SON XƏBƏR

Bakıda peyda olan bu şəxslər kimlərdir?

İyun 15
12:24 2019
Bu yay Bakının sayılıb-seçilən məkanları, əsasən də turistlərin üz tutduğu Dənizkənarı Milli Park, İçərişəhər, metro keçidlərinin yaxınlığı Türkiyənin məşhur "Kahramanmaraş” dondurma satışı köşkləri ilə zəbt olunub. Yerli dondurma satıcıları isə kənar məhəllələrə, ən yaxşı halda parklara "sürgün edilib” və belə görünür ki, mövsümdə şəhərin mərkəzində yalnız Türkiyədən dəvət edilmiş anadolulular dondurma satacaqlar.

Virtualaz.org öyrənib ki, mayın əvvəlində Türkiyədən Bakıya 40 nəfərlik tərkiblə dondurma satıcıları dəvət olunub. Onların hamısı özlərinin dediyi kimi "Anadoludan gəliblər”, bizimlə söhbətə razılaşan biri isə Kahramanmaraşdan olduğunu təsdiqlədi.

Kahramanmaraş Türkiyədə kürdlərin sıx yaşadığı bölgələrdəndir, bölgə sakinlərinin 23 faizə yaxını kürd əsillidir. Həmin kürdlərin 90 faizə yaxını isə ələvi kürdlərdir, yəni şiə təriqətinə yaxındır.

Türk satıcılarının dediklərinə inansaq, onlara Azərbaycanda "Kəhramanmaraş” dondurmalarına təlabat yarandığı söylənilib, onlar da öz ölkələrində işlərini atıb bura gəlməyə məcbur olublar. Gəliblər, amma vəd edilən müştəri axını ilə qarşılaşmayıblar. Ümidləri boşa çıxsa da, geri dönmək üçün yayı yola verməlidirlər.

Bulvarda 12 köşk…

Bulvarda az qala hər 250-300 metrdən bir "maraş” dondurma köşkləri qoyulub, öyrənirik ki, ümumilikdə 12 köşk var. Anadolu geyimli satıcılardan biri söhbət etmək üçün şərt kəsir, iki dondurma almaqla şərtinə əməl etmiş oluruq. Söyləyir ki, Bakıya "Kapka” adlı türk şirkətinin vasitəçiliyi ilə gəlib, bu şirkətə qədər isə daha 2-3 vasitəçi ilə sövdələşmə aparıb. Ona gündə ən azı 90-100 müştəri olacağını söyləyiblər.

Şirkətlə bağlı digər suallarımızın cavablandırılmasına kassir funksiyasını yerinə yetirən azərbaycanlı oğlanlar mane olurlar, bildirirlər ki, komersiya sirridir və yalnız bəlli icra qurumlarına hesabat verirlər.

Adəm adlı satıcı isə əlavə edir ki, Bakıda müştəriləri elə öz yerliləri, türklərdir. Çünki "maraş” dondurmalarının dadını, faydasını türklərdən yaxşı bilən yoxdur. "Digər dondurmaların tərkibində süd yoxdur, biz isə keçi südündən, dağda yetişən orkidə çiçəklərinin yumru köklərindən əldə edilən "salep” adlı qatqıdan istifadə edirik. Tərkibində onlarla vitamin var”,-Adəm söyləyir.

Satıcılar keçi südünü Azərbaycandan, digər qatqıların isə Türkiyədən alındığını söyləyirlər. Amma keçi südünün konkret hansı firmadan alındığını söyləmirlər, bunu sübut edən sənədləri də görə bilmirik.

13 yaşından dondurma satmaqla məşğul olduğunu söyləyən satıcılardan biri isə ərəbləri qınayır, deyir ki, Türkiyədə Maraş dondurmaları, Bakıda isə bahalı rus dondurmaları yeyirlər.

Satıcılardan öyrənirik ki, Azərbaycanda işləmək üçün müvəqqəti iş icazələri var.

Metal şişin ucunda…

Maraş dondurmalarının keyfiyyəti həm də satıcının şou qabiliyyəti ilə ölçülür. Satıcılardan biri deyir ki, əslində ayının min bir oyunu bir armudun başındadır, şou müştəri cəlb etmək üçündür, amma ustanın təcrübə və peşəkarlığından xəbər verir. Deyir və təxminən bir metrlik metal şişin ucunda dondurma götürür, qaba dolduraraq uzadır. Qabı götürməyə çalışırıq, cəld çevirir, fırladır və bu hərəkət bir neçə dəfə təkrarlanır. Dondurma bir qədər saqqız kimi yapışqan olduğundan yerə tökülmür.

Dənizkənarı Milli Parkda "maraş dondurmaları” köşkləri boyu apardığımız müşahidələr göstərdi ki, bütün köşklərdə türkiyəlilər ancaq dondurmanı reklam edirlər və satırlar, pulları qəbul edənlər isə azərbaycanlılardır. Həmin şəxslərin türkiyəliləri Bakıya gətirən şirkətin adamları olduğunu təxmin etmək olar.

"Bazarımızı öldürdü…”

"Bu gələnlər bizim bazarımızı öldürdü, alver edə bilmirik”,-bunu isə Dənizkənarı Milli Parkdalı köşklərdən birinin satıcısı deyir. Əlavə edir ki, şoularla uşaqların diqqətini cəlb edə bilirlər, xüsusilə tələbələr onlardan dondurma alırlar, amma yenə də narazıdırlar. "Bulvarın ən "bərkgedən” yerlərində satışla məşğuldular, amma yenə də razı qalmırlar. Az qalırlar müştəri arxasınca qaçsınlar”, -satıcı söyləyir.

Yerli satıcıların narazı qaldıqları məqamlardan biri də türklərin səsli-küylü olmasıdır. Satıcı deyir ki, sonuncu dəfə dağda çobanı səsləyəndə bu qədər bərkdən qışrııb, onların isə bir-biri ilə danışıq tərzi belədir.

"Ərəblər bizdən alış-veriş edirlər, yaxşı ki, çoxarvadlıdılar, hərəsi üçün 4-5 dondurma alırlar, bir günün yer haqqı çıxır”-satıcı deyir.

"28 May” ətrafında da kahramanmaraşlılar

Satıcıdan öyrənirik ki, metronun "28 May” stansiyasının yaxınlığında da "maraş” dondurmasının satışına başlanılıb. Satıcı deyir ki, hələlik şou göstərməklə müştəri cəlb etməyə çalışır, ortama öyrənəndən sonra ətrafdakı dondurma köşklərinin satıcıları da onun müştərisi olacaqlar. Çünki dondurmasının keyfiyyətinə, bir də özünün satıcı kimi bacarığına inanır.

Türkiyəli dondurma ustalarını Bakıya gətirən türk şirkəti ilə bağlı hər hansı məlumat əldə edə bilmədik. Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Elmir Bağırov isə ölkədə olmadığını, mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət gördü. Mətbuat xidmətindən isə bildirdilər ki, bu məsələ kommersiya sirridir. İdarənin elektron ünvanına rəsmi sorğu göndərəndən sonra araşdırılaraq cavablandırılacaq.

Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook