ay əvvəl qiyabi olaraq mühakimə edilib və məhkəmədə 10 ay həbsə məhkum olunub. Yanvarın 5-də rəsmi çağırış göndərilmədən qiyabi olaraq mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirib. Etirazı qəbul edən məhkəmə onu müvəqqəti olaraq sərbəst buraxıb və prosesin yanvarın 15-də yenidən keçirilməsinə dair qərar çıxarıb. Yanvarın 15-də isə Abbas bəy "yoxa çıxıb”. Abbas Lisaninin həbsindən bir neçə gün sonra Ərdəbil İnqilab Məhkəməsində ona yaxın olan fəallar Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Mehdi Huşmənd və Səid Sadıqifər "ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz dəstə təşkil etməkdə" günahlandırılaraq mühakimə ediliblər. Azərbaycanda, Türkiyədə və digər ölkələrdə yaşayan milli fəallar Abbas Lisaninin azad olunması ilə bağlı kampaniyaya başlayıblar. 

Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?Bütöv Azərbaycan Ocaqlarının Sözçüsü və Mərkəzi Şurasının üzvü Dilavər Əzimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Abbas Lisaninin müdafiəsinə qalxmaq azərbaycanlıların vicdan borcudur: 

"Bir erməninin burnu qanayanda bütün dünya erməniləri ayağa qalxır. Biz o zaman millət olmağımızı ortaya qoyacağıq ki, Kəlkükdə, Dərbəndə, Borçalıda, Azərbaycanda olursa-olsun bir hadisə baş verən zaman reaksiya göstərəcəyik. Güneydə artıq kütləvi aksiyalar başlayıb, onlar Azərbaycan bayrağını qaldırıblar. Çünki, orda mədəniyyətimizin, dilimizin qorunub saxlanmasına imkan vermirlər. XXI əsrdə bu hərəkətin adı nədir? İran xalqlarının mədəniyyətini türklər qoruyub saxlayıblar. Türk hökmdarları orada bir İran dilli xalqı əritməyib. Bütün xilafətlərin zamanında da hər kəs öz dilində yazıb, oxuyub. Abbas Lisani də istəyir ki, türk uşaqları ana dilində oxusun. Mən bu yaxınlarda da məlumat aldım ki, Təbrizdə, Ərdəbildə uşaqlar fars dilinə görə məktəbə getmək istəmirlər”. 

Dilavər Əzimli deyir ki, haqqını tələb edən Abbas Lisaninin oğurlanması heç bir normaya sığmır. Bu cür addımlar İran hakimiyyətinin azərbaycanlıların birliyindən qorxmasının nəticəsidir:

"İranda türklərin sayı 55 milyona çatır. Sən bununla mücadilə edəcəksən, onlar ayağa qalxanda tar-mar olacasan, bunumu istəyirsən”. BAO təmsilçisi Quzey Azərbaycanda bu məsələyə laqeyd münasibəti üzücü hal kimi qiymətləndirib: "Yalnız sosial şəbəkələrdə dostlar yazır. Belə soyuqqanlılıq olmaz. Biz etiraz bildirməsək, istədiklərini edəcəklər. Televiziya kanallarında hər gün politoloqlar çıxıb, ağızlarına gələni danışırlar. Onlar və ya hər hansı bir millət vəkili çıxıb danışarsa, kim ona nə deyəcək. Biz bütövləşməsək, heç bir problemimiz həllini tapmayacaq”.

Dilavər Əzimli hesab edir ki, məsələ ilə bağlı İran səfirliyinin qarşısında piketin təşkil olunması vacibdir:

"Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək lazımdır. Biz İranın dövlət işlərinə qarışmırıq ki, həmvətənlərimizi müdafiə edirik. Deyirik ki, həmvətənlərimizlə normal davranılsın. Ermənilərə öz dilində məktəb, ali təhsil müəssisəsi açılır, bizə isə yox. Hesab edirəm ki, Güneydə də bunu bizdən gözləyirlər”. 

Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?Bütöv Azərbaycan Ocaqlarının başqan müavini Faiq Ələkbər "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın Güneyində fəalların, xüsusilə də Abbas Lisaninin son zamanlar təzyiqlərə məruz qalması yolverilməzdir: 

"Abbas Lisanı türk uşaqların öz ana dilində təhsil almasını, Azərbaycan türkcəsində mədəniyyətimizin təbliğini istəyir. Türk dilinin aşağılanmasının yolverilməz olduğunu bildirir. Bütün hallarda Abbas Lisani kimi milli fəallarımıza qarşı molla rejiminin tutduğu mövqe qəbuledilməzdir”. 

Faiq Ələkbər bildirir ki, Azərbaycanın Güneyində və Quzeyində Abbas Lisaninin həbsinə qarşı mövqe sərgilənməlidir: 

"Abbas Lisani ilə bağlı Güneydə bəzi fikirlər ortaya atılır, ikitirəlik yaratmağa çalışırlar. Quzeydə isə bu məsələ demək olar ki, gündəmə gətirilmir. Hesab edirəm ki, Azərbaycan xalqı bu məsələlərdə bir qədər həssas olmalı, reaksiya verməlidir. Millət vəkillərimiz, QHT-lərimiz var, onlar mövqe bildirməlidirlər. Biz Bütöv Azərbaycan Ocaqları olaraq, öz mövqemizi hər zaman ortaya qoyuruq. Biz Abbas Lisaninin və digər azərbaycanlı fəalların mübarizəsini dəstəkləyirik”.

Faiq Ələkbər digər təşkilatları da bu məsələdə fəal olmağa çağırır. O, qeyd edib ki, BAO tərəfindən bir sıra təşkilatlarla danışıqlar aparılır:

"Piket, aclıq, imzatoplama aksiyasının keçirilməsi mümkündür”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook